Birdəfəlik müavinət haqqında ilk dəfə qərar veriləndə, məgər küçələrdə etiraz hay-küyü var idi? Birdəfəlik müavinət haqqında ilk dəfə qərar veriləndə, məgər küçələrdə etiraz hay-küyü var idi?

Hakimiyyət o siyasi qüvvədən çəkinər ki...

Birdəfəlik müavinət haqqında ilk dəfə qərar veriləndə, məgər küçələrdə etiraz hay-küyü var idi?

Diqqət edirsinizsə, bir tərəfdə son zamanlar dövlət başçısının çeşidli məsələləri əhatələyən müsbət addımları, onları əks etdirən maraqlı fotolar, buna aid cəmiyyətdən gələn məmnun statuslar, açıqlamalar, digər tərəfdə isə, hakimiyyətə düşmən cəbhəsi açan qüvvələrin xoşniyyətli qərarlara kölgə salmaq, bunu ictimai narazılıqlardan çəkinmək, geri çəkilmək kimi mənasız yozumlar var.

Hətta xarici radiostansiyaların yerli bürolarında, xaricdən idarə olunan sosial şəbəkə səhifələrində iqtidarın pozitiv qərarlarını uzun-uzadı, bənd-bənd izahlayan, qeyri-düzgün bir yanaşma səslənməkdədir. Yəni, şəhid ailələrinin etiraz aksiyalarından tutmuş Mehman Hüseynov məsələsindəki daxili və beynəlxalq təzyiqlərə qədər, guya tənqid, hətta giley-güzar nişanəsi olan hər məsələ mövcud hakimiyyətin sərt siyasətdən loyal siyasətə keçməsinə öz təsirini göstərdi.

Başqa sözlə, heç demə iqtidarda olan komanda qorxdu. Gülməli səslənir deyilmi?

Hakimiyyət qorxar o zaman ki, o, doğrudan da, şəhid ailəsini, Qarabağ əlilini tamamilə gözdən çıxarıb; ona heç bir sayğısı yoxdur; onun güzəranı üçün indiyə qədər humanist addımlardan geri durub və bu münasibətin qarşılığında son dərəcə həssas olan bu təbəqə günlərin bir günü küçələrə kütləvi şəkildə çıxıb, onu sevmədiyini söyləməkdən çəkinməz. Hakimiyyət yaxşı əmindir ki, hər şey bunun əksidir.

Mövcud rəhbərlik şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin evlə, maşınla təminatına aid onlarla xoş qərarlar verib; illərdir, bu proses ardıcıl yerinə yetirilir. Məgər o sərəncamları, o sosial xarakterli proqramları Əli Kərimlimi imzalayıb?

Hansısa dövlət qurumları ilə bəzi şəhid ailələri arasında yaranmış anlaşılmazlıq birbaşa hakimiyyətlə meydana çıxan narazılıq kimi götürülə bilməz. Elə olsaydı, prezident İlham Əliyev narazıların qarşısına çıxıb məsələni hamının xoşuna gələn bir müstəviyə çəkməzdi. Anlamaq lazımdır ki, hər sahənin irili-xırdalı problemini aparıb dövlət siyasətinə, birinci, ikinci, üçüncü şəxslərə bağlamaq naşılıqdır. İcraedicilər bəs, nə üçündür?

Verilən tapşırıqlar hansı səviyyədə pozulursa, giley yaradırsa, günah o çərçivəyə aiddir və belə bir hal vətəndaşı dövlətinə xain baxmağa məcbur edə bilməz. Və icraçılar düz işləməyəndə, vətəndaşı incidəndə, ənənəvi olaraq sərt xəbərdarlıq da prezidentdən gəlib, əlavə göstərişlər də. Üstəgəl, son məsələ timsalında olduğu kimi, prezident birbaşa özü məşğul olmağa başlayıb.

Ötən ilin aprel ayında birdəfəlik müavinət haqqında ilk dəfə qərar veriləndə, məgər küçələrdə etiraz hay-küyü vardımı? Məgər şəhid ailəsi mitinqlərə çıxırdımı? Təşəbbüskar prezident idi. O, sosial durumu yaxşılaşdırmaq niyyətini, xoşməramlı ideyaları heç bir tənqiddən, istəkdən, təklifdən almırdı, şəxsən düşünüb, möhür qoyurdu.

Odur ki, müxalifət və onların ruporları həllini tapan məsələlərdə qorxaqlıq əlamətləri axtarmaqla, həm beynəlxalq çevrələrin gözündə öz obrazlarını böyütmək istəyir, həm də daxildə xeyli sayda vətəndaşın gözünə öz “cəsarət”ləri ilə girməyə çalışırlar.

Durmadan analizlər verilir, açıqlamalar alınır ki, müxalifətin 19 yanvar aksiyası hakimiyyətin içinə təlaş salmasaydı, nə Mehmanların azadlığa çıxmaq şansı yarana, nə “Azərenerji”də ixtisara düşənlərin işlə təminatı məsələsi diqqətə alınardı.

İlham Əliyevin heç bir təzyiqə, təhdidə boyun əymədiyini biz dəfələrlə beynəlxalq dairələrlə dialoqlarda, onlara necə cəsarətli səsləndiyində müşahidə etmişik. Öz ölkəsinin maraqlarına zidd qərarlar verəcək xarici aləmin təzyiqlərini heçə endirən bir dövlət adamı bir ovuc müxalif insandan çəkinəcək deyil, əlbət!

Dövlətə siyasətini necə qurmağı nə müxalifət öyrədir, nə küçələrdə səslənən şüarlarla hökumət proqramları qəbul edilir. Azərbaycan dövləti öz vətəndaşını, öz problemlərini yaxşı bilir. Bütün resurslarını, potensialını təhlil edib dəyərləndirən iqtisadi komanda ilə sosial sahəni birinci planda tutur, hər zaman. Hər ilin dövlət büdcəsində iki sahə prioritetdir: sosial sahə və ordunun gücləndirilməsi.

Müxtəlif yollarla güclənmək cəhdi göstərən müxalifətsə geri çəkilmək kimi böhtan “arqument”ində böyük yalanlar uydurur, başqa heç nə edə bilmir, əslində.

Görülən işləri öz adıyla çağırmaq qədər obyektiv, etirafçı ola bilmir. Çünki onda onu siyasi gündəmdə saxlaya bilən “tənqid”i mövzunu, “ittiham” predmetlərini əlindən vermiş olur...

Hakimiyyət qorxar, o siyasi qüvvədən ki, onun cəmiyyət içərisində ciddi nüfuzu var, istənilən narazı adamı dərhal öz tərəfinə çəkmək imkanına sahibdir. Belə bir güç varmı?

Yeri gəlmişkən, mitinqlər hakimiyyətin maraqlarına hər zaman cavab verir, çünki bu mitinqlər hansı siyasi qüvvənin ətrafında nə qədər insan dayanır, bunu çox aydınca ortaya qoyur. Cəmiyyətə dəqiq bir mesaj verilir: güclü kimdir?

Cəmiyyət görür ki, müxalifət adlanan hissənin hakimiyyət potensialı sıfıra bərabərdir, üstəlik, onların aksiyaları şübhəli mənbələrdən ayrılan pullarla idarə olunur, deməli, onun incik düşdüyü məsələlərə etirazı ilə siyasi qüvvənin etirazı arasında ciddi fərqlər dayanır. Bu baxımdan, hər hansı bir şəhid ailəsi, iş yerini bəlli səbəblərdən itirənlər hansısa prosesdən müvəqqəti narazı düşmüş hissədir. Odur ki, onun məsələsi öz müsbət çözümünü siyasətçilərin mitinqində tapa bilməz, təbii ki, yenə də hakimiyyətin özüylə həll edilə bilər. Necə ki, Mehman Hüseynovun da, şəhid ailələrinin də məsələsi hakimiyyət tərəfindən müsbət çözüldü.

Hələ bundan sonra da daha neçə-neçə məsələnin müsbət həllini istəyəcək, bunu reallaşdıracaq tərəf, əlbəttə ki hakimiyyətin özüdür...

Qaynaq: https://elmanbabayev.blogspot.com/2019/01/hakimiyyt-o-siyasiquvvdn-qorxar-ki.html?fbclid=IwAR2cP_C3VHPEAVzD8_JFJMyGMm7W8RO32gvpbXV502-Goywq-9TEotGBT5k