Təəssüf ki, siyasət hələ də yalansız, şişirtməsiz ötüşmür... Təəssüf ki, siyasət hələ də yalansız, şişirtməsiz ötüşmür...

Erməni nazir niyə yalan danışır?

Təəssüf ki, siyasət hələ də yalansız, şişirtməsiz ötüşmür...

Odur ki, həmişə və hər yerdə siyasətçilər bu və ya digər dərəcədə yalan danışmalı olurlar.

Ermənistanda isə yalan artıq məişət hadisəsinə çevrilibdir, təkcə siyasət və diplomatiya adamları deyil, hamı yalan danışır: jurnalistlər və ictimai xadimlər, alimlər, sənət və mədəniyyət adamları...

Amma qonşularmızın bu xüsusiyyəti üzərində çox da dayanmayacağıq. Bir daha onu qeyd etməklə kifayətlənəcəyik ki, bu ölkədə hər şey yalana bürünüb: yalnız bu gün yox, həm də keçmiş və hətta gələcək də.

Bizi hamıya, hətta uşağa da bəlli olan bu detala müraciət etməyə isə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın son açıqlamaları vadar etdi.

Əgər ona inansaq, hələ ki Dağlıq Qarabağ məsələsində hansısa bir irəliləyiş yoxdur və guya ki, Ermənistan özünün əvvəlki tələblərindən bir qarış belə uzaqlaşmayıbdır: həm Dağlıq Qarabağın statusu məsələsində, həm də onun təhlükəsizliyilə bağlı məsələlərdə İrəvan yenə də əvvəlki siyasi xəttini davam etdirir...

Əlbəttə, bizim bu cür bəyanatları inkar etmək iqtidarında olan hansısa dəqiq informasiyamız yoxdur.

Amma Rusiua mənbələrinə, xüsusən də rusiyalı politoloqların açıqlamalarına inansaq, tərəflər Qarabağ problemilə bağlı “Böyük saziş” imzalamağa çox yaxındırlar.

Prinsipcə, erməni nazri başa düşmək mümkündür. Əgər dərhal bəyan etsən ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanın beş rayonunu, daha sonra isə iki rayonunu da qaytarmağa hazırlaşır, o halda Dağlıq Qarabağ siyasi klanının qalıqlarının hansı oyunlardan çıxacağını təsəvvür etmək elə də çətin iş deyil; onlar dərhal hay-küy salacaqlar ki, N.Paşinyan Bakı ilə sövdələşərək Qarabağı Azərbaycana qaytarır...

Amma digər bir tərəfdən də, axı nə vaxtsa düzgün və səmimi bəyanatların da vaxtı çatmalıdır, deyilmi? Əgər Ermənistan əvvəllərdə olduğu kimi Dağlıq Qarabağın müstəqil olmasında israr edəcəksə, onda problem “ölü nöqtə”dən tərpənməyəcək və tərəflər dalan vəziyyətindən çıxa bilməyəcəklər.

Hələ demirik ki, burada bundan başqa daha bir vacib məqam da var; dalan vəziyyətində olan təkcə Dağlıq Qarabağ problemi deyil, həm də Ermənistanın özüdür. Fevral ayında yeni hökumətin formalaşmasının detalları başa çatacaq. Amma dərhal sual yaranır: Sonra nə olacaq? Ölkə özü “ölü nöqtə”dən tərpənə biləcəkmi?..

Bəli, ermənilər Dağlıq Qarabağ müharibəsinin cəlladlarına nəinki Gürcüstanda, hətta uzaq Antarktidada və yaxud da ki, Ayın görünməyən tərəfində “abidə”lər ucalda bilərlər. Amma dostlar, doğrudanmı bundan erməni uşaqlarının, qadınlarının və ya qocalarının qarnı tox olacaqdır?..

Axı Dağlıq Qarabağla bağlı nizamlanma prosesi yenidən süni şəkildə uzadılmağa başlayanda Ermənistan ətrafındakı izolyasiya həlqəsi bir az da daralmağa başlayacaq. Bu isə o deməkdir ki, ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşəcək, işsizlik artacaq, infliyasiya çoxalacaq, ölkədən mühacir axını bir az da güclənəcək...

Üstəlik, regional geosiyasi müstəvidə də işlər qaydasında deyil – ermənilər hələ də Qərblə Rusiya arasında sərfəli və təhlükəsiz vəziyyət tutmaq istəyən N.Paşinyanın inqilab zamanı vəd etdiyi geosiyasi və geoiqtisadi “şpaqat”ın intizarındadırlar. Alınacaqmı? Əlbəttə ki, yox! O səbəbdən ki, Kreml artıq N.Paşinyana “diş”lərini göstərir.

Ermənistanın baş nazirinin Rusiyaya son səfəri onun üçün biabırçı şəkildə bitdi. Belə ki, N.Paşinyanı yüksək qəbulla xoşbəxt etmək üçün Rusiya prezidentinin iş qrafikində yarım saatlıq vaxt tapılmadı, onu Moskvada yalnız baş nazir D.Medvedev qəbul etdi.

Bu, Paşinyanın Moskvaya düz dördüncü səfəri idi və elə əvvəlki səfərlərdə də xüsusi bir diqqət olmamışdı, əksinə, hər səfər Kremllə İrəvan arasındakı uçurumu bir az da artırmışdı. Sözsüz, burada çox vacib olan bir detal da var: Rusiya ikibaşlı oyun aparır.

Bir tərəfdən deyirlər ki, rayonların qaytarılması üçün hər şey hazırdır. O biri tərəfdən də guya bilmirlər ki, Paşinyanı sülhə getməkdən çəkindirən əsas amillərdən biri də Dağlıq Qarabağ siyasi klanının mümkün təzyiqləridir. Bu klanın “ip”ləri Kremlin əlindədir, istədiyi vaxt onları öz yerində oturda bilər. Amma nə edirlər? R.Koçaryana təbrik teleqramaları göndərirlər! Bunu isə yalnız belə yozmaq olardı ki, Kremlin məqsədi heç də Qarabağ problemini həll etmək, hətta rayonları qaytarmaq da deyildir, yalnız Paşinyana təzyiq etməkdir...

Odur ki, təkcə Z.Mnatsakanyan üçün deyil, elə N.Paşinyan cənablarının özü üçün də düşünməli məqamlar çoxdur.

Dağlıq Qarabağ mirajı hələ üfüqlərdə çox görünəcək (həm də Rusiyanın sayəsində!) və erməni diplomatların, siyasətçi və hərbçilərin beynini, təsəvvürlərini çox dumanlandıracaqdır.

Cənablar, daha realist və ayıq siyasi qərarların vaxtı çatmayıbmı? Axı elə anlar olur ki, siyasətçilərin özlərinin də həqiqəti söyləməkdən savayı çıxış yolu qalmır. Müdrik insanlar adamlara həmişə həqiqəti deməyi tövsiyə ediblər, çünki onların fikrincə, məhz həqiqətdə xeyirxahlıq və xoş məram qərar tapır.

Əks təqdirdə, N.Paşinyan baş nazirliyin bircə müddətinin axırına ayaqlarını sürüyə-sürüyə, zorla çatacaq – özü də ən yaxşı halda! Sonra isə “siyasi Olimpi” başqa demaqoqa güzəşt etmək lazım gələcək - əgər buna qədər ölkə tamam sosial-iqtisadi uçuruma və ya iqtisadi kollapsa yuvarlanmazsa...

Belə siyasi tərsliyin finalı aydındır – bu, tamam uğursuzluq və hətta siyasi biabırçılıq olacaq. Odur ki, yüzə-yüz siyasi məğlubiyyətə aparan yolun ağını çıxarmağa heç dəyərmi?

Bəlkə artıq dayanmağın və yaxşıca düşünməyin vaxtıdır?..

Hüseynbala Səlimov
AzNews.az