Tramp qanunvericilərə müqavimət göstərə biləcəkmi? Tramp qanunvericilərə müqavimət göstərə biləcəkmi?
  • Qərb
  • 20 İyul 2019 10:06
  •  3 285

ABŞ Konqresi Türkiyəyə qarşı hərəkətə keçir

Tramp qanunvericilərə müqavimət göstərə biləcəkmi?

Xəbər verdiyimiz kimi, ABŞ Müdafiə Nazirliyi Türkiyənin F-35 döyüş təyyarələri proqramında iştirakını dayandırıb. Pentaqon bu qərarı Rusiyadan S-400 zenit-raket kompleksi alması ilə əsaslandırıb. ABŞ Müdafiə Nazirliyinin Satınalma və Təmir İşləri üzrə rəsmisi Ellen Lord bildirib ki, bu qərar “geridönməz” deyil, əgər Ankara S-400 mövzusunda mövqeyini dəyişdirərsə, yenidən proqrama qatılması müzakirə oluna bilər.

Eyni zamanda, o hazırda ABŞ-da olan və F-35 təlimlərində iştirak edən Türkiyə hərbi pilotlarının geri göndərilmə mərhələsində olduğunu deyib.

Bu qərar hazırda Qərb mediasında ciddi müzakirə mövzusuna çevrilib. Britaniyanın “Times” qəzeti yazıb ki, Türkiyənin S-400 HHM sistemləri alması Ankaranın NATO üzvlüyünü təhlükəyə ata bilər. Qəzet yazır ki, NATO hərəkətə keçməli, ancaq strateji əhəmiyyət kəsb edən ölkə olaraq Türkiyə ilə münasibətlərin pozulmaması üçün diqqətli addımlar atılması lazım olduğunu da əlavə edib.

Türkiye F-35 ile ilgili görsel sonucu

Qeyd edək ki, Türkiyə F-35 layihəsinin üzvüdür. Bu səbəbdən də Ankaranın layihədən çıxarılması 9 milyardlıq ziyana səbəb ola bilər. Lakin Qərb mənbələri Trampın Yaponiya səfəri zamanı bu ölkəyə Türkiyənin alacağı sayda, yəni 100-ə yaxın F-35 satılması ilə bağlı müqavilə imzalanıb. Mütəxəssislər hesab edirlər ki, Türkiyənin proqramdan çıxmasından yarana biləcək zərərləri Yaponiyaya satışla aradan qaldırmaq mümkün olacaq. Ümumilikdə isə Türkiyənin proqramdan çıxması Vaşinqtona 500-600 milyon dollar dəyərində zərər vuracaq.

Türkiyənin Müdafiə naziri Hulusi Akar isə deyib ki, Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək. Nazir deyib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılması qanunsuz səbəblərə söykənir.

Ancaq ən maraqlı açıqlama ABŞ prezidenti Trampdan gəlib. Donald Tramp deyib ki, S-400 mövzusu ilə bağlı Türkiyəyə sanksiya tətbiq olunması haqqında düşünmür.

Xatırladaq ki, bu həftənin əvvəlində prezident Tramp Türkiyənin Rusiyadan S-400-ləri almasına münasibət bildirib. ABŞ prezidenti deyib ki, S-400-lərə rəğmən Türkiyə ilə münasibətlər yaxşıdır. Eyni zamanda, Tramp Türkiyəyə “Patriot” sistemlərinin satılmamasına görə əvvəlki kabineti ittiham edib, dolayısı ilə bu problemlərə görə Obama administrasiyasını günahlandırıb.

Rik Skott və Todd Yunq Senata ile ilgili görsel sonucu

Ötən gün məlum olub ki, ABŞ Konqresinin iki respublikaçı senatoru Rik Skott və Todd Yunq Senata Türkiyəyə embarqo təklif edən qanun layihəsi təqdim edib. “Reuters”in əldə etdiyi qanun layihəsində Türkiyənin S-400 alması “ABŞ-ın təhlükəsizlik hüququna birbaşa və böyük təhdid” olaraq qeyd olunub. Bu qərar Senatda təsdiqlənərsə, o zaman Türkiyəyə qarşı “ABŞ-ın rəqibləri ilə sanksiyalarla mübarizə qanunu” (CAATSA) çərçivəsində sanksiyaların tamamən tətbiq olunması gündəmə gələ bilər. Respublikaçı senator bundan başqa Tramp administrasiyasına “Rusiyanın yaratdığı təhdidin dəyərləndirilməsi və Türkiyənin daimi NATO üzvlüyünün gözdən keçirilməsi üçün NATO sammiti çağırmasını” təklif edir.

BBC-nin məlumatına görə, ABŞ Senatının xarici əlaqələr komitəsinin demokrat üzvü Bob Memendez də bu layihəni dəstəkləyib. Memnendez Türkiyənin F-35 layihəsindən çıxarılmasının yetərli olmadığını bildirib. Senator deyib ki, Tramp CAATSA qanunu rədd edərsə, Türkiyəyə qarşı ABŞ hökumətinin sanksiya tətbiq etməsi üçün yeni qanun layihəsi hazırlayacaq.

Medianın ehtimalına görə, bu baş verərsə, Tramp üzərində ciddi təzyiq yarana bilər. Bundan başqa respublikaçı senator Skottun təklifində prezident Ərdoğan ölkəni avtoritarizmə sürükləmək, insan haqlarını tapdamaqda ittiham olunur. Eyni zamanda Türkiyənin radikal islamçı militanlarla eyni cərgədə dayanaraq ABŞ-ın müttəfiqi İsraili təhrik etdiyi qeyd olunur.

Qeyd edək ki, 2017-ci ildə o zaman sağ olan senator Con Makkeyn prezident Trampa müraciət edərək ABŞ-ın “Rəqiblərlə sanksiyalar vasitəsilə mübarizə” Qanunu çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını istəyib. “ABŞ-ın rəqibləri ilə sanksiyalarla mübarizə qanunu” (CAATSA) 2017-ci ildə qəbul olunub və bu günə qədər Rusiya, İran, Şimali Koreya kimi ölkələrə qarşı sanksiya qəbul olunmasında istifadə edilib. Bundan başqa ötən il CAATSA çərçivəsində bir Çin şirkətinə də sanksiya tətbiq olunub.

Türkiyə 2017-ci ildə Rusiya ilə əldə olunmuş razılaşmaya əsasən bu ölkədən 4 ədəd S-400 HHM batareyası alacaq. Layihənin dəyəri 2,5 milyard dollardır. Artıq ötən həftənin cümə günündən etibarən Rusiyadan S-400 hissələri Türkiyəyə daşınmağa başlayıb. Zenit qurğuların texniki hissələri təyyarələrlə daşınıb, raketlər isə dəniz vasitəsilə Türkiyəyə gətiriləcək. Ancaq bu hadisə Qərbdə, xüsusən də Türkiyənin NATO müttəfiqi ABŞ-da ciddi narazılıq doğurub. Vaşinqton S-400-lərin NATO hava hücumundan müdafiə sisteminə inteqrasiya olmadığı, həmçinin yeni nəsil F-35 qırıcılarının texniki xarakteristikasını oğurlaya biləcəyini əsas gətirərək Ankaranı bu qərardan çəkindirməyə çalışıb. İndi isə artıq F-35-lərin satışını dayandırıb. Türkiyə isə 2002-ci ildən F-35 layihəsinin üzvüdür. Anlaşmaya əsasən 9 milyard dollar qarşılığında Ankara 100-dən artıq F-35 təyyarəsi alacaq.

Son günlərə qədər hiss olunurdu ki, Türkiyə rəhbərliyi bu məsələdə Trampla danışıb və ABŞ prezidentini razı sala bilib. Ancaq indi görünür ki, Konqres daha sərt mövqe nümayiş etdirir və Trampı hüquqi yollarla Türkiyəyə təzyiqə vadar etməyə çalışır. Bu isə Ankara-Vaşinqton əlaqələrini daha da gərə bilər. Bu mənada indi hər şey Trampın Konqresə müqavimət gücündən asılı olacaq. (Musavat.com)