Sizdən bir pedaqoq və bir insan kimi çox şeylər öyrəndim Sizdən bir pedaqoq və bir insan kimi çox şeylər öyrəndim
  • Tribuna
  • 30 May 2022 16:58
  •  20 863

Səlidar müəllim! - Zemfira Məmmədovanın məqaləsi

Sizdən bir pedaqoq və bir insan kimi çox şeylər öyrəndim

İnsan yaşadığı ömrün hər gününü faydalı əməyə sərf edəndə ömür gözəlləşir. Həyatının mənasını xalqa xeyir verə biləcək səmərəli işdə axtaran insanlar isə müqəddəs insanlardır. Səlidar müəllim də belələrindən idi...

Səlidar müəllim şanlı bir nəslin müdrik nümayəndəsi, hamının hər zaman şəxsiyyətinə hörmət etdiyi qocaman maarif işçisi olub. İki ali məktəb bitirmiş, uzun müddət dövlət orqanlarında çalışan, çox geniş dünyagörüşünə malik olan bu ziyalı ömrünün 30 ilini də müəllimliyə həsr edib. 30 il Biləcəri 3 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Bu nəcib insan harada işləməsindən asılı olmayaraq, hər zaman haqqın, ədalətin keşiyində durmuş, həmişə öz qürurunu, əzmini çox-çox yüksəklərdə qoruyub saxlaya bilmişdi. Səlidar müəllim hər zaman bütün hərəkət və davranışları xeyirxah əməlləri, yüksək mədəniyyəti ilə cəmiyyətə nümunə olub.

Ömrünün erkən çağlarından həyatın ağır, keşməkeşli yolları ilə üzbəüz qalan bu insan üçün ideyasız, məqsədsiz yaşamaq bəsit bir insan ömründən başqa bir şey deyildi. Direktoru olduğu məktəbdə keçirilən tədbirlərdən birində dedikləri fikirləri çatdırmaq bu məqamda məncə yerinə düşür:’’... 1988-ci il hadisələri məni bir ziyalı kimi çox narahat etdi. Erməni vəhşətindən dolayı Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Bu qədim Oğuz torpaqlarından gələn soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə səpələndilər. Onların çoxunu yurd həsrəti, vətən dərdi öldürdü. Soydaşlarımızın başına gələn müsibətlər, itirilən yurd yerləri qəlbimi göynətdi. Daha sonra 20 Yanvar faciəsi, Xocalı soyqırımı faciəsi məni sarsıtdı. Bunlar hamımızın, xalqımızın ümümi dərdidir. Amma mənə elə gəlir ki, ah-uf etmək, öz içində dərd çəkmək o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli odur ki, hər kəs özündə təpər, qeyrət tapıb Vətən üçün, Xalq üçün bacardığı bir işin qulpundan yapışsın. Elə bir iş görsün ki, hamı üçün faydalı olsun....”

Keçdiyi həyat yolunun təcrübəsinin nəticəsi, qürbət yurdun həsrəti, Vətən ağrısının hər zaman sızlayan göynərtisi və ən nəhayət ziyalı idrakı, həyatının müdriklik çağında Səlidar müəllimi xeyli zəhmətdən sonra direktoru olduğu məktəbdə ‘’Tarixi Yaddaş’’ müzeyinin gerçəkləşdirməsinə gətirib çıxardı. Çox böyük zəhmət, əzm və iradə ilə başa gələn bu muzeydə yüzlərlə arxiv materialları müxtəlif eksponatlar toplandı. Gənc nəslin mənəvi və vətənpərvərlik tərbiyəsində bu muzeyin rolu çox böyük əhəmiyyət kəsb etdi. Bu muzeyin açılışı o zaman üçün orta məktəb tarixində çox əlamətdar bir hadisə oldu ...

Səlidar müəllim həyatda qarşıya qoyduğu hansı məqsədə doğru gedirdisə, bu məqsədin reallaşma anlarının doğurduğu məmnunluq hissini yaşaya-yaşaya, zövq ala-ala çalışırdı. Səlidar müəllim heç zaman dayanmırdı, həyatla bərabər, irəliyə doğru gedirdi və bu halından da çox xoşbəxt olan insanlardan idi.

Səlidar müəllim ailəni özündən, Vətənini, elini, obasını ailəsindən üstün tutanlardan idi. O həyatda heç bir zaman şəxsi məqsədlər üçün yaşamayan, ümumi məqsədlər üçün çalışan və çalışdıqca da daha da alicənab olan böyük insanlardan olub.

Dünya nə qədər artsa da inkişaf etsə də bir etibar bir vəfa insanlığın əbədi ehtiyacı olaraq qalır. Həyatda insan üçün ən böyük mükafat onun yaxşı ad qoyub getməsidir. Bu adı isə yaxşı əməllərin müqabilində əldə etmək mümkündür.

Səlidar müəllimin keçdiyi həyat yolu ilə onun miras qoyub getdiyi insanlıq, Vətənə etibar, sədaqət, insanlara xeyirxahlıq, vəfa kimi qiyməti ölçülməyən, qiyməti bilinməyən insani dəyərləri dünyanın ən zəngin xəzinəsindən belə çox-çox zəngin və üstündür.

Səlidar müəllimin keçdiyi həyat yolu ilə yaratdığı qığılcım bu gün də bir çoxlarının ocağını alovlandırır. Onun alovlandırdığı ocağının işığından pay olan övladları, nəvələri, nəticələri hələ çox uzun illər onun qoyub getdiyi mənəviyyat xəzinəsindən bəhrələnəcəklər. Heç də təsadüf deyil ki, bu ocağın işığından nur alan, atasının ömür yolu ona bir həyat dərsi olan, bu gün nəsillərə nümunə olan, istiqlaliyyət uğrunda mübarizə rəmzinə çevrilən, Azərbaycana çox böyük xidmətləri olan Etibar Məmmədov kimi ictimai siyasi xadim məhz Səlidar Məmmədovun oğludur.

Taleyin insana verdiyi bəxşişlərdən biri onun ömür adlı zaman kəsiyində onu gözəl insanlarla rast salması, doğmalaşdırmasıdır. Mən bu gün taleyimə minnətdaram... Nə yaxşı ki, sizi tanıdım, nə yaxşı ki, sizin başçılıq etdiyiniz ailənin üzvlərindən birinə çevrildim. Nə yaxşı ki, həyatımda oldunuz. Sizdən bir pedaqoq və bir insan kimi çox şeylər öyrəndim. Ən əsası isə ömrünüzün ahıl çağında siz mənə ən yüksək müdrikliyin xeyirxahlıq olduğunu öyrətdiniz. Bunun üçün sizə bir ömür boyu minnətdaram.

İnsan xatırlandıqca yaşayar deyirlər. Mərhəmətli ürəyinizlə, səmimi qəlbinizlə, hər zaman həyat dolu baxışlarınızla yaddaşlarda həkk olunub, hələ çox-çox uzun illər xatırlanacaqsınız və yaşayacaqsınız, Səlidar müəllim. 100 yaşınız mübarək böyük insan.

Zemfira Məmmədova