ABŞ senatoru: İran liderinin yeganə razılaşması hakimiyyətdən getməkdir

​ABŞ senatoru Ted Kruz Tehranla nüvə sazişinin əldə olunma ehtimalını rədd edərək, İranın ali rəhbəri Əli Xameneinin yeganə variantının hakimiyyəti tərk etmək olduğunu bildirib.

​"Fox News" telekanalına verdiyi müsahibədə senator İran rejiminin sarsıldığını vurğulayıb:

​"Onun rejimi hazırda darmadağın vəziyyətdədir və Xamenei sadəcə vaxt qazanaraq gücünü bərpa etmək istəyir. Hesab etmirəm ki, Prezident Tramp bu tələyə düşəcək. Məncə, ayətullahın bağlaya biləcəyi yeganə sövdələşmə belə olmalıdır: 'Mən gedirəm. İcazə verin çıxıb gedim. Rusiyaya və ya bura olmayan başqa bir yerə getməyimə şərait yaradın'."

​Nüvə danışıqlarına şübhəli münasibət

​ABŞ-lı senator Tehran və Vaşinqton arasında çərşənbə aqşamı Cenevrədə keçirilən son danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını qeyd edib. O bildirib ki, nüvə proqramı ilə bağlı hər hansı razılığın əldə olunacağına inanmır: "İran heç vaxt 'istənilən məkanda, istənilən vaxt' yoxlamaların aparılmasına razılıq verməyib".

​"Quru müdaxiləsi olmayacaq, lakin rejimlər çökəcək"

​Donald Trampın ABŞ-ın milli təhlükəsizlik maraqlarına sadiq olduğunu vurğulayan Kruz, eyni zamanda İrana qarşı quru əməliyyatı ehtimalını istisna edib. O, yüz minlərlə amerikalı əsgərin bölgəyə yerləşdirilməyəcəyini deyib.

​Senator yaxın gələcək üçün iddialı proqnozla çıxış edib:

"Növbəti altı ay ərzində biz İran, Venesuela və Kubada rejimlərin çöküşünün şahidi olacağıq. Bu ölkələrdə hakimiyyətə ABŞ ilə dost olmaq istəyən hökumətlər gələ bilər."

Mövsüm,

AzNews.az