Bir baş redaktor evdə önlük taxıb mətbəxə keçərmi?

(İstirahət günü yazısı)

Sabit bir ölkədə yaşayırıq.

Qansız-qadasız bir məmləkətin övladı, inkişaf edən bir dövlətin vətəndaşı, çağdaş mədəniyyəti mənimsəmək əzmində olan bir cəmiyyətin üzvüyük.

Saçını jurnalistikada, ictimai-siyasi proseslərin içində ağartmış bir şəxs olaraq açıq-aydın görürəm ki, bu ölkəyə, bu cəmiyyətə aqressiya aşılayırlar.

İnsanlarımızı ruhdan salmaq, müstəqilliyimizi gözdən salmaq, cəmiyyəti kin-küdurətə, qisasa, amansızlığa sürükləmək üçün milyonlar xərclənir.

Ən müxtəlif agentura şəbəkələri işə salınıb, dini cərəyanlar körüklənib, troll dəstələri hazırlanıb və onların hər biri cəmiyyətimizə qan salmaq, qada gətirmək üçün əlləşir.

O çətələrin heç biri Azərbaycan üçün çalışmır, Azərbaycan insanının hüzuruna, rifahına və xoşbəxt yaşamına xidmət etmir.

Müstəqilliyin, sabitliyin, inkişafın dadını çıxarmaq hər birimizin öz əlindədir.

Maraqlı, hüzurlu, şən bir gün keçirmək üçün heç də qiyməti yüz minlərə varan maşınlar sürmək, həmişə bahalı restoranlarda şam etmək, həftə sonları brend mağazalarda pul xərcləmək lazım deyil.

Cahangir Hacıyevin, onun həyat yoldaşı, görməmişliyi bütün dünyanın ağzında dolaşan Zamirə Hacıyevanın aqibətindən agahsınız.

Bir də hər gün Türkiyə telekanallarında əsas xəbərlər arasında yer alan hamsinin qiymətinə fikir verin.

Azərbaycanda hamsi yoxdur, kilkə var, loru dildə desək, bir balıq növü olaraq, “əmiuşağıdır”lar.

Nədən bu neməti kütləvi qida mədəniyyətimizdə ön sıraya çıxarmayaq?

Ucuzdur, keyfiyyətlidir, böyüklərə də, uşaqlara da xeyirlidir.

Dünən yolumu sovet dövründə “Artyom” adlanan Pirallahı qəsəbəsindən saldım.

Maşallahlar olsun, bir cüt göz gərəkdir seyr etməyə.

Yolu şuşə kimi, küçələri tər-təmiz, insanları ünsiyyətcil, mənzərəsi doyulmaz.

Burnumuzun ucundakı gözəlliyi görmürük, məsrəf edib Gürcüstana, Türkiyəyə, dünyanın o başına gedirik.

Gəzmək, səyahət etmək əlbəttə gözəldir, amma öncə öz vətənimizi tanıyaq, öz nemətlərimizdən dadaq.

Pirallahıda çox gözəl bir balıq bazarı açılıb, hələ tam şəkildə işə düşməsə də, satış var.

Sadəcə balıq bazarı deyil, Xəzərin şeiriyyətinə dala biləcəyiniz bir parkdır.

Pirallahıda kilkənin kiloqramı 1,50 manatdır, bir az sövdələşib ucuz da almaq olar.

Təmizlənməsi asan olsa da, bir az vaxt aparan işdir, amma neynək, “könlü balıq istəyənin quyruğu suda gərək” deyiblər.

Mən 2 manatlıq aldım, təmizləyib soğanla basdırma edib soyuducuya qoydum.

Bu günsə bişirmək üçün önlük taxıb mətbəxə keçdim.

Bir az soğan dağlayırsan, üstünə alətdən keçirilmiş yerkökü əlavə edirsən.

Başqa bir qazanda təmizlənmiş kilkələr bir buğum qaynayır bu arada.

Ardınca 4 ədəd pomidoru xırdaca doğrayıb tomat düzəldirsən, azacıq qaynanmış su, bir yemək qaşığı un, yemək qaşığının yarısı qədər şəkər tozu əlavə edərək sous hazırlayırsan.

Bir buğum qaynamış kilkələr soğança və yerkökünün, onun da üzərinə sous tökülür.

15 dəqiqədən sonra mükəmməl bir təam hazır.

Buyurun, fərqli bir gün, fərqli bir dad, ən əsası pozitiv ovqat!

Böyük ideallara bağlılıq kiçik nəsnələri sevməkdən başlar.

Lap elə kilkəni!

Taleh Şahsuvarlı