“Onlar özləri də bilirlər ki, bu iddiaları gülməlidir” - Sahib Alıyev

Biz yaxın günlərdə bu reallığın fərqli, daha anlaşılan şəkildə sərgilənəcəyini də görəcəyik

Gözlənildiyi kimi də oldu. Brüssel görüşü başa çatar-çatmaz Ermənistandakı sülh əleyhdarları, daha dəqiqi hara bağlılıqları sirr olmayanlar cənab İlham Əliyevlə Paşinyan arasında imzalanacaq hər hansı bir sənədi tanımayacaqlarını bildirdilər. Səbəb kimi isə o gətirilir ki, Paşinyanın yeritdiyi siyasət “Arsaxın itirilməsinə, Hayastanın dövlət kimi məhvinə” aparır.
Yəqin onlar özləri də bilirlər ki, bu iddiaları yumşaq desək, gülməlidir. Çünki kim də olmasa, baş etirazçılar, yəni Köçəryan-Sərkisyan cütlüyü hayların heç bir dövlətinin olmadığının yaxşı fərqindədirlər. Fərqindədirlər ki, Ermənistan dövlət deyil, Rusiya Dumasının keçmiş sədri Boris Qrızlovun İrəvanda vurğuladığı kimi forpostdur. “Arsaxın itirilməsi” məsələsinə gəldikdə isə burada nəsə izah etməyin özü belə artıqdır.
Əlbəttə, hər kəsə aydındır ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolundakı hissəsində yaşayanlar arasında Brüssel danışıqlarından narazılıqlarını bildirənlər də, Ermənistandakı etirazçılar da öz sözlərini demirlər. Hər kəsə o da aydındır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nə üçün Brüssel görüşünün səhəri günü Ceyhun Bayramovla Ararat Mirzoyana zəng etmək ehtiyacı duymuşdu.
Brüsseldəki növbəti razılaşmanın ardından Ermənistanda nələrin yaşanacağını, Paşinyana kimlərin və necə təzyiq göstərəcəyini Avropa Birliyi rəhbərliyi də ən azından orada bundan öncəki görüşlərdən sonra baş verənlərin acı təcrübəsindən yaxşı anlayırlar. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozep Borrelin sözü gedən görüşlə bağlı son tvitində “dayanıqlı sülhə doğru konkret addımlar”ın atılmalı olduğunu qabartması, Azərbacayn Prezidenti və Ermənistan baş naziri arasında keçiriləcək növbəti danışıqların vaxtının öncədən açıqlanması faktları da elə bundan xəbər veirir.
Brüssel iyul-avqustadək mayın 22-də razılaşdırılmış məsələlər ətrafında konkret addımlar atılmasını istəyir. Yəni Avropa Birliyi də rəsmi Bakı kimi Minsk qrupu həmsədrlərindən miras qalmış və yenə sürdürülməsinə cəhd edilən danışıqlar xatirinə danışıqlar praktikasına son qoyulmasına çalışır.
Bütün bunların fonunda fikrimcə, ən diqqət çəkən və önəmli məqam cənab İlham Əliyevin dünən sayın Rəcəb Tayyib Ərdoğana zəng edərək Brüsseldə keçirilən son görüşün detalları haqda onu məlumatlandırmasıdır.
Artıq xəbər verilib-Türkiyə Prezidentinin yaxın günlərdə Azərbaycana səfəri gözlənilir. Ona görə də mən bu zəngin Brüssel danışıqları haqda operativ fikir bölüşməkdən daha çox regiondakı yeni geosiyasi reallığı və konfiqurasiyanı ilk növbədə də onu həzm etmək istəməyənlərə bir daha xatırlatmaq məqsədilə olunduğu düşüncəsindəyəm. Və mənə elə gəlir ki, biz yaxın günlərdə bu reallığın fərqli, daha anlaşılan şəkildə sərgilənəcəyini də görəcəyik.

Sahib Alıyev

Millət vəkili