"Məhz buna görə Azərbaycan ictimaiyyəti mitinqə dəstək vermədi". "Məhz buna görə Azərbaycan ictimaiyyəti mitinqə dəstək vermədi".

“Qərb cəbhəsində yenilik yoxdur”

"Məhz buna görə Azərbaycan ictimaiyyəti mitinqə dəstək vermədi".

“Qərb cəbhəsində yenilik yoxdur”. Son günlər Avropada bəlli dairələrin Azərbaycan üzərinə hücuma keçməsi və bu kampaniyanın məntiqi sonluğu olan Milli Şuranın keçirdiyi mitinqin ümumi mənzərəsi Remarkın bu adlı əsərini xatırladır.

Müxalifətin “bu mitinqdən sonra hər şey dəyişəcək” çağırışı ilə aylardır hazırlaşdığı aksiya baş tutdu, lakin cəmi 2800 nəfərin iştirak etdiyi mitinq həm də siyasi opponent olmağa iddia edənlərin növbəti biabırçılığının baş tutması idi. Təsəvvür edin, tribunada 10-ya yaxın şəxs çıxış edir və onların xitab etdiyi kütlə heç 3 minə çatmır. Riyazi hesablamada hər çıxışçıya cəmi 280 tərəfdar düşür, siyasi hesablamada bu, müxalifətin 280 tərəfdarla hakimiyyətə iddia etməsi deməkdir. Çünki məsələ siyasi ambisiyalar olanda müxalifətin parçalanması artıq aksiomaya çevrilib. Hərçənd, mitinqdə müşahidə olunanlar və real mənzərə Azərbaycan müxalifətini nə riyazi, nə də siyasi hesablamanın xilas etməyəcəyini təsdiqlədi.

“Aysel Rzayev ananız sizi tribunada gözləyir”.

Mitinqdə yadda qalan və bəlkə də mövcud müxalifətin siyasi gündəliyinə yazılacaq yeganə məqam tribunada moderatorluq edən şəxsin itmiş qızı mikrofonla təlaşlı axtarışı idi, “O qızı tapın”, bu çağırışda müxalifətin yox olmaqdan xilas olmaq üçün illərdir apardığı təlaşlı axtarışları da siyasi-fəlsəfi formada öz əksini tapır. Halbuki, onları heç nə və heç kəs xilas edə bilməyəcək, mitinq bunu bir daha sübut etdi:

– Zəif təşkilatçılıq, iştirakçıların dağınıq formada stadionda gəzişməsi (bu, həm də mitinqə qatılanların sayını çox göstərmək taktikasıdır);
– Cəmi 2800 nəfər tərəfdarın olması (bu ümumi saydır, mitinqi işıqlandırmaq üçün gələn jurnalistləri, o cümlədən, azyaşlı uşaqları nəzərə alanda rəqəm ciddi şəkildə azalır);
– İctimaiyyətin tanıdığı, hörmət etdiyi heç bir ziyalının mitinqə qatılmaması;
– 25 ildir “astarı üzünə çıxmış” şüarlar və heç vaxt gerçəkləşməyən, reallıq hissindən uzaq vədlər;
– İllərdir davam edən və heç vaxt sübut olunmayan əsassız ittihamlar;
– İki onillikdir tribunaya çıxan eyni adamlar;
– Gündəlik həyatda bir-birinə salam belə verməyən, bir-birini fürsət düşdükcə ittiham edən şəxslərin tribunadan görünən “həmrəyliyi”;

Və ən eybəcəri də odur ki, yenilənməyən müxalifət yenilik tələb edir və bununla fəaliyyətində nə qədər səmimi olduğunu da göstərir. Məhz buna görə Azərbaycan ictimaiyyəti mitinqə dəstək vermədi, cəmiyyət üçün bu aksiya heç də maraqlı deyildi.

Mitinqdə diqqət çəkən və Azərbaycan müxalifətinin düşdüyü vəziyyəti real şəkildə göstərən məqam isə AXCP sədri Əli Kərimlinin digər partiya və QHT-lərin aksiyada iştirakına rəğmən, özünü müxalifətin lideri kimi təqdim etməsi oldu. Əslində bu müxalifətdaxili qarşıdurma fonunda Əli Kərimlinin növbəti “tək lider” gedişi idi və o, bununla həm digər siyasi partiyalara, həm də Qərb dairələrinə “əzələ nümayişi” göstərdi. İllərin siyasi təcrübəsi də nə iqtidarla normal danışıqları, nə də müxalifətdə konstruktiv münasibətləri qəbul etməyən AXCP sədrinin bu gedişinin nəyə hesablandığını təsəvvür etməyə imkan verir. Çünki bu şəxsin özündən başqa heç bir partiya liderini qəbul etmədiyi Azərbaycan müxalifətinin siyasi ədəbiyyatında “qızıl hərflərlə” yazılıb:

“Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi”.

Markesin “Patriarxın payızı” romanında yazdığı bu cümlələr Əli Kərimlinin siyasi psixologiyasını olduqca dəqiq ifadə edir. O, illərdir əzdiyi cəbhəçini yaxşı tanıyır, onu şantajla idarə etməyi yaxşı anlayır və daim onlardan qəbul etdiyi təriflərlə yaşayır.

Azərbaycan müxalifətində vəziyyət 25 ildir belə davam edir və belə də başa çatacaq. Bu gün keçirilən mitinq bunu dönə-dönə təsdiqlədi.

Təsdiqlədi ki, təqvimdən başqa heç nə dəyişmir və “Qərb cəbhəsində yenilik yoxdur!”.

Asif Nərimanlı

AzNews.az