• Qərb
  • 21 Yanvar 2019 12:32
  •  467

Tereza Mey “B planı”nı işə salır

Tereza Mey “B planı”nı parlamentə təqdim edəcək.

Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı parlamentə təqdim edəcək.

“The Sunday Times” qəzetinin verdiyi xəbərə görə, bu gün parlamentdə çıxış edəcək Mey deputatlara izah etməyə çalışacaq ki, Britaniyanın Aİ-dən rəsmi ayrılmasına 2 aydan bir qədər çox qalmış müddətdə “Brexit” danışıqlarını dalandan çıxarmaq üçün hökumət hansı adımları atmaq niyyətindədir.

Lakin qeyd olunur ki, “B planı”nın məzmunu indiyədək sirr olaraq qalır. Bununla belə, Britaniya KİV-ləri yazırlar ki, Şimali İrlandiya ilə sərhəd rejiminin gələcəyini həll etmək üçün London Dublinlə ayrıca ikitərəfli müqavilə imzalaya bilər. “Sky News” telekanalının mənbəsi isə bu ehtimalın sıfra bərabər olduğunu bildirib.

Britaniyanın ümumiyyətlə Aİ-dən çıxmasına qarşı olan deputatların “B planı”na yanaşması da maraq doğuran məqamlar sırasındadır. Onların Meyin yeni təkliflərinə razı olub-olmayacaqları bilinmir.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün “yaşıl işıq” yanıb.

Azvision.az xatırladır ki, Britaniya parlamentinin 10 yanvarda qəbul etdiyi qanun dəyişikliyinə əsasən isə, baş nazir Tereza Meyin rəhbərlik etdiyi hökumət “Brexit” səsverməsindən sonrakı 3 iş günü ərzində parlamentə alternativ “B planı” təqdim etməlidir. Bunun üçün Britaniya hökuməti parlament fraksiyaları ilə məsləhətləşmələr aparıb. Bu məsləhətləşmələrdə iştirakdan yalnız müxalif Leyboristlər partiyası imtina edib.

Onlar hesab edirlər ki, Mey hökuməti Britaniyanı idarə etməyə və ölkəni əlverişli şərtlərlə İttifaqdan ayırmağa qadir deyil.(virtualaz.org)

© AzNews.az