Məsələ “kimin adamı” olmaqdadır... Məsələ “kimin adamı” olmaqdadır...

Ermənistanda “məxməri inqilab” bitdimi?

Məsələ “kimin adamı” olmaqdadır...

Dünən Ermənistanın prezidenti A.Sarkisyan N.Paşinyanın baş nazir təyin olunması haqqında sərəncam imzaladı.

İndi Paşinyan da öz növbəsində 15 gün müddətində yeni hökumətin tərkibini təqdim etməli və bununla da kabinetin formalaşması prosesi başa çatmalıdır. Beləcə, demək olar ki, Ermənistanda “məxməri inqilab” başa çatmaqdadır.

Heç şübhəsiz ki, son proseslərin ən əsas nəticəsi bu oldu ki, guya demokratik seçkilərlə hakimiyyətə gələn S.Sarqsyan hakimiyyəti haradasa bir-iki ildən sonra inqilab yolu ilə devrildi və qısa müddət bundan əvvəl guya ki, parlament seçkilərini udmuş əski hakim partiya isə sonuncu parlament seçkilərində heç zəruri barajı da aşa bilmədi.

Düşünürük, bununla bağlı Avropanın demokratik təsisatları müəyyən nəticələr çıxarmalıdır. Ən azı özləri üçün bir suala cavab verməyə çalışmalıdırlar ki, necə oldu ki, onların müsbət rəy verdikləri seçkilərlə hakimiyyətə gələn S.Sarqsyan rejiminin aqibəti belə acınacaqlı oldu?..

Biz daim yazırdıq ki, Ermənistandakı seçkilər daha hiyləgər tərtibatdan başqa bir şey deyil. Bəli, burada 90 faizlik nəticələrə təsadüf olunmurdu və ədədlər daha inandırcı tərtib olunurdu. Amma məhz tərtib olunurdu, o səbəbdən ki, bir daha deyirik ki, bu tərtibatdan qeyri bir şey deyildi...

O ki qaldı bunların “məxməri inqilab”ına, bəzi təhlilçilər inqilabın başa çatması kimi nəticələrlə tələsməməyə çağırırlar. Məsələ bundadır ki, yeni baş naziri təkcə erməni katalikosunun öz postunda qalması dilxor etmir, onun hazırki prezidentlə də münasibətləri alınmır, baxmayaraq ki, A.Sarkisyan inqilab vaxtı özünü müstəqil bir siyasətçi kimi göstərmiş və onu hansısa formada əngəlləməyə çalışmamışdı.

Amma məsələ “kimin adamı” olmaqdadır – A.Sarkisyanı prezident postuna S.Sarqsyan gətirmişdi. Bundan başqa, inqilab vüsət alan lap ilk günlərdən onun kölgədə qalan liderlərindən birinin eks-prezident Levon Ter-Petrosyan olduğu deyilirdi. İndi də belə fikirlər dolaşır ki, Paşinyanla Ter-Petrosyan arasında razılaşma var və uzağı bu ilin yazında eks-prezident A.Sarkisyanı əvəz edəcək.

Amma hətta bu da hamısı deyil, belə bir məlumatlar da dolaşır ki, prezidentin xarici siyasət və müdafiə məsələlərilə məşğul olması üçün hətta konstitusiyaya müəyyən dəyişikliklər də ediləcək.

Bir sözlə, necə deyərlər, maraqlı proseslər hələ qabaqdadır. Odur ki, inqilabın bitməsilə bağlı qərar vermək hələ çox tezdir – bir daha deyirik ki, qarşıda indiki olaylardan heç də maraqsız və önəmsiz olmayan digər proseslər də gözlənilir.

Amma inqilabın əsas hədəflərinə çatılıbdır və yanvardan sonra Paşinyandan hər şey başqa cür soruşulacaqdır. Əslində artıq başa çatmış səkkiz ay da Paşinyanla bağlı bəzi qənaətlər əldə etmək üçün yetərli sayıla bilər – çətin ki, bu adamdan kabinet siyasətçisi alınsın.

Odur ki, eks-prezident Ter-Petrosyanla bağlı səsləndirilən ehtimallar bu sarıdan da inandırıcı və məntiqli görünür – Paşinyanın belə bir siyasətçiyə həqiqətən də ehtiyacı var. Bizi isə məsələ Qarabağ problemi konteksində maraqlandırır. Şübhəsiz ki, Ter-Petrosyan bu məsələdə çox yaxşı yardımçı ola bilərdi baş nazirə...

Söhbət qətiyyən ondan getmir ki, eks-prezident Ter-Petrosyan Azərbaycanın və Türkiyənin dostudur. Yox, məsələ bunda deyil. Əksinə, bu adam da xeyli müddət Kremlin direktivlərilə oturub-durdu, Moskvanın buyruqlarını və əmrlərini yerinə yetirdi, onun vədlərinə inandı, amma sonradan anladı ki, bu yol, necə deyər, Bağdada aparmır və onun ölkəsinə yaxşı heç nə vəd etmir. Nəticədə məşhur məqalə peyda oldu. Sonrasını isə hamı bilir...

Amma bu illər ərzində L.Ter-Petrosyan yenə də boş dayanmadı, bir neçə dəfə böyük siyasətə qayıtmağa cəhd etdi, fəqət, nəticəsi olmadı.

O ki qaldı onun cənab Paşinyanla əlaqələrinə, onların siyasi trayektoriyaları dəfələrlə kəsişibdir və hətta bu il aralarında bir neçə görüş də olmuşdu və sonradan eks-prezidentin sanki qeybə çəkilməsini, onun rəhbəri olduğu siyasi təşkilatın isə növbədənkənar parlament seçkilərində belə iştirak etməməsini təhlilçilər məhz iki siyasətçi arasındakı anlaşma ilə izah edirlər. Qərəz, 2019-cu ilin ən azı yarısına qədər maraqlı və bir az da təəccüblü olayların baş verməsi istisna olunmur.

Ümumiyyətlə, belə bir ehtimal da var ki, N.Paşinyan üçün inqilab heç vaxt bitməyəcək, çünki praqmatizm nümayiş etdirib ölkəsinin regional siyasətini dəyişməsə, heç bir qeyri problem həll olunmayacaq və yeni baş nazir də siyasi müvazinətini saxlamaqçün küçə və meydanlara qaçacaq, amma bir gün meydanları da boş görəcək...

Hüseynbala Səlimov
AzNews.az