İmamoğlunun "diplom işi": İddianamə hazırdır!

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlu barəsində "saxta diplom" ittihamı ilə istintaq tamamlandı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu barəsində "rəsmi sənədlərdə saxtakarlıq" iddiası ilə başlanan istintaq tamamlanıb. Yeni Şafak portalının yaydığı məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə İmamoğlu haqqında 2 il 6 aydan 8 il 9 aya qədər həbs və siyasi fəaliyyət qadağası istənilir.

İddianamədə bildirilir ki, İmamoğlu 1990-cı illərdə Şimali Kiprdəki Girnə Amerika Universitetindən aldığı sənədlərlə İstanbul Universitetinə keçid edib. Lakin araşdırmalar nəticəsində həmin dövrdə bu universitetin Türkiyədə ali təhsil müəssisəsi kimi tanınmadığı, buna baxmayaraq sənədlərin qəbul edildiyi məlum olub. İstintaq orqanları qeyd edir ki, sənədlərin əsassız şəkildə etibarlı sayılması nəticəsində İmamoğlu həm magistr təhsili alıb, həm də bu diplom əsasında müxtəlif qurumlara – o cümlədən YSK-ya (Ali Seçki Qurulu) rəsmi müraciətlər təqdim edib.

İttihamnamədə “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” maddəsi üzrə məsuliyyət nəzərdə tutulub. Prokurorluq qeyd edir ki, saxta sənədlər təkcə təhsil prosesində deyil, sonrakı mərhələlərdə də istifadə olunub və bu, hüquqi məsuliyyət doğurur.

Hazırda sənəd məhkəməyə təqdim olunub və prossesin yaxın günlərdə başlanacağı gözlənilir.

Qeyd edək ki, Ekrem İmamoğlu bu ilin əvvəlindən bəri müxtəlif hüquqi və siyasi təzyiqlərlə üzləşir. Müxalif çevrələr bu cür istintaqları siyasi motivli hesab edir və İmamoğlunun qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biri olacağı təqdirdə siyasi rəqabətin məhdudlaşdırıldığını iddia edirlər.

AzNews.az