Minimum əməkhaqqı bu yarım il ərzində təkrar artırıldı Minimum əməkhaqqı bu yarım il ərzində təkrar artırıldı

İnqilabi islahatlar davam edir

Minimum əməkhaqqı bu yarım il ərzində təkrar artırıldı

Ümumilikdə 2019-cu ilin yarısı bitməmiş ölkədə bu artım 2 dəfəyə yaxın oldu. Biz 2019-u minimum əməkhaqqının 130 manatlıq həddi ilə qarşılamışdıqsa, indi – iyunun 18-də verilən sərəncamla bu hədd 250 manata yüksəlir. Bu isə insanların rifah halında əməlli-başlı dəyişiklik deməkdir.

Minimum əməkhaqqıyla bərabər müxtəlif sahələrdə işləyən əmək insanlarının da əməkhaqları artırılır. Aşağı-yuxarı 40 faiz təşkil edən bu artım həqiqətən də çox ciddi rəqəmlə ifadə edilir. Sadə bir örnəklə bunu belə izah etmək olar: tutaq ki, bir işçi hardasa 600 manat əməkhaqqı alır. Bu artımdan sonra onun əməkhaqqısı 40 faiz artmaqla 600 + 240 = 840 manat edəcək. Yaxud da 1000 manat əməkhaqqı alan işçi artımdan sonra 1400 manat alacaq və s. Ciddi artımdır, elə deyilmi?

Elədir! Özü də çox ciddi rəqəmlərlə ifadə edilən bir artım.

Məsələnin iqtisadi tərəflərini iqtisadçılar artıq izah edir. Sahəmiz olmadığı üçün o məsələdən yan keçməli oluruq. Bizim üçün önəmli olan zatən onun necə əsaslandırılması da deyil. Bizi maraqlandıran sadə insanımızın – vətəndaşımızın bu artımlardan necə faydalana biləcəyidir. Bu sualın cavabını bilmək üçünsə nəinki iqtisadçı, ümumiyyətlə yüksək savadlı olmağa gərək yoxdur. Daha bir sadə örnəklə bunu da izah edə bilərik. Tutaq ki, bir ailə başçısı minimum əməkhaqqı alır. Onun bir uşağı orta məktəbdə oxuyur. Sentyabrda uşağı məktəbə göndərmək üçün ən azı 100 manatlıq bazarlıq etmək lazımdır. Bu isə minimumla keçinən ailə üçün ciddi sıxıntı yarada bilərdi. İndi isə artım hesabına həmin məbləğin ən azı 70 manatı artıq təmin ediləcək. Yəni sonuncu rəqəmlərə görə, 180 manat əməkhaqqı alan bundan sonra daha 70 manat əlavə alacaq ki, həmin məbləği sentyabr öncəsi uşağının məktəb bazarlığına, sonrakı aylarda isə digər ehtiyaclarının ödənilməsinə yönəldə bilər. Özü də bu artım hələ son deyil və qarşıdakı müddətdə yeni artımlar gələcək.

Prezident İlham Əliyevin əməkhaqqı artımıyla bağlı sərəncamlarını belə sadə bir dildə izah etdikdən sonra istərdik ki, məsələnin əsl mahiyyətinə toxunaq. Bunu mümkün edən nədir?

Yaxud da ölkə Prezidentini tez-tez vətəndaşımızı sevindirəcək belə qərarlar verməyə motivə edən nədir?

Cavab çox sadədir. Bu cavab elə Prezident İlham Əliyevin ölkə rəhbəri olaraq həyat kredosunun özündə gizlənib. O, özünü hər bir Azərbaycanlının prezidenti kimi görür, bunu əməllərində daim büruzə verir, ən sadə vətəndaşımızın yanında yer tutur. Cənab Prezident sadə vətəndaşlarımızı – bəzən hansısa səbəblərdən sıxıntı keçirə biləcək insanları hamıdan çox düşünür. Onun bütün fəaliyyəti məhz belə insanların ehtiyaclarının qarşılanması üçün əlverişli şərait yaratmağa köklənib. Ona görə də mərhələ-mərhələ belə sərəncamlar-fərmanlar verir, sadə vətəndaşın üzünü güldürür.

Dünən elan edilmiş əməkhaqqı artımı həm də Prezident İlham Əliyevin 2018-ci ilin aprelində növbəti dəfə bu vəzifəyə seçilməsindən sonra gerçəkləşdirdiyi inqilabi islahatlar zəncirinin növbəti halqasıdır. Bəli, ölkədə inqilab baş verməkdədir və bu inqilabın müəllifi-öndəri Prezident İlham Əliyevdir! Özü də o, Azərbaycan insanının maraq və mənafelərini rəhbər tutaraq atır bu addımlarını!

Yeri gəlmişkən, bu ilin əvvəlində də artım olmuşdu. O da çox ciddi rəqəmlə ifadə edilən artım idi. Həmin günlərdə radikal müxalifətin bəzi dağıdıcı elementləri iddia edirdilər ki, Prezident onların etirazlarını və tələblərini nəzərə alaraq atıb o addımı. Təbii ki, onların bu boş iddiası cəmiyyəti çox da məşğul etmədi. Çünki insanlar həm Prezident İlham Əliyevin xalqın rifahına yönəlik siyasətini, həm də dağıdıcı radikalların cığallıqlarını yaxşı bildiyi üçün gülüb keçdilər. Lakin onlar da öz şakərlərindən əl çəkə bilmədilər, bir balaca ictimai rəyi məşğul etməyə çalışdılar.

İndi isə Prezidentin bu artım qərarı qəfil oldu. Dağıdıcı radikalların heç xəbəri də yox idi ki, belə bir addım atılacaq. Yaxud da, həmkarımız Taleh Şahsuvarlının sözüylə desək, ilin əvvəlində olduğu kimi, bu yaxınlarda da heç bir mitinq, etiraz filan keçirməyiblər ki, Prezidentin əməkhaqqı artımı qərarını öz adlarına çıxalar. Ki, bəs biz tələb etdik, ona görə oldu. Cənab Prezident bu planlı, yaxşı düşünülmüş və kənar qüvvələrə dəxli olmayan gedişilə onları – radikal dağıdıcı ünsürləri seytnota saldı…

Biz nə deyirik həmişə? Tək güvənc yerimiz Azərbaycan dövləti, onun Prezidentidir! Əgər vətəndaşımız bundan sonra bu güvəni davam etdirəcəksə (ki, buna heç vaxt şübhə etmədik), Azərbaycan insanının rifah halı yenə də yüksəlməyə davam edəcək. Çünki Azərbaycan Prezidenti hər şeydən öncə ən sadə vətəndaşımızı düşünür.

Sözardı: İqtisadçı dostlarımız izah edir ki, bu artımdan sonra Azərbaycan vətəndaşın alıcılıq qabiliyyətinə görə, MDB məkanında 2-ci yerə yüksəlir. Açığı, olduqca böyük uğurdur. Özəlliklə də bir neçə il öncə baş vermiş devalvasiyadan sonra belimizi dikəldib özümüzə gəlməyimiz, ardınca da belə inqilabi gedişlərlə irəli çıxmağımız adi vətəndaş olaraq şəxsən məndə əlavə qürur hissi oyadır. Bu dövlətlə qürur duymamaq mümkün deyil!

Azər Həsrət