AzNews.az Mirmehdi Ağaoğlunun köşə yazısını təqdim edir AzNews.az Mirmehdi Ağaoğlunun köşə yazısını təqdim edir

“Yuğ”​un faciəsi...

AzNews.az Mirmehdi Ağaoğlunun köşə yazısını təqdim edir

“Yuğ” teatrı köhnə məkanından (M.Muxtarov küçəsi, 83) didərgin düşəndən bəri rahatlıq tapa bilmir. Əvvəla ona görə ki, hələ də özünün binası yoxdur, “Kukla” teatrının himayəsindədir. İkincisi, bütövlüyünü qoruya bilmir; sıraları seyrəlir, rəhbərlik dəyişir, aktyorlar uzaqlaşır. Bu qədər dəyişikliyə baxmayaraq, “Yuğ”çular əvvəlki eyforiyadan çıxmaq istəmirlər, hələ də “Yuğ”un qızıl dövrünün havası ilə yaşayırlar. Hər dəfə ağızlarını keçmişlə açırlar. Keçmişə bağlanmaq da qocalmağın, ömrü başa vurmağın, dolayısı ilə ölümün əlamətidir. Bu isə o deməkdir ki, “Yuğ” teatrı məhv olmaqdadır. Bunu məyusluqla dilə gətirənlər var.

Ancaq mənim üçün “Yuğ” çoxdan ölüb. Köhnə məkanından çıxarılanda mən başa düşdüm ki, bu teatr məhv oldu. Onda “Yuğ”un M.Muxtarov küçəsi, 83 ünvanından çıxarılmasını qınayan bir yazı da yazmışdım. Hələ üstəlik, aktyorları etiraz aksiyasına dəvət etmişdim ki, qoy kreativ üsullarla, fləşmoblarla bu gedişata “dur” desinlər. Ancaq görəndə ki, “Yuğ”çular baş verən prosesə sadəcə, tamaşaçıdırlar, açığı, çox üzüldüm.

Bəli, “Yuğ” köhnə binasından çıxarıldığı zaman öldü. O, keçmiş Hacı Fərəculla hamamının binasında “Yuğ” idi, “Kukla”nın “çardağ”ında isə adi teatr.

Çünki “Yuğ” teatrdan çox ideoloji, dini birliyi xatırladıb. Rəhmətlik Vaqif İbrahimoğlunun peyğəmbəri olduğu bu “din” öz “Məkkə”sində - köhnə binasında güclü idi. “Yuğ”un binasına girəndə elə bilirdin orta əsr xristianlarının yaratdıqları gizli təşkilata, ordenə daxil olursan. Odur ki, tamaşaları da səhnə əsərindən çox bir icmanın ayinini xatırladırdı. Rəhmətlik Vaqif İbrahimoğlu da müsahibələrindən birində bu auranı “ruh halı” kimi dəyərləndirmişdi.

“Yuğ”un o binadan çıxması ilə də “orden” dağıldı.

Bəlkə də razılaşmayacaqsınız, ancaq “Yuğ”un dağılmasının başqa bir səbəbi də Vaqif İbrahimoğluna hədsiz ehtiram oldu. Bir insan kimi əzizinə yas saxlamaq, onun xatirəsini yaşatmaq təqdirəlayiq olsa da, sənət adamının özündən əvvəlkinin təsirində qalması təhlükəlidir. Dindən fərqli olaraq sənət bütləşdirməni sevmir, sənətin məqsədi bütləri dağıtmaqdır. Sənət hər zaman köhnənin dağıntıları üzərində yaranıb. “Yuğ”çularsa Vaqif İbrahimoğlunu təkcə bir əziz, doğma insan kimi deyil, həm də bir teatr müqəddəsi kimi yaşatdılar, onu bütləşdirdilər. Sənətdə Vaqif İbrahimoğlu səviyyəsini, İbrahimoğlu mərhələsini ötüb keçmək istəmədilər. Uzağı, ora çatmaq, o zirvədə dayanmaq keçdi könüllərindən. Şagirdin ustadı ötüb keçmək istəməməsi isə ustadın təliminin məhvidir.

Qəribədir, mənə elə gəlir ki, “Yuğ”çuların Vaqif İbrahimoğlunun yetirməsi olmaqlarını onların üzündən oxumaq olur. Və bu mimikalarda - “üz yazıları”nda mən bir qədər təşəxxüs, özündənrazılıq da görmüşəm: “Mən Vaqif İbrahimoğlunun tələbəsiyəm e!” Başqa teatrların aktyorlarını bir-birinə belə oxşada bilməzsən. Bu təşəxxüs bəzən onların əleyhinə işləyir, yeni mühitə adaptasiya olmaqlarına imkan vermir.

“Yuğ”çular hələ də Vaqif İbrahimoğlunun yasını saxlayır, bütün tamaşalarında onu yuğlayırlar. Təsadüfi deyil ki, qədimdə xalq dilində “yuğlamaq” elə yas saxlamaq demək idi. Ancaq xalq arasında belə məsəl də var; deyir Allah əlindən aldığı kimi qəlbindən də çıxarsın. “Yuğ”çular kulturoloji mənada Vaqif İbrahimoğlunu qəlblərindən çıxara bilmirlər. Buna görə də yenilənmirlər. Bəlkə də elə düşünürlər ki, onu sənət kontekstində “unudub” növbəti mərhələyə keçsələr, ruhuna xəyanət edərlər, halbuki indiki halda daha çox xəyanət etmiş sayılırlar.

Orhan Pamukun “Mənim adım qırmızı” romanındakı miniatürçü rəssamlar kimi şiddətlə yeniliyə qarşı dururlar.

Banin “Qafqaz günləri” xatirəsində yazır ki, atamın özü ilə gətirdiyi pulu, ləl-cəvahiratı xərcləyib qurtarmışdıq. Əlimizdə heç nə qalmamışdı. Amma ailəmizdə heç kəs işləyib dolanmaq istəmirdi, atam hələ də özünü milyonçu kimi aparır, evdə də o əda ilə gəzirdi. Halbuki qatar çoxdan getmişdi.

Yeniliyə öyrəşməmək, köhnədən qopa bilməmək dəhşətlidir, bu, təkcə insanın yox, dövlətlərin, xalqların, eləcə də incəsənət qurumlarının məhvinin başlıca şərtidir.

Onlar bu durğunluqdan yalnız “post-vaqifibrahimoğlu” dönəminə keçməklə çıxa bilərlər. Ancaq “Yuğ”çuların özünəməxsus, müdrikanə pozaları¸ keçmişin eyforiyası fonunda “yaradıcı qurubəylikləri” mövcud şəraitə adaptasiya olmağa imkan vermir.

Qızıl dövrün havası ilə yaşayan “Yuğ”çular, guya şirin, əslində acı yuxudan ayılsalar, görərlər ki, hər şey dəyişib: Vaqif İbrahimoğlu daha yoxdur, bina əldən çıxıb, özləri qaçqın düşüblər, haqlı-haqsız sıralar seyrəlib. Daha zaman, o zaman deyil. Bircə dəyişməyən “Yuğ”çulardır. Halbuki onların yerinə Vaqif İbrahimoğlu olsaydı, çoxdan silkinmiş və yeni mərhələyə uyğunlaşmışdı.

Ola bilsin, sözlərim kiminsə xətrinə dəyəcək. Ancaq məqsədim incitmək deyil. Sadəcə, “Yuğ”çular bilməlidirlər ki, onlar ya “post-vaqifibrahimoğlu” dövrünə keçərək ikinci həyata başlamalı, ya da “Yuğ”un qəlpə-qəlpə parçalanmasına hazır olmalıdırlar...

Vəssəlam, bu qədər sadə.

AzNews.az