- Tribuna
- 3 İyun 2022 14:02
- 12 710
“Bayden məktubunda iki ölkə arasında münasibətləri dəstəklədiyini bildirir”- Deputat
Vüqar İskəndərov: “Qısa zaman ərzində ABŞ Prezidentinin iki məktubu ölkəmizin dünya səviyyəsində sayılıb-seçilən ölkələrdən olduğuna işarədir”
Milli Məclisin deputatı Vüqar İskəndərov AzNews.az analitik-informasiya portalına açıqlama verib.
Millət vəkili bildirir ki, ABŞ Prezidenti Co Bayden Bakı Enerji Həftəsi ilə bağlı cənab Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin enerji sahəsində gördüyü işləri yüksək qiymətləndirir.
“Bayden ölkəmizin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini, bu rolu olduqca yüksək səviyyədə qiymətləndirdiyini qeyd edir. Bir neçə gün öncə ABŞ Prezidenti müstəqillik günümüzlə bağlı Azərbaycan Prezidentinə məktub ünvanlamışdı. O məktubunda çox önəmli məsələlərə toxunmuşdu. Əsas məğzində ABŞ və Azərbaycana arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyəyə qalxması, bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətdə önəmi, Azərbaycanın qlobal anlamda verdiyi uğurlu həm siyasi, həm iqtisadi dəstəklər və burada Azərbaycanın tutduğu uğurlu mövqe ABŞ Prezidentinin ölkə başçısına ünvanladığı məktubda qeyd olunur.
Əsas məsələ ölkəmizin regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar fonunda cəlbedici ölkə olmasına işarədir.
Azərbaycanın enerji sektorunda çox uğurlu, iqtisadi reallıqları artıq bütün dünyaya bəllidir”.
Vüqar İskəndərov dünyada baş verən siyasi-iqtisadi çaxnaşmalar fonunda Azərbaycanın uğurlu siyasətini, ölkəmizin bütün sahələrdəki inkişafını bir daha ortaya qoymuş olduğunu söyləyir.
“Azərbaycan iştirak etdiyi bütün qlobal layihələrdə təkcə ölkəmizə yox, dünya iqtisadiyyata töhfələr verir.
Co Bayden məktubunda Azərbaycanın alternativ enerji mənbələrini yaradılmasını bu sahədə investisiyaların cəlb edilməsini də yüksək qiymətləndirib. Azərbaycan bu sahədə də yeni strategiya tətbiq edir.
Düşünürəm ki, yaxın zamanda bu kontekstdə də ölkəmizin uğurlarından danışa biləcəyik. ABŞ Prezidenti də məktubunda iki ölkə arasında münasibətləri və bu siyasəti dəstəklədiyini bildirir. Qeyd olunduğu kimi bu münasibət yüksələn xətlə inkişaf edəcək. Burada əsas məsələ Azərbaycan Prezidentinin bu gün düşünülmüş , uğurlu siyasətinin nəticəsidir. Ölkəmizin milli maraqlarını öndə tutaraq qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün lazimi addımların atıldığı ehtiva edilir.
Qısa zaman ərzində ABŞ Prezidentinin iki məktubu ölkəmizin dünya səviyyəsində sayılıb-seçilən ölkələrdən olduğuna işarədir”, - deyə deputat qeyd edib.
Şəbnəm Zahir