Əlbəttə ki, V.Yuşşenkonun, P.Poroşenkonun vədlərinin heç də hamısı gerçək olmadı. Heç Zelenskinin də dediklərinin hamısı çin olmayacaq Əlbəttə ki, V.Yuşşenkonun, P.Poroşenkonun vədlərinin heç də hamısı gerçək olmadı. Heç Zelenskinin də dediklərinin hamısı çin olmayacaq

Bir seçki ilə Ukrayna neçə mifi dağıtdı...

Əlbəttə ki, V.Yuşşenkonun, P.Poroşenkonun vədlərinin heç də hamısı gerçək olmadı. Heç Zelenskinin də dediklərinin hamısı çin olmayacaq

Güman ki, siz də izləyirsiniz. Rusiya telekanallarının iki əsas mövzusu var: ABŞ və Ukrayna...

Gəlin ABŞ-ı hələlik bir tərəfə qoyaq, ən azı ona görə ki, bu, bir ilin, hətta bir dövrün də dərdi deyil.

Bir az yaşlı insanlar yəqin çox yaxşı xatırlayır ki, sovetin də vaxtında ruslar gecə-gündüz ABŞ-ı söyürdü, qarğıyırdı, şərləyirdilər. Amma kimin söyüşü daha keçərli, kimin qarğışı daha kəsərli oldu. Fikirləşirik ki, bunu bir daha vurğulamağa dəyməz.

Keçək Ukraynaya. Bəli, az qala, hər gün deyirdilər ki, bəs Ukraynada faşizim bərqərar olubdur, burada faşistlərlə əməkdaşlıq etmiş insanların kultu yaranır, ölkə onları özünün milli qəhrəmanlarına çeviribdi!..

Amma budur, Ukrayna demokratik seçki yolu ilə yəhudi əsilli Zelenskini özünə prezident seçdi. Buna nə deyəcəklər? Axı faşistlər yəhudi əsilli insanı öz prezidentləri kimi qəbul etməzlər! İndi kimə inanaq? Kremlin iyrənc və yalançı təbliğatına, yoxsa gördüklərimizə?..

Bu, bir mifdir və kobzarlar bircə seçkilə onu tamam alt-üst etdilər. Amma başqa miflər də vardı. Uzun müddət belə güman edilirdi ki, hələ xeyli vaxt keçmiş sovet məkanında demokratik institutların və ideyaların nüfuz sferası üç Baltik respublikası ilə məhdudlaşacaq. Budur, bunlar da səhv fərziyyə kimi artıq küncə atılmaq ərəfəsindədir–daha üç respublika, bəli, məşhur GUAM üçlüyü, yəni Ukrayna, Gürcüstan və Moldova artıq özünü yeni demokratik üçlük kimi təqdim etməkdədir...

Daha bir mif budur ki, guya heç də bütün cəmiyyətlər demokratiyaya hazır deyillər və bu cür düşünənlər digərlərinə daim təlqin edirdi ki, siz Baltik ölkələrinə baxmayın, onlar bir istisnadır, alman kimi millətdir və həqiqətən də xislətən avropalıdırlar, bu ölkələr demokratiya qura və yaşada bilərlər, amma digər əski sovet ölkələri tənbəl-tənbəl Moskvanın arxasınca sürünməlidir ki, bəlkə bir yerə çıxa bildilər.

Fəqət ki, Ukrayna, Moldova və Gürcüstan artıq bu mifi dağıdır – məlum olur ki, “sovetin şineli”ndən çıxan digər ölkələr də nəsə bacarır...

Ukrayna təkcə yəhudi əsilli insanı seçmədi, həm də səsini ənənəvi, məmur elitasından və ya oliqarxlar kastasından çıxmışın birinə yox, adi şoumenə verdi. Bununla məmur elitasına aid olan insanların daha bacarıqlı olması, oliqarxlar kastasınınsa hər şeyə qadir olması haqqındakı mif də dağıldı.

Yeri gəlmişkən, qeyd edək ki, hətta demokratik Qərbin özündə də getdikcə artan seçki xərclərini analiz edən bəzi politoloqlar gileylənir ki, demokratiya da xalqın hakimiyyətindən varlıların hakimiyyətinə - plutodemokratiyaya çevrilməkdədir.

Amma həm Qərbin öz təcrübəsi, həm də Ukrayna kimi gənc ölkələrdə baş verənlər bu cür hadisələr bunu deməyə əsas verir ki, ən azı belə nəticələrlə tələsmək lazım deyil. Bəli, şəffaflıq – getdikcə insanların həm hökumətlərin işində, həm də ki, siyasətçilərin həyatında görmək istədiyi əsas meyar budur.

Daha bir detal da var ki, o, mif deyil, amma doğru söhbət də deyil. Bəzən biz sovet adamlarının müsəlman kəsiminin bir uzun “nooolsun”u olur. Bunu normal insan dilinə çevirəndəsə belə anlaşır: iki Maydan, bir neçə demokratik seçki yaşasa da Ukrayna guya heç nəyə nail ola bilmir!

Nə demək olar? Tamamilə yalandır –oxuduqlarımız, o tərəflərə gedənlərin söhbətləri deməyə əsas verir ki, ölkə tədricən inkişaf edir, insanların rifahı yüksəlir, azadlıqları artır. Əlbəttə ki, V.Yuşşenkonun, P.Poroşenkonun vədlərinin heç də hamısı gerçək olmadı. Heç Zelenskinin də dediklərinin hamısı çin olmayacaq. Bilirsiniz, bu bütün dünyada belədir – siyasətçilərin dediklərinin hamısı gerçək olsaydı, daha problem qalmazdı ki, dünyada!..

Sadəcə, seçkidən seçkiyə, hətta hər Maydandan Maydana ölkə yavaş-yavaş dirçəlir, özünə gəlir. Axı Ukrayna həm də gənc dövlətdir– burada hər şey indi - indi qurulur. Bir az gözləmək olmazmı?..

Hüseynbala Səlimov