Müxalifəti kim və necə birləşdirir?

Özünüzü yormayın, dağılışın evlərinizə...

Əslində unudulmuşların özlərini bir daha xatırlatması, hətta siyasi meyitlərin təkrar siyasi səhnəyə qayıtması üçün hazırda xeyli “münbit şərait” yaranıbdır – “sarı jiletli”lərin Avropanı bürümüş etirazlarından tutmuş, uzaq Venesuelada Nikolas Maduraya və hətta bu yaxınlarda Bakıda səfərdə olmuş yoldaş Emmerson Mnanqvaya qarşı Zimbabvedə başlamış siyasi etirazlar kimi geniş etiraz dalğası bürüyübdür dünyanı.

Hələ onu demirik ki, hörmətli C.Soros da son illərdə profilini bir qədər dəyişibdir, müxtəlif ölkələrin iqtisadiyyatını qarışdırmaqdan bu və ya digər dövlətlərdə siyasi qarşıdurmalar və ya “rəngli inqilablar” törətmək sahəsində ixtisaslaşmağa başlayıbdır.

Bir sözlə, indi dünyada kardinal dəyişikliklərə tələb artıbdır, odur ki, qəti təəccüblənmək lazım deyil ki, hətta ən ağılagələməz ölkələrdə belə, onlara “adekvat təkliflər” və xidmətlər müşahidə olunmağa başlayıbdır.

Dünyanın kiçik bir parşası olsaq da, əlbəttə ki, bizləri daha çox Azərbaycan düşündürür. Amma burada da son aylarda ötən onilliklər ərzində tamamilə qəlpələnmiş, xırdalanmış müxalifət qalıqlarını yenidən bir araya gətirmək və hətta “birləşdirmək” meyilləri sezilir.

Sözsüz ki, adicə toplantılar və bu toplantılarda meydana çıxan yeni adlar və abreviaturalar hələ təlaşlanmaq üçün əsas vermir.

Bir tərəfdən, bunlar da – bəli, kimlərlə oturub-durmaq məsələsi və ya özünə hansı adı qoymaq da “müxalifətçi” adlanan insanların konstitusion haqqıdır və gözəl Konstitusiyamız düz üç dəfə dəyişsə də heç kim bu haqqı onların əlindən almayıbdır.

Digər bir tərəfdənsə, geniş spektrdə götürəndə Azərbaycanda nəinki güclü etirazlar, hətta hiss olunacaq siyasi etiraz dinamikası üçün zəmin görünmür. Üstəlik, bu vaxtadək müxalifətin onlarla çeşidli siyasi adlar və ya formatlar yaratmasının şahidi olmasaydıq, ən başlıcası da bu yeni adlar altında təzədən “siyasi meydana” qayıdan adamları tanımasaydıq, bəlkə də hansısa fikrə düşə bilərdik. Amma adlar da bizə tanışdır, bu adların arxasında qərar tutan personalar da...

Ən maraqlısı budur ki, daha fərasətli və daha böyük siyasi alverçilər, hələ ki müxalifət qalıqlarının yenicə təsis etdiyi “xalq hərəkatı”nın çətiri altına yığışmağa tələsmirlər. Bunun bir səbəbi, onların köhnə mərəzi ola bilər – ya böyük alverçilər böyük birlikləri öz ətraflarında görməyə alışıb, ya da onları çəkindirən hansısa başqa məqamlar var. Bütün hallarda, çox tez zamanda “yeni hərəkat”ın yaranma motivləri bizə də aydın olacaqdır.

İndilik isə yalnız onu demək olar ki, bunların qulağına kimsə nəsə pıçıldayıb. Amma kim pıçıldayıb və nə pıçıldayıb – etiraf edirik ki, hələ bizim üçün qaranlıqdır bu məsələ.

Amma tamam mümkündür ki, biz yenə tanış sindromun təkrar təzahürünü müşahidə edirik - vaxtilə Gürcüstanda, sonra Ukraynada, daha sonra ərəb ölkələrində baş verən rəngli siyasi təlatümlər və rəngli fəsillər müxalifətimizi qanadlandırdığı kimi, yenə də haradsa baş verən hansısa olay bunları yerindən oynadıbdır.

Həm də açığı, maraqlı deyil bizim üçün. “Xalq hərəkatı”nın təsis toplantısından fotoları nəzərdən keçirməklə özümüzdə yeni “hərəkat”la bağlı təsəvvür yaratmağa çalışdıq.

Amma tez də məyus olduq. Orada qəti yeni sima görmədik; fotolardan onillərlə gözümüzü qabar etmiş simalar baxırdı bizə...

Qərəz, yenə köhnə simalar və ya şüarlar, bəyanatlar! Odur ki, bu adamların sayəsində yaranan “təşkilat”ın nəyəsə qadir olduğunu zənn etmək üçün gərəkdir ki, tamamilə irrealist-sürrealist bir adam olasan.

Bunun özü də haradasa təskinlikverici bir məqamadır, amma rusların qədim bir məsəli var: ağılsızlıq hələ dözüləsi haldır, amma təşəbbüskar ağılsızlar artıq təhlükədir...

Fəqət, düşünmürük ki, bu adamlar hətta “güclü təhlükə” yaratmaq iqtidarında olsunlar. Bir daha deyirik ki, ortada bir alver predmeti var və ola bilsin ki, lap yaxın günlərdə peşəsi müxalifətin daha “əzəmətli və böyük birliklər”ini yaratmaq olan bəzi alverçi fərdlər də işə başlayacaq, çünki deyəsən, ortada qazanc imkanı var...

Amma neçə illər bundan əvvəl müxalifət düşərgəsindəki olayları siyasi kombinatorika kimi səciyyələndirmişdik, di gəl ki, onlar bundan hansısa nəticə çıxarmadılar – ya kombinatorika nə olduğunu bilmirlər, ya da ki, bacardıqları budur.

Odur ki, bir daha, təkrar ərz edirik. Qardaşlar, “yeni” siyasi adlar tapmaq, hətta bunları elan etmək üçün siyasi məkan tapmaq elə də çətin məsələ deyil, ən çətini bunlar üçün siyasi dəstək tapmaqdır. Bunu isə siz heç vaxt bacarmamısınız və indi də bacarmırsınız. Bircə anlığa adi bir sual üzərində yaxşı-yaxşı düşünün: sizin toplantınızdan fotolara baxan hansısa bir adam yenidən arxanızca düşərmi?..

Demirəm ki, bugünkü Azərbaycanda hər şey tamam-kamal əladır, hətta yaxşıdır – yox, o qədər problem var ki...

Amma gəl, siyasi praktikada da bəzən pislə, sadəcə, babat-ortabab arasında seçim etməli olursan və inanın, hətta problemlərə, ən müxtəlif məsələlərə bu aspektdən yanaşan bəzi “narazı”lar belə, yenə də sizinlə birgə olmaq istəməyəcək, çünki ingilislərin məşhur kəlamı var: istənilən qayda, qaydasızlıqdan yaxşıdır. Bəli, nə uzaq illərdəki qaydasızlıq unudulubdur, nə də illər ərzində sizin qafalarınızda bir qayda yaranıbdır; odur ki, özünüzü yormayın, dağılışın evlərinizə...

Hüseynbala Səlimov
AzNews.az