Avropa Parlamenti nədən Tevton Ordeni sayaq toplandı? Avropa Parlamenti nədən Tevton Ordeni sayaq toplandı?

FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

Avropa Parlamenti nədən Tevton Ordeni sayaq toplandı?

“Biz Avropanı Azərbaycanın və Qazaxstanın qolları arasından xilas etməliyik”.

4 il əvvəl bu bəyanatla Almaniyanın Avropa Parlamentindəki təmsilçilərindən biri olan Rebekka Harms çıxış etmiş və doğrusu, xanım əfəndinin ismi-şərifi də diqqətimi ilk dəfə məhz o vədə cəlb etmişdi.

Açıqlamanın tonundan asanlıqla sezmək olar ki, xanım Harmsın düşüncə sistemində türklərə qarşı aqressiya mövcuddur və bu aqressiya həm də “məzlum erməni xalqına” rəğbətlə müşahidə olunur.

İndi sizinlə birlikdə qısaca bir açıqlama aparsaq görəcəyik ki, Türkiyənin və Azərbaycanın əleyhinə harada bir zəhərli aş hazırlanırsa, Rebekka Harms o qazanın başındadır.

Budur, Türkiyə mətbuatı onu Fətullah Gülən Terror Örgütü mənsublarının “alman ablası” adlandırır və onun tez-tez Türkiyə əleyhinə provakativ çağırışlar müəllifi olmasına diqqət çəkir.

Məlum olduğu kimi, dünən Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovu işi” ilə bağlı qətnamə qəbul edib. Heç də təəccübli deyil ki, həmin qətnamənin təşəbbüskarlarından biri məhz həmin Harms, yəni, FETÖ-çülərin alman ablasıdır.

Elə bu başdan deyək ki, Harms özünə əbəs əziyyət verib, üstəlik, Azərbaycan Respublikasının rəsmi və müvafiq qurumlarını məlumatlandırmadan, Milli Məclisə, Xarici işlər nazirliyinə, Azərbaycanın Brüsseldəki diplomatik korpusuna xəbər vermədən, xəlvətcə toplantı keçirərək qətnamə qəbul edənlər də hədər cəfa çəkiblər. Sanki Avropa Parlamentinin deyil, Tevton Ordeninin toplantısı imiş...

Əgər yadınızdadırsa, Avropa Parlamentində 2015-ci ildə də Azərbaycan əleyhinə bir qətnamə qəbul edilmiş və həmin qətnaməyə münasibət bildirən prezident İlham Əliyev belə demişdi: “Bizim üçün, bir prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil”.

Avropa Parlamentinin yeni qətnaməsi də Azərbaycan üçün fərqli dəyər və məzmun daşımır.

Bununla belə, qətnamə ilə bağlı xeyli sual yaranır.

Əvvəla, Avropa İttifaqının nümayəndələri bu günlərdə həbsxanada Mehman Hüseynova baş çəkmiş, onun aclıq aksiyasının davam etdirmədiyini öz gözləri ilə görmüş və məhbus barədə yayılan şayiələrin gerçəkliyi əks etdirmədiyinə bilavasitə əmin olmuş, heç şübhəsiz, bu barədə öz ölkələrinə və Avropa təsisatlarına da məruzə etmişdilər. Bu qədər dəqiq və açıq məlumatlardan sonra, “Mehman Hüseynovun işi”nin Avropa Parlamentində gündəmə gətirilməsi bəzi ehtimallar yaradır. Bu ehtimalların ən birincisi və ən mühümü budur ki, dekabrın sonlarından başlayan “Mehman Hüseynov şousu” xüsusi bir layihə olub və Avropa Parlamentinin məlum qətnaməsinin qəbul edilməsi də həmin layihədə nəzərdə tutulan addımlardan biri olub. Şou iflasa uğrasa da, layihənin müəllifləri qətnaməni elan etməkdən vaz keçməyiblər.

Bu məqamda başqa bir sual da yaranır: Həmin layihənin əsl müəllifləri, prosesin arxasındakı “xaç ataları” kimlərdir?

Bu suala cavab tapmaq istəyirsinizsə, lütfən aşağıdakı şəkilə diqqətlə baxın, kimi görürsünüz?

Bəli, Corc Soros özüdür ki, var! Yanındakı isə “bizim” Rebekka xanımdır! Bu xanım Corc Sorosun “rəngli inqilablar” dizisində əsas aktrisalardan biridir və onun illər öncə Ukraynanın paytaxtı Kiyevdə oynadlığı rol da hər kəsə bəllidir. Gəlin, bir də məsələnin Azərbaycan cəmiyyətinə hələ tam bəlli olmayan bəzi detallarına da nəzərə salaq.

Mehman Hüseynovun qardaşı Emin qətnamənin qəbul edildiyi səsvermədən az öncə Avropa Parlamentinin üzvlərinə təşvişlə elektron namə yazıb və “Mehman Hüseynov aclıq keçirmir” deyən komissar Malstromun çıxışınının onu “şoka saldığını” ifadə edib. Əcəba, nədir bu "şok"un səbəbi? Malstromun həqiqəti söyləməsimi, yoxsa Mehman Hüseynovun qardaşının təlimatını yerinə yetirməyib aclıq aksiyasını uzatmamasımı? Bəli, Mehman Hüseynovun aqibəti Avropada heç kimi, hətta onun doğmaca qardaşı Emini də maraqlandırmır! Bu qətnamənin çıxarılmasında güdülən əsas maraq Avropa qurumları ilə Azərbaycan arasında gözlənilən yaxınlaşmanın qarşısının alınmasıdır və əsas sual da elə budur: Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin korlanması kimə sərf edir?

Heç şübhəsiz, Ermənistana!

Bəli, Qərbdəki erməni lobbisi diqqəti Ermənistanda dekabrda keçirilmiş seçkilərdən yayındırmaq və hədəfə Azərbaycanı gətirmək, Azərbaycanı “Avropa ilə inteqrasiyaya layiq olmayan” bir ölkə kimi təqdim etmək və bununla da Qarabağ danışıqlarında Paşinyana diplomatik “kozır”lar qazandırmaq üçün daha bir dəfə rebekkalardan, xədicələrdən, eminlərdən istifadə etdilər!

Taleh ŞAHSUVARLI