Müxalifət özünə aid gündəmi sonuncu mitinq müzakirələri üzərində qurmaqda davam edir. Müxalifət özünə aid gündəmi sonuncu mitinq müzakirələri üzərində qurmaqda davam edir.

Yalanlardan zəfər çələngi hazırlamaq...

Müxalifət özünə aid gündəmi sonuncu mitinq müzakirələri üzərində qurmaqda davam edir.

Sosial şəbəkələrdə, internet müsahibələrdə 19 yanvar aksiyasının tam mübaliğə olan “uğur”undan ictimai xal qazanmaq, özünə zəfər çələngi düzəltmək cəhdi var.

Yəqin, hələ bir müddət mövzu bu olacaq.

Çünki siyasi mübarizədə öz varlığını qoruyub saxlamaq asan məsələ deyil; kimliyini müxalifət statusunda təqdim edənlər kütləvi aksiyaları və buradan çıxan hər detalı özlərinə diqqət predmeti kimi qiymətləndirməyə çalışır, yeni mitinqlərə həvəslənirlər.

Məsələn, birinci, kəmiyyət amilini və göründüyü kimi, əməlli sevincəyə düşüblər ki, əvvəlki ən zəif aksiyadan heç olmasa, bir addım irəliləyiblər. Yəni, 100-200 yeni mitinq həvəskarı qazanıblar. Lakin bu, sevinməyə, sosial şəbəkələrdə canfəşanlıq etməyə əsas verəcək nəticə deyil.

Cəmiyyəti arxasınca aparmaq iddiasına düşən qüvvənin gözünə onda işıq gələ bilər, o zaman müxtəlif tribunalarda gur səslə bəyanatlar verməyə haqqı çatar ki, fərqli bir ampulada olsun, yeni və reallaşma imkanı olanları vəd etsin, meydana yeni simalar çıxartsın.

Nə hansısa qabiliyyətli bir mitinq iştirakçısı, nə hansısa müstəqil kütləvi tədbir seyrcisi iddia edə bilməz ki, son aksiya daxil, bu qüvvələrin mitinqlərində hər zaman səmimiyyət olub. Səmimiyyət olmayıb.

Çünki hər mitinq bir naməlum, bədxah niyyətli xarici çevrənin sifarişi, ya da hansısa ictimai-siyasi fəalın həbs olunmasından mənfəət xarakterli səbəblə reallaşdırılıb.

Cəmiyyət özünü müxalifət çağıran qüvvələri əsl gerçəklik necədirsə, elə o cür tanıyır. Cəmiyyət bilir ki, müxalifət sosial bazasını itirib, illərdir, tükənə-tükənə gedir, dolğun, mükəmməl idarəçilik proqraması yoxdur, təşkilatiçi atmosferdə daim konflikt yaşayır.

Cəmiyyət anlayır ki, indi aksiya mövzusundan öz üzərinə diqqət çəkmə çabası göstərsə də, müxalifət beş-on partiya ilə epizodik birləşmələrdən say qazana bilər, amma müvəqqəti birlik sonradan onların arasında ixtilafa yol açan səbəblər yaradır;

Yəni ortada müəmmalı maddi dəstək varsa, onu bölmək çətinləşir; uğur varsa uğuru bölmək çətinləşir. Primitiv məsələlərdən də araya incikliklər düşür və müxalifətin əsl mahiyyətini görmək heç də mürəkkəb olmur.

Hələ nəzərə alsaq ki, birinin liderlik sevdası bir az qabaran kimi, o biri müxalifət lideri necə bir hirsin, qəzəbin içərisinə düşür, elə bu, kifayət edir ki, qarşıda qarşılıqlı söyüşlər, tənqidlər başlasın.

Əli Kərimlinin son mitinqdəki irəli çıxmaq, liderliyi ələ almağa yenidən cəhd göstərmək arzusu o qədər qabarıq oldu ki, bu, yaxın zamanlarda müxalifəti qarşılıqlı ittihamlar müstəvisinə mütləq çəkəcək. 20 ildir, belə deyilmi?

Keçmiş kifayət qədər cığalllıq, qısqanclıq, ortaq məxrəcə gələ bilməmək kimi misallarla zəngindir.

Amma keçmişə getməyə də lüzum yoxdur, elə son aksiyadan sonra irəlidəki addımlar məsələsində mövqelər əməlli haçalanıb.

REAL partiyasının sədri İlqar Məmmədov kütləvi aksiyaları davam etdirmək, tezliklə yeni aksiya planlamaq canfəşanlığını bölüşmür. O, mübarizənin ayrı üsullarına istinad edir və parlament seçkilərinə hazırlığı ön plana çəkir. Amma təklifə həmrəylik yoxdur, çünki digərlərinə meydan ssenariləri maraqlı, təbii ki, həm də rahat gəlir.

Çünki parlament seçkilərinə hələ var, amma ona qədər neçə-neçə aksiya planlamaq olar ki, bu yolla da cəmiyyətin diqqətini qazanmaq mümkün olsun. İstisna deyil ki, belə niyyətlər müxalifəti qarşıdurma həvəsinə də meylləndirə bilər.

Qarşıdurma müxalifət kimi hakimiyyət ehtiraslı qüvvə üçün bir qazancdır. İstər beynəlxalq dəstəkçilərinin gözünə girməklə maddı kapital qazanmaq olsun, istər ictimai xal qazanmaq.

Amma ikinci amil o zaman müxalifətin uğuru ola bilər ki, o, müxalifət bu cəmiyyətin tanıdığı kristal kimi tər-təmiz, cəfakeş, alnıaçıq, layiqli bir siyasi qüvvə olsun.

Halbuki, haçan siyasi sabitliyin pozulması meylləri görünüb, o zaman həmin meylin altından müxalifətin təmsilçiləri, AXCP-dəki radikalllıq hərisləri çıxıb. Əsl vətəndaş beləsinin maraqlarında iştirak etmir.

Dövlət vətəndaşın problemini küçələrdə yox, parlamentdə, mərkəzi hakimiyyət kabinetlərində həll edir. Üstəlik, bunun üçün nazirlərlərini vətəndaşla görüşlərə göndərir.

Sosial siyasətini onun sosial müdafiəsi üçün müəyyənləşdirir.

Əlbəttə, imkan verməz və verməməlidir ki, Azərbaycanın küçə və meydanlarında xarici çevrələrin kapitalı ilə çirkin ssenarilər gerçəkləşdirilsin və siravi, günahsız vətəndaşlar mitinqlərdə yalançı çağırışlara, pafoslu şüarlara aldanaraq, bu alverdə alətə çevrilsin.

Elman Babayev