Rusiyanın dövlət və kökumət, hətta müxalifət adamlarının müsahibələri “maraqlı” məqamlarla həmişə zəngin olur... Rusiyanın dövlət və kökumət, hətta müxalifət adamlarının müsahibələri “maraqlı” məqamlarla həmişə zəngin olur...

Lavrov imicinə daha nələri əlavə edə bilərdi?

Rusiyanın dövlət və kökumət, hətta müxalifət adamlarının müsahibələri “maraqlı” məqamlarla həmişə zəngin olur...

Amma burada bir detalı tutmaq elə də asan başa gəlmir: bu zənginlik onların bir şəxs kimi orijinallığından irəli gəlir, yoxsa ki, Rusiya siyasətinin özünəməxsusluğu kimi təzahür edir?

Biz şəxsən ikincini daha üstün çalar hesab edirik: şəxsi özünəməxsusluğa gəldikdə, rusların siyasi isteblişmentinin üzvlərini bir əsas detal birləşdirir. O da budur ki, onların hamısı hər şeydən öncə tipik “rus mujikləri”dir.

Bəli, istənilən an bu adamlar çəkmələrini çıxarıb hansısa mötəbər bir məclisin tribunasını döyəcələyə bilər, ya da yüksək səviyyəli ziyafətlərdə əməlli-başlı keflənib qab-qacağı sındıra və hamı “Rusiyadan və ruslardan qorxmalıdır” deyə bağıra bilərlər...

Qərəz, bu baxımdan xarici işlər naziri cənab S.Lavrovun da son müsahibəsi istisna olmadı; yox, qətiyyən demirik ki, əslində erməni əsilli olan bu adam jurnalistlərlə tipik “mujik” kimi davrandı, lap V.Jirinovski kimi su ilə dolu stəkanı jurnalistin başına çırpdı və yaxud “Şiroka strana moya” mahnısını bağıra-bağıra oxumağa başladı...

Yox, bunların heç biri olmadı. Hərçənd ki, S.Lavrova da bənzər hislər heç də tamamilə yad deyil. Məsələn, deyirlər ki, hələ nazir olmamışdan öncə, BMT-də ölkəsini təmsil edərkən bu adamın əsas işi siqaret çəkənlərə daha yaxşı şəraitin yaradılması və onlara sərbəstlik verilməsi ilə bağlı BMT əməkdaşları ilə apardığı “mübarizə” olub.

Sözümüz bunda da deyil. Olan olub və ümid edirik ki, sovuşub-keçib. Bizi indi daha çox başqa suallar düşündürür. Fəqət, öncə bir qeyri məsələni də qeyd etməyə bilmirik: ilin əvvəlində S.Lavrovun istefa verəcəyi deyilirdi, di gəl ki, nə oldusa, V.Putin Lavrovu buraxmadı və xəbərlər doğru çıxmadı və indilik də qətiyyən məlum deyil ki, Putinin yaxın dövrlər üçün planlarına onun istefası daxildir, ya yox?..

Nəhayət, gələk mətləb üstünə. Lavrov qeyd olunan müsahibədə çox şeylərə toxunub. Amma hər şeydən irəli onun Ermənistanla bağlı dediyi bəzi məqamlar maraqlı göründü bizə.

Ən maraqlısı bilirsinizmi nədir? Rusiyalı nazir keçmiş Ermənistan prezidenti S.Sarkisyanın vaxtında N.Paşinyanın parlamentdəki doqquz deputatı ilə də işlədiklərini deyib – hər halda, biz bunu müsahibənin xülasəsindən belə anladıq.

Odur ki, həmişə deyirik ki, ruslar daim “Doveryay, no proveryay!” prinsipilə işləyirlər; düşünmək olardı ki, Ermənistan onsuz Kremlin ən etibarlı nökərlərindəndir, üstəlik, on qarşı Moskvanın əlində daha təsirli “rıçaq”lar var.

Amma yox, bu, onlara azlıq edirmiş və belə məlum olur ki, əlavə olaraq bir xeyli “təsir agenti” (ruslar buna “aqent vliyaniya” deyirlər) də saxlayırlarmış. Olsun, siyasət siyasətdir və güman ki, elə digər ölkələr də bu cür üsullardan gen-bol istifadə edirlər.

Amma burada iki ciddi nəticə də var ki, onları gərək qeyd edək: güman ki, belələri digər ölkələrdə də mövcuddur.

İkincisi, indi aydınlaşır ki, agentlərin demə, bir hissəsi (Paşinyanın doqquz depuatatı) əsl “dvoynoy aqent”lər imiş, əks təqdirdə cənab Lavrov belə yanğı və məyusluqla danışmaq məcburiyyətində qalmazdı son proseslərdən.

Bəli, xarici işlər naziri üstüörütülü bir şəkildə Ermənistanda uduzduqlarını və yaxud prosesləri tam nəzarətdə saxlaya bilmədiklərini etiraf edir.

Doğrusu, biz Rusiya liderlərindən belə tələsik etiraflar gözləmirdik. Düşünürdük ki, Rusiya dərhal dizini yerə qoymayacaq. Bu baxımdan rusiyalı politoloqlardan, özü də Kremlə yaxın politoloqlardan biri–S.Markov daha nikbin görünür. “Biz Rusiyanın adamlarını Paşinyan cənablarının ən yaxın çevrəsindən tapacağıq”–bəli, yaddaşım aldatmırsa, rusiyalı politoloq bu günlərdə belə demişdi. Bəlkə cənab Markov elə Lavrovun dediyi doqquz deputatı nəzərdə tutur?..

Buradan əlbəttə ki, digər nəticələr də alınır. Biri də budur ki, Ermənistanda həqiqətən qeyri-Rusiya təmayüllü qüvvə hakimiyyətə gəlib. Bunu indiyədək daha çox rusiyalı politoloqların və jurnalistlərin dilindən eşidirdiksə, artıq yüksək çinli məmurlar da danışır bu haqda.

Gələk imic məsələsinə. Bir sual hər bir halda, tam açılmamış, qaranlıq qalır bizə: necə olur ki, Ukraynada belə uduzması ilə barışmayan Kreml əhli Ermənistandakı son prosesləri nəzarətlərindən buraxdıqlarını beləcə sakitliklə etiraf edirlər? Düşünmürük ki, Rusiya bununla barışıb; sadəcə, Lavrov müsahibədə bir azacıq diplomatlıq, bir az da ermənilik edibdir...

Sonuncu xüsusilə maraqlı məqamdır. Ermənistanın Avropa Birliyilə dərinləşmiş saziş imzaladığı vaxtlar idi. O vaxt da Lavrov bütün əski – sovet ölkələrini Avropaya satıldıqlarına görə adbaad danlamışdı, amma İrəvan haqqında bircə kəlmə belə deməmişdi.

Bəli, demək olardı ki, sazişi ermənilər Kremllə tam razılaşdırmışdılar. Olsun. Bəlkə də belə idi. Onda bəs digər məmurlar və xüsusən də media əhli arasındakı isterika nə ilə bağlı idi?..

Odur ki, cənab Lavrov imicinin başqa bir məqamının da fərqində olmalıdır: haradasa çox-çox uzaqlarda onu arabir “mister Kalantaryan” (və yaxud da Kalantarov) deyə çağıranlar da var...

Hüseynbala Səlimov
AzNews.az