Prezidentin son qərarları Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcək

Prezidentin qəbul etdiyi son qərarlar Azərbaycanı idarəetmə standartları baxımından dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətini optimallaşdırmaq məqsədilə qəbul etdiyi son mühüm qərarlar, bu sahədə yeni mərhələnin başlangıcı kimi qiymətləndirilə bilər. Bu mərhələ

• idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq,
• cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etmək,
• iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsinə nail olmaq,
• iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq,
• vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərmək,
• dövlət idarəetməsini daha müasir standartlara uyğunlaşdırmaq

kimi mühüm hədəfləri özündə ehtiva edir.

Bu islahatların anonsunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə idarəetmə sistemində islahatların olacağı ilə bəyan etmişdi. “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”- deyə dövlət başçısı vurğulamışdı.

Prezidentin bu bəyanatı növbəti dövrdə Azərbaycanda çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması xəttinin daha qabarıq şəkil alacağını göstərir. Vurğulamaq yerinə düşər ki, indiyə qədər Azərbaycanda dövlət xidmətlərinin daha əlçatan olması üçün çox ciddi islahatlar həyata keçirilib. Hazırda dövlət qurumlarının xətti ilə ümumilkidə 450-dən artıq elektron xidmət əhalinin istifadəsinə verilib, fəaliyyətin daha da şəffaflaşdırılması üçün məmur-vətəndaş təmasları minimuma endirilib, ölkəmizin tətbiq etdiyi “Asan xidmət” modeli dünyada çox böyük uğur qazanıb. Bunlarla yanaşı, reallaşdırılan digər islahatlar Azərbaycana “dünyada ən islahatçı” ölkə imici qazandırıb. Bunun nəticəsidir ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatında Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək, 12-ci yerdə qərarlaşıb.

Hazırda reallaşdırılan islahatların növbəti mərhələsi isə ölkəmizin rəqabətqabiliyyətli iqtisadiyyatının gücləndirilməsi, idarəetmə standartları baxımından Azərbaycanın inkişaf etmiş ölkələrdən birinə çevrilməsi üçün atılan növbəti addımdır.

Əldə olunacaq nəticələrə gəldikdə isə onların sırasında xüsusilə yığcam və məqsədyönlü dövlət aparatının özəl sektorun fəaliyyətinə müdaxiləsinin minimuma endiriləcəyini, daha çox bazar tənzimlənməsinə şərait yaradacağını qeyd etmək olar. Dövlət və bazar tənzimlənməsinin optimal nisbəti özəl sektorun aparıcı qüvvə olduğu iqtisadi inkişafı təmin etməyə şərait yaradacaq.

Xüsusilə, Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və Kənd Təsərrüfatı Nazirliyinin 4 dövlət xidmətinin ləğv olunaraq, onların əsasında Aqrar Xidmətlər Agentliyi yaradılması aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsinə gətirib çıxaracaqdır.

Digər bir sıra, yəni bir-biri ilə paralel olan, yaxud səmərəliliyi qənaətbəxş səviyyədə olmayan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyinini daha da artıracaq. İslahatlar nəticəsində dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərin genişlənməsi nəticəsində vətəndaş məmnunluğunun artırılması kimi mühüm nəticələr əldə olunacaq.

Bu mərhələdə yeganə narahatlıq doğuran məqam islahatlar zamanı insanların işlə təminatı məsələsidir. Ancaq ölkə rəhbərinin qərarlarında bu xüsusilə nəzərə alınıb. Aidiyyəti qurumlara fəaliyyəti dayandırılmış strukturların əməkdaşlarının yenidən işlə təmin olunmaq imkanları, maksimum təmin edilməsi tapşırıqları verilib.

Elman Babayev