- Qərb
- 15:40
- 1 501
Tramp Obama dövrünün iqlim qərarını ləğv edib
ABŞ Prezidenti Donald Tramp qlobal istiləşməyə səbəb olan qazların azaldılmasına yönəlmiş bütün federal tədbirlərin əsasını təşkil edən, Obama dövrünə aid mühüm elmi qərarı geri götürüb.
2009-cu ildə qəbul edilmiş və “təhlükə müəyyənləşdirilməsi” (endangerment finding) kimi tanınan qərar istixana qazlarının ictimai sağlamlıq üçün təhdid olduğunu rəsmən təsdiqləyirdi. Bu sənəd, ilk növbədə avtomobil emissiyaları olmaqla bir sıra iqlim tənzimləmələrinin hüquqi əsasını təşkil edirdi.
Ağ ev bu addımı “Amerika tarixində ən böyük derequlyasiya” kimi qiymətləndirib. Administrasiya qərarın avtomobil qiymətlərini aşağı salacağını bildirərək, istehsalçılar üçün hər avtomobilə görə 2 400 dollar qənaət yaradacağını və istehlakçıların daha ucuz nəqliyyat vasitələrinə çıxış əldə edəcəyini iddia edib.
Hüquqi baza aradan qalxıb
Oval kabinetdə çıxış edən Tramp 2009-cu il qərarının ABŞ avtomobil sənayesinə ciddi zərər vurduğunu və qiymətləri əsassız şəkildə artırdığını bildirib.
Onun sözlərinə görə, bu qayda demokratların “Yaşıl Yeni Razılaşma” adlandırdığı siyasətin hüquqi əsasını təşkil edirdi. Tramp mövcud tənzimləmələri “aldatmaca” kimi səciyyələndirib.
Keçmiş prezident Barak Obama isə qərarı tənqid edərək, bu addımın amerikalıları iqlim dəyişikliyi qarşısında daha müdafiəsiz və sağlamlıq baxımından daha riskli vəziyyətdə qoyacağını bildirib. O, qərarın əsas məqsədinin fosil yanacaq sənayesinin daha çox gəlir əldə etməsinə şərait yaratmaq olduğunu vurğulayıb.
Mövsüm,
AzNews.az