Zelenski G7-də Tramp və Makronla Ukraynanı müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində görüş keçiriblər.

Bu, Zelenski ilə Tramp arasında son dörd aya yaxın müddətdə baş tutan ilk üzbəüz görüş olub. Görüş Ukraynanın Rusiya ilə sülh danışıqlarını yenidən canlandırmağa çalışdığı bir dövrdə baş tutub.

Liderlər daha sonra digər G7 ölkələrinin rəhbərləri ilə birlikdə işçi sessiyada iştirak ediblər. Müzakirələrin əsas mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.

Zelenski sammitə qatıldığını təsdiqləyərək Fransa Prezidenti Emmanuel Makrona təşəkkür edib.

“Bu günün proqramı olduqca vacibdir. Əsas məqsəd Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək və Rusiyanı müharibəni dayandırmağa sövq edəcək diplomatik səyləri artırmaqdır. Sülhə ehtiyac var”, – deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində görüş təklif etdiyini, lakin Moskvanın bundan imtina etdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ və Fransa ilə birlikdə Rusiya nümayəndələri ilə görüş imkanları müzakirə olunsa da, Putin belə bir görüşə maraq göstərməyib.

Mövsüm,

AzNews.az