NATO-da ilin ilk müdafiə nazirləri toplantısı başlayıb

NATO-ya üzv 32 ölkənin müdafiə nazirlərini bir araya gətirən ilin ilk Müdafiə Nazirləri Toplantısı başlayıb.

Toplantının açılışında çıxış edən NATO-nun Baş katibi Mark Rutte bildirib ki, müzakirələrdə alyansın çəkindirmə və müdafiə imkanlarının daha da gücləndirilməsi və uyğunlaşdırılması, həmçinin Ukraynaya dəstəyin davam etdirilməsi məsələləri əsas yer tutacaq.

Rutte müttəfiq ölkələrin müdafiə xərclərində əhəmiyyətli artımların müşahidə olunduğunu qeyd edərək, toplantıda NATO-nun müdafiə mövqeyinin möhkəmləndirilməsinin də müzakirə ediləcəyini vurğulayıb.

Baş katib, həmçinin alyans üzrə müdafiə sənayesi bazasının gücləndirilməsinə yönəlmiş səylərin dəyərləndiriləcəyini bildirib. Onun sözlərinə görə, bu addımlar cənubdan şimala və Arktika bölgəsinə, şərqdən qərbə qədər bütün alyans məkanında ümumi təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.

Rutte NATO-nun çəkindirmə və müdafiə sahəsində daim hazır vəziyyətdə olduğunu xatırladaraq, Rusiyanın artan hərbi fəallığı və Çinin Yüksək Şimala artan marağı fonunda “Arktik Növbətçiliyi” təşəbbüsünün başladıldığını qeyd edib.

Toplantıda 2025-ci ildə Haaqada keçirilən Zirvə görüşündə müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərarlara uyğun olaraq Ankarada təşkil olunacaq növbəti sammitin hazırlıqları da müzakirə ediləcək.

Ukraynaya dəstəyin də gündəmdə olduğu toplantıya Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas da qatılıb.

Mövsüm,

AzNews.az