- Qərb
- 16:59
- 745
Aİ Çini Ukraynaya qarşı müharibə üçün rus əsgərlərini yetişdirməkdə ittiham edir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Çin rus hərbçilərinə Ukraynadakı döyüşlərdə iştirak etmələri üçün təlim keçib.
Onun sözlərinə görə, Aİ bu məlumatları təsdiqləyən faktlar əldə edib və hazırda bunun nəticələrini qiymətləndirir. Kallas konkret detallar açıqlamasa da, məsələ ilə bağlı məlumatların Avropa İttifaqının Çinlə münasibətlərinə təsir göstərə biləcəyini vurğulayıb.
Bundan əvvəl Reuters agentliyi Avropa kəşfiyyat mənbələrinə istinadən xəbər vermişdi ki, 2025-ci ilin sonunda təxminən 200 rus hərbçisi Çində gizli şəkildə pilotsuz uçuş aparatlarından istifadə üzrə hazırlıq keçib. Məlumata görə, təlimlər Rusiya və Çin hərbi rəhbərliyi arasında imzalanmış razılaşma çərçivəsində həyata keçirilib.
Pekin isə bu iddiaları rədd edərək onları əsassız adlandırıb.
Aİ eyni zamanda Rusiyaya dəstək verdiyi iddiası ilə Çində fəaliyyət göstərən daha dörd şirkəti sanksiya siyahısına daxil edib. Brüssel bu şirkətləri Rusiyaya pilotsuz uçuş aparatları üçün komponentlər və digər ikili təyinatlı məhsullar tədarük etməkdə ittiham edir.
Çinin Rusiya ilə iqtisadi əməkdaşlığı və Moskvanın hərbi-sənaye sektoruna dolayı dəstəyi Avropa İttifaqı ilə Pekin arasında münasibətlərdə gərginliyi artıran əsas amillərdən biri olaraq qalır.
Mövsüm,
AzNews.az