Sərdar Aminin “Su sərgisi” romanı haqqında Sərdar Aminin “Su sərgisi” romanı haqqında

Həmrəyliyin ən gözəli

Sərdar Aminin “Su sərgisi” romanı haqqında

Vaxtıyla Bakıdakı roman bumuna istehzayla dodaq büzənlər vardı. Mən xatircəm idim. Qoy olsun. Olmalıdır. Yazmaqdan gözəl nə var? Yazsınlar. Onlarla. Yüzlərlə. Kəmiyyət gec-tez keyfiyyətə keçəcək.

Bu gün də belə düşünürəm. Mümkün qədər yazmaq lazımdır. Heç nədən qorxmadan. Qoy zəif alınsın. Qoy bayağı alınsın. Uşaq yeriməyə yıxıla-yıxıla öyrənir. Və bir kitabda xoşa gələn bir cümlə varsa, ona da sevinməyi bacarmalıyıq. Ədəbi proses belə-belə canlanır. Bir kitabın qulağından bir mətləb, bir vikipediyanın küncündən bir termin əzbərləyib yazılan yazılara, çəkilən zəhmətlərə üstdən aşağı baxmaqla “Bizdən sonra heç nə yoxdur!” deyən yaşlı kattaların dəyirmanına su tökmüş oluruq.

Yazıdan qorxmayaq. Dostun, yoldaşın, müasirin uğuruna sevinməyi, zəhmətinə dəyər verməyi bacaraq. Kimisə danmaqla əlimizə heç nə gəlməyəcək.

Zatən ədəbi mühit ölü vəziyyətdədir. Sağlam söz, obyektiv tənqid, keyfiyyətli təhlil nadir hallarda adamın qarşısına çıxır. Elə yazılan çoxlu yazıların içərisində yadda qalan mətnlər də istisna təşkil edir.

Bu gün belə bir istisnadan danışmaq istəyirəm: Gənc yazar Sərdar Aminin “Su sərgisi” romanından.

Kitab məni iki səbəbdən sevindirdi:

1. Müəllifin ilk romanı kimi uğurlu olduğuna görə

2. Yeni çap olunmasına baxmayaraq peşəkar tənqidin diqqətini cəlb etdiyinə görə.

Təbii ki, tənqid deyəndə İradə Musayevanın və Elnarə Akimovanın yazılarını nəzərdə tuturam. Bu operativliyin içərisində həqiqi ədəbiyyata səmimi sevgi duydum və ilin-günün bu vaxtı bu təmənnasızlığa sevinməyə bilmədim.

Sərdar təmiz oğlandır. Uzun-uzadı müşahidələrimin nəticəsi kimi deyirəm. O, qəlbən ədəbiyyatın düz mərkəzindədir. Bundan sonra nə olacaq, necə olacaq, bilmirəm, amma indi belədir. Onu rəhmətlik Mövlud Mövlud da bu cəhətinə görə çox istəyirdi.

Məclisdə qaradinməzdir. Yüz sözünü birini də danışmaz. Amma söhbət kinodan, ədəbiyyatdan düşəndə yerindən qımıldanmasını görmüşəm. Hər dəfə ağıllı mühakimələr yürüdüb. Onun sənət duyumu içindəki peyğəmbəranə saflıqla üst-üstə düşür.

Sərdar sənətlə qafiyələnən adamdır. O, susaraq zövq ala bilir. Belə gənclər şəhərdə çox deyil.

Amma təbii ki, yazmaq və yaratmaq üçün dediyim xüsusiyyətlər azdır. Yazmaq üçün sadəcə yaza bilməlisən.

Əvvəlcə, romanın adı məni cəlb elədi. Qeyd etdiyim tənqidçilərin yazılarında bu adın enerjisindən hiss etdiklərimin təsdiqini gördüm və romanı oxumaq qərarına gəldim. Oxuyandan sonra fikirlərimi bölüşmək istədim.

Romanda elə hissələr var, çox yüksək istedadla yazılıb. Bəzi məqamların üstündən tələsik keçilib. Bəzi məqamlarda gərəksiz fəlsəfəçiliyə varılıb.

Bəzən elə cümlələr oxuyursan, deyirsən, nə gözəldir. Bəzənsə qarşına ciddi qüsurlar çıxır. Məəttəl qalırsan. Bir insan bu cümlənin ikisini də necə yaza bilər? Az keçməmiş müəllifin gənc olduğunu, onun ilk qələm təcrübəsini oxuduğunu yada salıb sakitləşirsən.

Biz gecikirik həmişə. Ona görə ki, normal mühit yoxdur. Statistik qərblinin 20 yaşda gəlib çatdığı həqiqətləri biz ən tezi on il sonra mənimsəyirik. Nəyin yaxşı, nəyin pis olduğunu vaxtında dərk edə bilmirik. Ən dəhşətlisi, bunu bizə heç kim demir. Sanki gözəgörünməz bir əl ciddi yazıçının yetişməsinə hər vəchlə mane olur.

Əgər normal mühit, normal redaktorluq institutu, normal nəşriyyat sistemi olsaydı Sərdar Aminin kitabı indikindən qat-qat güclü, qat-qat səliqəli olardı. Artıq əhvalat və hadisələr çıxarılar, əvəzində ümumi süjet üçün çox əhəmiyyətli olan hissələr daha geniş işlənərdi.

Buna baxmayaraq, gənc bir qələm adamının zəhmətinin bəhrəsi var ortada. Onun işarələrlə işləmək və reallıqdan yuxuya, yuxudan magik lövhələrə keçmək istedadı bugünkü mütərəqqi dünyada yazıb-yaradan yaşıdlarının heç birindən əskik deyil.

Romanın bəzən metaforalar vasitəsi ilə bir neçə səhifədə qalın-qalın kitablara xas impuls ötürə bilməsi diqqətimi çəkən məqamlardan oldu.

Daha bir maraqlı məqam, müəllifin gənc yaşda buddizm kimi spesifik bir dünyagörüşünü belə mənimsəməsi və bədii mətnə çevirə bilməsi idi.

Əsəri təhlil etmək fikrində deyiləm. Sadəcə, sevinmək üçün əlimizdə daha bir səbəb olduğunu bildirmək istəyirəm.

Həm də Yeni il qabağı.

Həm də həmrəylik gününün iki addımlığında.

Kitab həmrəyliyin ən gözəlidir.

Şərif Ağayar