Bəli, BMT nəhayət, Qara və Azov dənizlərindəki hadisələrə reaksiya verdi. Bəli, BMT nəhayət, Qara və Azov dənizlərindəki hadisələrə reaksiya verdi.

BMT qətnamələri: qurtuluş, yoxsa boş bir ümid?

Bəli, BMT nəhayət, Qara və Azov dənizlərindəki hadisələrə reaksiya verdi.

Ötən həftə təşkilatın Baş Assambleyası “Krımın militarisləşdirilməsi” adlı qətnamə qəbul etdi. Demək ki, qətnamə Rusiyanın geosiyasət arxitektorlarının durumuna hansısa formada təsir etdi, əlbəttə ki, bu, qətiyyən düz olmazdı, sənəd sadəcə, Kreml əhlinin qəzəbini bir az da artırdı.

Biz iddia etmirik ki, BMT-nin bütün fəaliyyətini detallarına qədər izləyirik, yox, bu, hətta bütöv institutun bacaracağı iş deyil. Amma ki, təşkilatın yarım əsrdən artıq tarixi, dünyanın aparıcı siyasət və diplomatiya adamlarının, politoloqlarının təşkilatın fəaliyyətinin müxtəlif aspektlərilə bağlı zaman-zaman səsləndirdiyi tənqidi fikirlər və əlbəttə ki, bizim özümüzün təcrübəmiz – Dağlıq Qarabağla bağlı indiyədək qəbul edilmiş, fəqət ki, tələbləri hələ də kağız üzərində qalan dörd qətnamə optimizm üçün elə bir əsas vermir.

Üstəlik, Rusiyaya qarşı qəbul olunmuş qətnamə çox maraqlı tendensiyanı üzə çıxardı: bitərəflərin sayı qətnamənin lehinə və əleyhinə səs verənlərin sayından qat-qat artıq idi.

Bu isə o deməkdir ki, Rusiyaya qarşı “vahid cəbhə” qurmaq elə də asan məsələ deyil, dünya ölkələri ən müxtəlif səbəblərdən Moskva ilə münasibətləri korlamaq istəmirlər və bu da öz növbəsində bir daha sübut edir ki, dünyanı beynəlxalq hüquqdan daha çox maraqlar idarə edir.

Bəli, maraqlar və hüquq –bəlkə də bu, müasir dünyamızın ən əsas hüquqi-siyasi dilemmasıdır, hərçənd ki, əksər hallarda məsələnin qoyuluşu tamamilə üzücü bir reallığı aşkar edir. Belə məlum oldur ki, beynəlxalq hüquqla bağlı danışıqlar daha çox mücərrəd – akademik xarakter daşıyır və bu və ya digər qərarın qəbul olunmasında maraqlar daha çox diqtə edir ki, bunu da bir daha vurğulamaq zorundayıq.

Azərbaycana qarşı hərbi təcavüzü pisləyən, ona dərhal son qoymağa çağıran dörd yetərincə kəskin qətnamə və on illər ərzində bu müstəvidə kiçicik də olsa irəliləyişin baş verməməsi – düşünürük ki, təkcə bu faktın özü BMT-nin dünyanın proseslərinə real təsirinin ən bariz göstəricisidir.

Çox güman ki, eyni vəziyyət nisbətən cavan münaqişə - Ukrayna münaqişəsi ilə bağlı da təkrar olunacaq, çünki müasir dünya siyasətində belə “domino effekti” deyilən fenomen var: haradasa heç olmasa, bircə dəfə beynəlxalq hüququn prinsipləri pozulursa və buna qarşı zəruri cavab sanksiyaları işə düşmürsə, proses zəncirvari xarakter alır, çünki yeni bir presedent yaranır və dünya dövlətləri bu arzuolıunmaz presedenti aradan qaldırmaq və beynəlxalq hüququn üstünlüyünü təsdiq etmək əvəzinə biri – birilə bu və digər eqoist maraqların təmin edilməsi istiqamətində yarışa başlayırlar.

Məsələn, yetərincə samballı rusiyalı politoloqlar-ekspertlər indiyədək iddia edirlər ki, guya Krım Kosovoya cavab oldu.

Amma təbii sual yaranır: bu cür “cavablar” həddindən çox deyilmi? Təsəvvür edək ki, elə həqiqətən də belədir. O halda Abxaziya və Cənubi Osetiya münaqişələrini necə təsnif edək? Bəlkə onlar da hansısa qeyri presedentlərə cavabdır? Ona görə də bizə elə gəlir ki, BMT əski sovetlər məkanındakı münaqişələrə kompleks şəkildə baxsaydı daha düzgün olardı və bu halda həmin münaqişələrin hamısında “Kreml izi” sezilərdi.

Burada yadımıza maraqlı detal düşür. Rusiya Krımı ilhaq edərkən həmkarlarımızdan biri prosesin nə ilə bitəcəyini, daha doğrusu, dünya birliyinin buna reaksiyasının necə olacağını soruşdu. Dedik ki, qeyri – adi heç nə olmayacaq və proses Qarabağ münaqişəsi kimi uzanacaq. Di gəl, həmkarımız bununla razılaşmadı, başladı ki, Ukrayna Avropadır və s. və i.

Amma zaman bizim haqlı olduğumuzu göstərdi. İndi də, BMT Krımla bağlı sənəd qəbul edəndən sonra insanlar eyni şeyi soruşurlar, amma biz yenə də qeyd edirik ki, bu qətnamələrin ən yaxşı halda tarixi və siyasi önəmi var, çünki onlar zəruri sanksiyalarla təmin olunmayıblar.

Bəli, təəssüf ki, bir daha konstatasiya etmək lazım gəlir ki, BMT-nin qətnamələri heç də qurtuluş deyil, əksər hallarda sadəcə ümiddir, özü də boş bir ümid.

Burada bir daha Qarabağla bağlı qəbul olunmuş dörd qətnamə yada düşür. Təəssüf ki, onların tələbləri hətta danışıqlar prosesinin məntiqində öz əksini tapmadı: məsələn, həmin qətnamələr işğal olunmuş rayonların qeyd-şərtsiz azad olmasını tələb edir. Amma ki, Ermənistan bunu Dağlıq Qarabağın "müstəqilliyi" ilə şərtləndirir.

Bəli, buna qarşı BMT-nin daha bir sənədi də var: bəli, söhbət Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəkdən gedir. Amma bu labirint bizi xilas etmir, çünki BMT faktiki olaraq bu labirintdən çıxmaq üçün bizə hansısa real müxanizm təklif etmir: təcüvüz davam edir, təcavüzkar cəzalandırılmır və yalnız ümid etmək qalır ki, dünyanın ən aparıcı təşkilatının tələbləri nə vaxtsa eşidiləcək...

Hüseynbala Səlimov
AzNews.az