Türkiyə və Misir prezidentləri Qəzzada dərhal atəşkəsə çağırıb

Türkiyə və Misir Qəzza zolağında dərhal atəşkəs əldə etməyə, eləcə də onun sakinlərinə humanitar yardımın maneəsiz çatdırılmasına çağırır.

Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.

"Türkiyə prezidenti ilə apardığımız danışıqlarda biz Qəzza zolağında dərhal atəşkəs və anklav sakinlərinə lazımi humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini bir daha təsdiqlədik", - Misir prezidenti əl-Qahirə əl-Əxbariyyə telekanalının efirində bildirib.

Bu arada Ərdoğan bildirib ki, Türkiyə və Misir İsrail-Fələstin münaqişəsi həll olunan kimi Qəzzanın yenidən qurulması üzərində işə başlaya bilər.

"Danışıqlarımızda Qəzza vəziyyəti üstünlük təşkil etdi. Biz təcili atəşkəs və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını prioritet hesab edirik. <…> Qəzzada axan qana son qoymaq üçün misirli qardaşlarımızla əməkdaşlığı davam etdirəcəyik. Misirlə yanaşı, biz də Qəzzanın yenidən qurulmasında iştirak etmək üçün hazırıq”, - deyə Ərdoğan bildirib.

Mövsüm

Aznews.az