Moskvada Paşinyandan nə soruşacaqdılar?

Rusiyada artıq əvvəldən fikirlər səslənirdi ki...

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən N.Paşinyanın dekabrın 27-də Moskvaya səfər edəcəyi haqqında ilk xəbərlər yayılanda dərhal ağla gələn bu oldu ki, Paşinyan Rusiyaya ölkəsinə göndərilən təbii qazın qiymətilə bağlı yaranmış problemləri yoluna qoymağa gedir.

Amma irəlicədən o da bəlli idi ki, növbəti ildən başlayaraq Rusiya öz daxili istehlakçıları üçün də təbii qazın qiymətini qaldırmağı planlaşdırır.

Odur ki, cənab Paşinyanın Moskvaya səfərinin məhz bu məsələ ilə – Kremli Ermənistana nəql edilən qazın qiymətini artıqmaqdan çəkindirməklə bağlı olduğunu qəbul etmək məcburiyyətində qalsaq belə, yenə də təxmin etmək lazım gəlirdi ki, Nikolu heç bu müstəvidə də qətiyyən asan danışıqlar gözləmir, çünki Rusiyada artıq əvvəldən fikirlər səslənirdi ki, Kreml əhalinin hesabına özünün geosiyasi satellitlərinin problemlərini həll etməməlidir.

Amma qaz həm də siyasi təzyiq vasitəsidir və biz bunu illərdir ki, görürük. Elə bu səbəbdən ən ciddi siyasi təhlilçilər arasında da daha çox belə düşünülürdü ki, qazın qiymətini artırmağa cəhd etmək Moskvanın İrəvana qarşı sistemli və məqsədli təzyiqlərinin başlanğıcı sayılmalıdır.

Bütün hallarda, burada iki məsələ biri-birilə heç də ziddiyyət təşkil etmirdi: qazın qiymətinin qaldırılması Rusiya üçün zərurətdir, çünki ən azı neftin qiymətinin aşağı düşməsi onu buna vadar edə bilər, amma ortada nə qədər qaldırmaq məsələsi var və təbii ki, Moksva bu yolla da özünə dost tuta bilər.

Əlbəttə, biz də razıyıq ki, Paşinyanı Moskvaya dəvət etməkdə əsas məqsəd heç də onunla təkcə nəql ediləcəki qazın qiymətini müzakirə etmək deyildi. Moskva ermənistanlı baş naziri, necə deyər, açıq şəkildə “xalı üstünə” dəvət etdi və qaz məsələsi də burda köməkçi vasitələrdən biri idi.

Kreml Paşinyanın məramını bilmək istəyirdi, çünki sonuncu illik mətbuat konfransında V.Putin Ermənistanla münasibətlərdə böyük hesabla heç bir dəyişikliyin baş verməsini desə də əslində heç də belə deyil, ən azı ona görə ki, əgər indiyədək dəyişiklik baş verməyibsə bu, o demək deyil ki, hətta gələcəkdə də baş verməyəcək.

Bu gün üçün ən böyük dəyişiklik budur ki, sonuncu parlament seçkilərində nəinki Rusiya yönümlü siyasi qüvvələr, hətta fərdlər belə parlamentə düşə bilmədilər.

Daha bir dəyişikliksə budur ki, Paşinyan hakimiyyətə gələndən Rusiyanın sınanmış nökərlərini - onun “beşinci kolon”unu hədəfə götürübdür. Üstəlik bu adam özünün Qərblə bağlı planlarını da gizlətmir və gələcəkdə Rusiya və Qərbə münasibətdə tamam simmetrik siyasət yürüdəcəyini bəyan edir.

Sözsüz ki, bütün bunlar Kremlin diqqətində idi və indi də qalmaqda davam edir. O da aydın idi ki, dekabrın 27-də Paşinyan Kremldə əsl mənada sorğu-suala tutulacaq, “dindiriləcəkdir”. Nəticəsi nə oldu – bunu da ən yaxın vaxtlarda biləcəyik.

İrəvanın da Kremldən narazı qalmaq üçün yetərincə əsasları var. Ən birincisi budur ki, ermənilər hələ də Rusiyanın Cənubi Qafqazdakı siyasi kursunu bütünlüklə öz maraqlarına tabe etmək istəyirlər. Əlbəttə ki, lap elə bu günlərdə İrəvanın KTMT-də açıq-aşkar “barmağa dolanması” da erməniləri xeyli pərt edib, çünki onların düşüncəsinə görə, Kreml doğma “forpostu” ilə belə davranmamalı idi.

KTMT-nın baş katibi məsələsilə bağlı prosedurlar tamam başa çatmayıbdı, səhv etmiriksə, burada qərarlar bütün iştirakçılar tərəfindən dəstəklənməlidir.

Paşinyan isə hətta baş katibliyə yeni namizədi-A.Zası Ermənistanda qəbul etməkdən də imtina etmişdi. Odur ki, güman olunurdu ki, V.Putinin bir işi də Paşinyana yeni baş katib məsələsini qəbul etdirmək olacaq.

Amma hətta erməni müəlliflər səfər ərəfəsində yazırdılar ki, çətin ki, erməni liderinin Putinə etiraz etməyə cəsarəti çatsın, çünki münasibətlər onsuz da yetərincə soyuqdur – Rusiya rəhbəri hətta seçkilərin bitməsilə bağlı Paşinyanı təbrik etməyi də lazım bilmədi.

Düzdür, bu il Ermənistanın Avrasiya İqtisadi Birliyində də sədrlik edəcəyi söylənilir. Amma çətin, belə bir perspektiv İrəvanın yaralarına məlhəm olsun, ən azı ona görə ki, Nikol müəllim müxalifətdə olarkən o vaxtki hakimiyyəti daim bu təşkilata görə tənqid edirdi.

İndi elə bir vəziyyət yaranıb ki, artıq özü hakimiyyətdədir, amma bu heç nəyi dəyişmir: durub özü- özünü aldatmayacaq ki!..

Ermənistanda hamıya bəllidir ki, bu təkilat tamam səmərəsiz, ölü doğulmuş bir strukturdur və Ermənistanın orada sədrlik etməsi onun nə özünün, nə də bu axmaq təşkilatın yaralarını sağaltmaq, ona necə deyər, impuls vermək gücündə deyil.

Aydın məsələdir ki, N.Paşinyan müəllim qeyri-standart addımlar atmalıdır. Amma nə və hansı istiqamətdə? Təxminlər var, fəqət, onların hamısını bir ümumi cəhət birləşdirir: Rusiyanın müqaviməti. Bəs bunun üçün Nikolun resursları varmı?

Fizikada belə fenomen var: İoffe effekti. Əyani şəkildə bunu düzbucaqlı kağız parçası götürüb kənarlarından dartmaqla onu cırmağa cəhd göstərməklə nümayiş etdirmək olar. Görəcəksiniz ki, o, cırılmır. İndi kağızın üzərində şaquli xətt çəkin və onu təzədən eyni qayda ilə cırmağa çalışın. Bu dəfə alınacaq və eyni güclə siz çox asanlıqla kağızı cırmağa müvəffəq olacaqsıznız.

Bəli, ölkələr də belədir: əgər hakimiyyətlə cəmiyyət, hətta cəmiyyətin ayrı-ayrı hissələri arasında çat yoxdursa o, daha mökəm olur. Zira bunu Ermənistanla bağlı demək olarmı? Tələsmirik. Zaman göstərəcəkdir, özü də çox da uzaq olmayan gələcəkdə.

O ki qaldı bilavasitə səfərin nəticələrinə, bunları da biləcəyik – hamıdan birinci elə Rusiyanın media qaynaqları danışmağa başlayacaq.

Əgər hər hansı bir problem olmasa, onlar bunu özlərinin “böyük qələbə”ləri kimi öyəcəklər. Yox, problem olsa, o halda insterikalarının həddi-hüdudu olmayacaq, ağına-qarasına baxmadan hər şeyi açıb tökəcəklər və biz da buradan özümüzə lazım informasiyaları götürəcəyik. Odur ki, azacıq səbrli olun, “Allahın bir adı da səbrdir”, deyiblər atalarımız...

Hüseynbala Səlimov