• Qərb
  • 25 Dekabr 2019 09:00

Ağ Evin qarşısında “Milli Milad yolkası” ucaldıldı

Yolkanı görmək üçün hər ilin dekabr ayında əraziyə minlərlə yerli və əcnəbi turist gəlir

ABŞ-da keçirilən Milad və Yeni il bayramları ilə əlaqədar, Ağ Evin qarşısında yerləşən Ellips parkında “Milli Milad yolkası” ucaldılıb.

İlk dəfə Ağ Evin qarşısında “Milli Milad yolkası”nın əkmək təşəbbüsünü ABŞ-ın 30-cu Prezidenti Kalvin Kulicin (1923-1929) həyat yoldaşı –Qreys Kulic irəli sürüb. 1923-cü ilin noyabrından başlayaraq Ağ Evin qarşısında hündür yolkanın bəzədilməsi ABŞ Administrasiyasının ənənəsinə çevrilib. 1954-cü ildən etibarən hər il hündürlüyü 15 metr olan əsas yolkanın ətrafında onlarca kiçik yolkalar əkilir. Bunlar ABŞ-ın 50 ştatının, Kolumbiya dairəsinin və ölkənin hüdudlarından kənarda ABŞ ərazilərinin rəmzidir.

Yolkanın ucalması və bir ay ərzində Ellips parkın ərazisində saxlanması tədbirlərinə “Sülhün rəmzi” adı verilib. Yolkanın ətrafında, kiçik yolkaların yanından keçən piyada yoluna isə “Barış yolu” adı verilib. Bu ənənə İkinci Dünya müharibəsindən sonra qəbul olunub.

Yolkanı görmək üçün hər ilin dekabr ayında əraziyə minlərlə yerli və əcnəbi turist gəlir.

Qeyd edək, ki dekabrın 22-də Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Milli Park Xidməti və Prezident Parkının dəstəyi ilə Ağ evin qarşısında, Ellips parkında yerləşən “Milli Milad yolkasının” yanında Yeni il musiqi şənliyində çıxış ediblər.

AzNews.az