Almaniya kansleri: “Öz nüvə silahımızı yaratmaq niyyətində deyilik”

Almaniya kansleri Fridrix Merts ölkəsinin öz nüvə silahını hazırlamaq ehtimalını istisna edib. Bununla yanaşı, o, Avropalı tərəfdaşlarını Fransa və ya Böyük Britaniyaya məxsus nüvə qüvvələrinin Almaniya ərazisində yerləşdirilməsi məsələsini müzakirə etməyə çağırıb.

YouTube platformasında yayımlanan “Machtwechsel” podkastında çıxış edən Merts Almaniyanın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulduğunu xatırladaraq bildirib ki, bu sazişdən çıxmaq onun üçün seçim deyil.

Kansler həmçinin 1990-cı ildə imzalanmış Almaniya ilə bağlı yekun tənzimləmə haqqında Müqavilə çərçivəsində Berlinin üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını vurğulayıb. Həmin sənədə əsasən Almaniya nüvə silahına sahib olmaqdan imtina edib.

Bununla belə, Merts Parisin Almaniyanı “Fransanın nüvə çətiri” altına almaq təşəbbüsünü müzakirə etməyə razılıq verən ilk Almaniya lideri olduğunu da qeyd edib.

Mövsüm,

AzNews.az