Cənubi Qafqazda yaradılmış yeni reallıq dünyada qəbul edilir

"Beynəlxalq ictimaiyyətin və aparıcı beynəlxalq təşkilatların formalaşmış yeni reallıqları görməsi və qəbul etməsi vacib idi"

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız Qələbədən keçən ilyarım vaxt ərzində Azərbaycanın beynəlxalq aləmdəki reytinqi xeyli yüksəlib və mövqeyi daha da möhkəmlənib. İndi Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Bu Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Hazırda regionda yeni mərhələ başlayıb. Eyni zamanda, bu şanlı Qələbə əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə qazandığı nailiyyətlər, həmçinin diplomatik uğurlar dayanır. Ötən həftə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bu məsələlər barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyevin konfransdakı çıxışı beynəlxalq aləmdə böyük maraqla izlənildi.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, Vətən müharibəsində Qələbənin qazanılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizənin məntiqi nəticəsidir. Dövlətimizin başçısının bu istiqamətdə apardığı uğurlu xarici siyasət ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlət və etibarlı tərəfdaş qazandırıb. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaq Prezident İlham Əliyevin siyasətinin prioritetini təşkil edib. Məhz bunun nəticəsi olaraq, Ermənistan üzərində qazandığımız parlaq Qələbədən sonra dünyanın müxtəlif ölkələrinin rəhbərlərindən Prezident İlham Əliyevə çoxsaylı təbrik teleqramları ünvanlandı. Artıq Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Şanlı Qələbəmizdən sonra həm işğaldan azad edilmiş Şuşa şəhərində, həm də Bakıda beynəlxalq konfransların keçirilməsi dünyada ölkəmizə olan inam və etimadın bariz nümunəsidir. Ötən həftə beynəlxalq əhəmiyyətli tədbirlərdən biri ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirildi. Bu konfransda Ermənistanla sülh sazişinin imzalanmasının məqsədi tam aydın şəkildə ifadə edildi.

Ç.Qənizadə həm Bakıda, həm də işğaldan azad edilmiş Şuşada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək deyib ki, tədbir iştirakçıları bölgədə erməni faşistlərinin törətdikləri barbarlığın nəticələri, eyni zamanda, burada geniş vüsət almış yenidənqurma, abadlıq, tikinti-bərpa işləri ilə yaxından tanış olublar. “Konfrans iştirakçılarının - 23 ölkədən gəlmiş 40 nümayəndənin əvvəlcə Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etməsi, yolboyu işğaldan azad edilmiş Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən 8 ay ərzində tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı və Zəfər yolu ilə tanış olmaları qonaqlarda Azərbaycanın qüdrətli dövlət olması barədə tam təəssürat yaratdı. Səfər zamanı qonaqlar, həmçinin ermənilərin törətdikləri vəhşiliklərin də şahidi oldular”.

Komitə sədri bildirib ki, tədbir iştirakçıları Şuşadan xoş təəssüratla qayıdıblar. Bu, konfransda səsləndirilən fikirlərdə də öz əksini tapdı. Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar da bunu təsdiqlədi. Ç.Qənizadə vurğulayıb ki, konfrans iştirakçılarının şahidi olduqları mənzərələr ölkəmizin 30 illik işğal ərzində çəkdiyi əziyyətlərin ən yaxşı təzahürüdür. Qonaqlar, həmçinin bu müddət ərzində beynəlxalq konvensiyaların Ermənistan tərəfindən kobud şəkildə pozulmasına dünya birliyinin laqeyd münasibətinin də şahidi oldular.

“Dövlətimizin başçısı ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürünü bildirdi. Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bunun maraqlı səfər olduğunu diqqətə çatdıran dövlət başçımız bütün görüntülərin 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı nümunəsi olduğunu dedi. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”, - deyə Ç.Qənizadə vurğulayıb.

Hüquq müdafiəçisi əlavə edib ki, konfransda Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarımız barədə də məlumat verildi. Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, genişmiqyaslı planlar büdcəmizdən ayrılan vəsaitlər hesabına icra edilir. O cümlədən bir sıra beynəlxalq şirkətlər də bu işdə fəallıq göstərirlər. Qarşıya qoyulan prioritet vəzifələrdən biri də müharibədən sonra yaranmış yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir. Beynəlxalq ictimaiyyətin və aparıcı beynəlxalq təşkilatların formalaşmış yeni reallıqları görməsi və qəbul etməsi vacib idi.

Digər mühüm vəzifə isə Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməkdən ibarətdir. Belə konfranslar bu işlərdə mühüm əhəmiyyət kəsb edir.

Ç.Qənizadə sonda bildirib: “Konfrans iştirakçıları şahidi oldular ki, biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik. Qafqazda sülhə töhfə vermək üçün bütün imkanlardan istifadə edirik. Tədbirdə diqqətçəkən məqamlardan biri də dövlətimizin başçısının ona ünvanlanmış suallara tarixi faktlarla cavab verməsi oldu. Prezident qəti şəkildə bildirdi ki, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”.