Türkiyə Qəzza zolağında vasitəçi və böhranın həlli üçün qarant rolunu oynamağa hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumətlər Zirvə toplantısında bildirib ki, Türkiyə İsrail və Fələstin arasındakı münaqişənin nizamlanması səylərində vasitəçi və təminat rolunu oynamağa hazırdır.

"İsrail, həqiqətən də davamlı sülh istəyirsə, ekspansionist siyasətindən əl çəkməlidir. Fələstin dövləti yaradılmadan [Fələstin probleminin] həlli istiqamətində atılan istənilən addım yarımçıq qalacaq. Bölgəmizdə sülh və əmin-amanlığa aparan yol yarımçıq qalacaq. Problemin həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Biz bu prosesin təminatçısı və vasitəçisi kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq",-deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə indiyədək Qəzza sakinlərinə 34 ton humanitar yardım göndərib və çətin vəziyyətə düşən anklava yardımı davam etdirir. "Qəzza ilə bağlı təşəbbüs göstərən bütün ölkələrə, BMT Təhlükəsizlik Şurasında qətnaməni qəbul edən ölkələrə minnətdaram. Qəzzada axan qanı ən qısa zamanda dayandırmaq lazımdır", - Türkiyə prezidenti bildirib.

Mövsüm

Aznews.az