Biz müharibəni təkcə döyüş meydanında yox, informasiya cəbhəsində də udduq Biz müharibəni təkcə döyüş meydanında yox, informasiya cəbhəsində də udduq
  • Tribuna
  • 11 May 2021 10:37
  •  15 164

Prezident sərkərdə, media döyüşçü oldu - Xain Əlizadə informasiya cəbhəsindəki qələbəmizi niyə həzm edə bilmir?

Biz müharibəni təkcə döyüş meydanında yox, informasiya cəbhəsində də udduq

İnformasiya cəbhəsi bütün müharibələrin həlledici tərəflərindən biridir. Döyüşü qazanan bu cəbhədə məğlub olursa, qələbə də yarımçıq olur. Bunu yaxşı bilən Prezident İlham Əliyev Vətən müharibəsini bütün cəbhələrdə eyni əzmkarlıqla həyata keçirdi və bu döyüşdə ölkənin liderinin arxasında Azərbaycan mediası addım-addım irəliləyirdi. Belə demək mümkünsə, Azərbaycan əsgərini döyüş cəbhəsində arxasınca aparan Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini də informasiya cəbhəsində arxasınca apardı. Nəticə danılmazdır, Azərbaycan informasiya müharibəsinin də qalibi oldu və bu qələbənin əldə edən komandan Prezident İlham Əliyev, ordu isə Azərbaycan mediasıdır.

Təəssüf ki, bu gün müzəffər Azərbaycan Ordusunun cəbhədəki qələbəsinə kölgə salmaq istəyənlər olduğu kimi, Azərbaycan mediasının informasiya cəbhəsindəki qələbəsinə də ağız büzənlər tapılır. Səbəb məlumdur, kimlərsə yenə görülən ümumi işin müsbət nəticələrini, əldə olunan qələbəni həzm edə bilmirlər.

Zərdüşt Əlizadənin “Meydan TV”-də yayımladığı məqaləsinin də qələbəmizi həzm etməyə çətinlik çəkməsinin məhsulu olaraq açıq görünür.

Zərdüşt Əlizadə iddia edir ki, Vətən müharibəsinin informasiya cəbhəsində “milli jurnalistikamız ağır məğlubiyyətə” düçar oldu. Söhbət hansı məğlubiyyətdən gedir? Ermənistanda belə “biz Azərbaycana informasiya müharibəsində də məğlub olduq” etirafları, qurduqları “yas məclisləri” fonunda milli jurnalistikamız haqda belə iddialara ən yaxşı halda qərəzli deyib keçmək olardı, lakin hər şeyə yenidən nəzər yetirmək, ən azı bilməyənlərə məsələnin gerçək üzünü göstərmək, görmək istəməyənlərə bəzi nüansları xatırlatmaq ehtiyacı var...

İnformasiya müharibəsində döyüş milli jurnalistikamız oldu, bu orduya rəhbərlik edən isə Prezident İlham Əliyev.

Müharibədən öncəki dövrə, erməni baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdiyi zamana ekskurs edək.

Paşinyan bu bəyanatı verdikdən sonra Azərbaycan Prezidenti heç bir reaksiya vermədi və lazım olan zamanın yetişməsini gözlədi. Nəhayət, “Valday” Beynəlxalq Klubunun Soçidə keçirilən iclasında Prezident İlham Əliyev o tarixi cavabı səsləndirdi: “Qarabağ Azərbaycandır və Nida”.

Bu, Ermənistana beynəlxalq ictimaiyyətin gözü önündə cavab vermək, Qarabağın Azərbaycan olduğu həqiqətini dünyanın diqqətinə çatdırmaq idi.

Prezident informasiya müharibəsində əsas zərbələrdən birini məhz o zaman vurdu və milli jurnalistikamız istər bu bəyanatın yayımlanmasında, istər daxili, istərsə xarici seqmentdə təbliğ edilməsində mühüm rol oynadı.

Prezident İlham Əliyev komandan kimi hədəfi göstərmiş, milli jurnalistikamız döyüş tapşırığını uğurla yerinə yetirmişdi.

Eyni harmoniyanı və mübarizəni Vətən müharibəsində mütəşəkkil formada gördük. Azərbaycan Prezidenti informasiya müharibəsinə döyüş meydanında orduya komandanlıq etdiyi kimi rəhbərlik edirdi.

2020-ci ilin 27 sentyabrında erməni hərbi birləşmələrinin mülki əhalini atəşə tutmasına cavab olaraq başlanan əks-hücum əməliyyatları zamanı erməni diasporu yalan maşınını yenidən işə salsa da hədəflərinə nail ola bilmədilər. Çünki Preziddent İlham Əliyev əməliyyatlar başlanmamışdan öncə və sonra gerçəyi dünyaya çatdırmaq üçün önəmli addımlar atmışdı...

Ötən ilin iyul ayında erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu həyata keçirdi, daha sonra Azərbaycanı “hücum edən tərəf” kimi təqdim etməyə çalışdılar. Bu oyun baş tutmadı və Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Dünyaya göstərildi ki, Tovuzda hücum edən Ermənistan yenidən təxribatlara hazırlaşır.

Prezidentin dedikləri sentyabrın 27-də təsdiqini tapdı. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı növbəti terror hücumlarına başladılar, lakin bu dəfə Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə təmas xəttini darmadağın etdi, 30 ilə yaxındır davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyuldu. Ordumuz düşməni torpaqlarımızdan qovduğu vaxt milli jurnalistikamız da Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya cəbhəsində Vətən savaşı aparırdı. Döyüş meydanında düşməni məğlub edən Ali Baş Komandan informasiya müharibəsində də Azərbaycanı qalib etdi.

Əməliyyatların başladığı müddətdən etibarən Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarında, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, “Qlobal Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziyalarına mütəmadi müsahibələr verir, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın haqlı mövqeyini ciddi arqumentlərlə əsaslandırırdı.

Hər biri hadisə olan bu müsahibələrin daxili auditoriyada geniş yayımlanması, təbliğ olunmasını həyata keçirən mediamız müharibə və erməni işğalı haqda həqiqətlərin dünyaya çatdırılması, informasiya cəbhəsində düşmənin yalanlarının ifşa edilməsi işinə də mühüm töhvə verdi.

Təbii ki, milli jurnalistikamızın bu döyüşdə uğur qazanması ona sərkərdəlik edən Prezident İlham Əliyevin düşünülmüş addımları, əzmkarlığı və liderlik qabiliyyətinin nəticəsi idi. Ordumuz cəbhədə döyüşərkən, mediamız da informasiya cəbhəsində döyüşdü və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər iki cəbhənin qalibi oldu.

Bu qələbəyə heç kim kölgə sala bilməz, kölgə salmaq cəhdləri də elə cəhd olaraq qalacaq. Yaxşı olar ki, Zərdüşt Əlizadə Ermənistanda informasiya müharibəsi haqda deyilənlərə və bu müharibədə qazandığımız qələbəyə kölgə salmaq cəhdi olan məqaləsini yayımladığı “Meydan TV”-dən ermənilərin necə istifadə etdiklərinə baxsın.

Ermənistanda Azərbaycanın informasiya müharibəsində də qalib gəldiyini etiraf edirlər. Misal üçün, ermənilərin məşhur informasiya təhlükəsizliyi məsələləri üzrə eksperti Samvel Martirosyanı açıq şəkildə informasiya müharibəsini uduzduqlarını dəfələrlə dilə gətirib.

Zərdüşt Əlizadənin tribuna olaraq seçdiyi “Meydan TV”-ni Ermənistanda Azərbaycana qarşı informasiya müharibəsində mənbə olaraq istifadə edirlər. Bir neçə nümunə gerçəyi anlamağa yetərlidir.

Ötən ilin oktyabr ayının ortalarında, döyüşlərin ən qızğın vaxtında “Meydan TV” yazırdı: “Müharibədə itkilər artır, Azərbayanda isə insanlar “eyforiyada yaşayır”, “prezidentin azad edilmiş torpaqlarla bağlı növbəti müraciətini dördgözlə gözləyirlər”.

Yaxud “müharibə hakimiyyətin oyunudur” kimi Ermənistanda səslənən ittihamlara sinxron iddialar yayır, cəmiyyəti çaşdırmağa, milli ruhu öldürməyə çalışırdı. Nikol Paşinyan Azərbaycanı “humanitar atəşkəsi pozmaqda” ittiham edirdi, “Meydan TV” yazırdı ki, “...Ermənistan və Azərbaycan arasında imzalanmış humanitar atəşkəs sazişinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara davam etdiyini deyib”.

Belə faktlar kifayət qədərdir və təsadüfi deyil ki, “Meydan TV”-ni mənbə olaraq görən Ermənistan 44 günlük müharibədə də Azərbaycana qarşı bu resursdan yetərincə yararlandı.

İndi Zərdüşt Əlizadə Prezidentin və milli jurnalistikamızın informasiya müharibəsindəki qələbəsinə kölgə salmazadan öncə, tribuna olaraq seçdiyi resursa və Ermənistana baxsa, bəlkə gerçəkləri daha açıq görə bilər. Doğrudan da əgər bunu görmək istəyirsə...

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru