Bir sıra ölkələr həyəcan təbili çalır ki, təşkilat iflic olunmuş vəziyyətdədir. Bir sıra ölkələr həyəcan təbili çalır ki, təşkilat iflic olunmuş vəziyyətdədir.

Moskva KTMT-nın baş katibinin təyinatını niyə yubadır?..

Bir sıra ölkələr həyəcan təbili çalır ki, təşkilat iflic olunmuş vəziyyətdədir.

Artıq yetərincə vaxt keçməsinə baxmayaraq KTMT-nın baş katibi məsələsi hələ də həllini tapmayıb.

Hətta problemin həll prosedurları ilə bağlı vahid rəy yoxdur. Bəziləri iddia edir ki, təşkilatın nizamnaməsi onu məhdud dairədə, Ermənistanın iştirakı olmadan çözməyə imkan verir.

Digərləri isə deyirlər ki, nizamnamədə belə bir prosedur nəzərdə tutulmayıb, çünki baş katibin seçilməsi hansısa taktiki-texniki məsələ deyil. Beləcə, məsələ uzanmaqda davam edir, baxmayaraq ki, onun həlli bəzən formal-təqvim məsələsi kimi asan görünür.

Bir sıra ölkələr həyəcan təbili çalır ki, təşkilat iflic olunmuş vəziyyətdədir. Məsələn, bu günlərdə Belarus prezindeti A.Lukaşenko bildirmişdi ki, hazırda KTMT-də qeyri-sağlam bir şərait yaranıb və bu özünü baş katibin təyin olunmasında göstərir.

Amma Rusiya təmsilçiləri bu narahatlığı qəti bölüşmürlər, onlar da öz növbələrində iddia edirlər ki, təşkilatın rəhbərliyində heç bir “vakuum” – filan yoxdur və o, funksionallığını saxlamaqdadır.

Görünür ki, qərarın yubanmasının kökünü də elə burada axtarmaq lazımdır: Kreml tələsmir, çünki “gözləmə rejimi” onun maraqlarına daha çox cavab verir, nəinki problemin sürətli həlli.

Baxın, Ermənistan üçün azərbaycanpərəst Belarusun nümayəndəsinin – özü də ali hərbi təhsilini Bakıda almış Aleksandr Zasın təyin olunması qətiyyən məqbul deyil.

Eyni sözləri Azərbaycan haqqında da demək mümkündür: Bakı bilavasitə KTMT-da təmsil olunmasa da bu müstəvidəki prosesləri, “Rusiya NATO-sundakı” vurnuxmaları böyük diqqətlə izləyir və üstəlik, onlara real təsir rıçaqları da var, beləki təşkilatın “nüvə”sini təşkil edən bir neçə ölkənin, xüsusən Qazaxıstan və Belarusun Azərbaycanla münasibətləri isti və etibarlıdır və bu ölkələr KTMT – da təkrar erməni təmsilçisinin əyləşməsinin qarşısını almaq gücündədirlər.

Burada başqa faktorlar da yox deyildir. Qeyd etmək lazım gəlir ki, hazırda Rusiya ilə Belarus arasında yenə də gərgin münasibətlər yaranıb.

Biz faktiki olaraq hər ilin əvvəlində, hər qış ərəfəsində bu iki ölkənin münasibətlərində təbiətdəki havaya tam uyğun olaraq soyuq münasibətin yaranmasına adət etmişik –bu da adətən enerji daşıyıcıları ilə bağlı olur.

Amma iki ölkənin münasibətlərində həm də “qeyri –mövsümi” problemlər də var, onlardan biri də birgə “ittifaq dövləti” yaratmaqla bağlı çabalardır.

Aydın məsələdir ki, A.Lukaşenko üçün “ittifaq dövləti” söhbəti siyasi konyunktura məsələsidir. Özünün hakimiyyət maraqlarından asılı olaraq Belarus prezidenti Moskva ilə münasibətləri “tənzimləyir”; Qərbin təzyiqi artanda Lukaşenko dərhal böyük slavyanofilə çevrilir və Rusiya ilə inteqrasiya haqda “ciddi düşünməyə” qərar verir. Amma ki, Moskva üçün məsələ heç də konyunktur xarakter daşımır, ölkə məmnuniyyətlə Krımı da “həzm” edərdi. Odur ki, Lukaşenko təhlükəli həddi hiss edəndə təzədən Qərbə tərəf dönür və Avropaya yönəlik jestlər etməyə başlayır...

Elə bu səbəbdən bir çox analitiklər belə hesab edirlər ki, KTMT-nın baş katibinin təyinatını yubatmaqla Kreml həm də Minski cəzalandırır. Məhz buna görə onlar düşünürlər ki, problem bu il həll olunmayacaq və təşkilatda baş katib funksiyasını Rusiya nümayəndəsi yerinə yetirəcək.

Amma başqa bir məqam da var. Hazırda Kreml Suriya məsələsinin həllilə məşğuldur. O, təkcə Ankaranın və Tehranın yox, ümumiyyətlə, digər ölkələrin də gözündə daha bir “yalquzaq” - tənha ölkə kimi görünməməkçün özünü güclü hərbi blokun rəhbəri kimi təqdim etməkdə maraqlıdır.

Gəlin digər məqamı xatırlayaq. Bu yaxınlarda N.Paşinyan Suriyaya məhdud sülhməramlı kontingent göndərməyə qərar verdi. Bunu çoxu Kremlin “məsləhəti” kimi yozur və istisna deyil ki, digər ölkələrə də bu cür “məsləhət”lər veriləcəkdir. Bunun üçün isə KTMT-nın cilovları Kremlin öz əllərində olmalıdır...

Hüseynbala Səlimov