Unutmayaq ki, regionun geosiyasi durumu da statik deyil, dəyişkəndi, əlverişli fürsət heç də həmişə ələ düşmür Unutmayaq ki, regionun geosiyasi durumu da statik deyil, dəyişkəndi, əlverişli fürsət heç də həmişə ələ düşmür

Biz daha hansı fürsətdən yararlana bilərik?..

Unutmayaq ki, regionun geosiyasi durumu da statik deyil, dəyişkəndi, əlverişli fürsət heç də həmişə ələ düşmür

Deyəsən S-400 -lər ətrafındakı ehtiraslar bir az səngimək üzrədir. Görünür, məsələ Birləşmiş Ştatlarda da F-35 təyyarələrilə bağlı qərardan o tərəfə getməyəcək – güman, ətrafı ABŞ prezidentini Senatın F-35-lərlə bağlı qərarına dəstək verməyə razı salacaq və bununla da iş bitəcək, o səbəbdən ki, hiss olunur, prezident D.Trampın dərinə getmək fikri yoxdur və əgər belə fikri olsaydı, prinsicə, bunu dərhal biruzə verərdi, çünki Tramp çox emosional adamdır, nəsə xoşuna gəlməyəndə dərhal özündən çıxır və tez də sosial şəbəkələrdə alovlu statuslar yazır.

Ən son açıqlamasında da o, yaranmış vəziyyətə görə bir daha keçmiş prezident B.Obamanı suçladı.

Bundan başqa, hazırda ABŞ-ı İranla müharibədən zəif bir “arakəsmə”nin ayırdığı vaxtda, regionda daha bir münaqişə ocağı yaratmaq Vaşinqtonun maraqlarına qəti cavab vermir, çünki müsəlman dünyası deyilən fenomeni də tamam nəzərə almamaq olmaz. Müsəlman dünyası məsələsi də elədir ki, son illərdə bu müstəvidə ABŞ ilk rollarda Səudiyyəni görmək istəsə də, mübaliğəsiz demək olar ki, islam aləmi daha çox Türkiyə ilə təmsil olunur, ona görə ki, Ankara ərəb-İsrail və İsrail–Fələstin məsələləri kimi həssas problemlərdə demək olar ki, islam aləminin ən əsas ruporudur.

Düşünürük ki, Vaşinqtonda həm də özlərinə onunla təskinlik verirlər ki, guya bu prezidentlik müddəti R.T.Ərdoğan üçün son müddət olacaq, gəl, nə Türkiyə prezidentinin özü, nə də ölkənin aparıcı analitikləri hələ belə düşünmür, baxmayaraq ki, son munisipal seçkilər və xüsusən də hakim partiyaya yaxın siyasi platformada baş verən yeni qruplaşmalar ən cəsarətli proqnozlar üçün belə zəmin yaradır və biz arabir onları eşidirik.

Amma Türkiyə prezidentinin sərəncamında hələ dörd il var, xüsusən də çox güman ki, Rusiya ilə məşhur hərbi sövdələşmədən sonra onun siyasi reytinqi bir az da artıbdı, çünki S-400–lər məsələsi Türkiyə üçün həm də imic məsələsi idi və indi çoxuna aydın oldu ki, Ankara heç də ABŞ-ın başıaşağı, itaətkar satelliti deyil, baxmayaraq, əvvəllər də ölkə dəfələrlə müstəqil siyasət əlamətləri nümayiş etdirmişdi.

Burada başqa bir vacib məqam var. Özü də bu məqam siyasi olmaqdan daha çox, siyasi–psixoloji mahiyyət kəsb edir. Biri var, kiminləsə hesablaşmağa məcbur olasan, biri də var, ürəyində kiməsə qarşı xoş və dost hislər olsun. Bunlar tamam fərqli şeylərdir. Sirr deyil ki, bu müasir arxi-mürəkkəb dünyada əksər ölkələr ABŞ-la hesablaşmağa məhkumdurlar, amma ürəklərinin dərinliklərində isə onlar az qala, anti – amerikaçı olaraq qalırlar – bu eyni uğurla ABŞ-ın Avropa ölkələri kimi yaxın müttəfiqlərinə və həm də onun bilavasitə coğrafi qonşularına şamil oluna bilər.

Belə vəziyyət, əlbəttə ki, adamı kədərləndirir, amma real bir faktdır. İnanmazsınız ki, hətta Avropanın özündə bir xeyli insan Rusiyanın prezidenti V.Putinə rəğbət bəsləyir və özü də daha çox bir səbəbdən: bu insanlar Birləşmiş Ştatları sevmirlər...

Amerikalılar vaxtaşırı özləri də belə sorğular keçirir və dünyada insanların Amerikaya və onun liderlərinə münasibətini öyrənməyə cəhd edirlər. Yadımıza gəlir ki, axırıncı dəfə belə sorğu ilə kiçik – Buşun hakimiyyəti dövründə tanış olmuşduq. Yenə də inanmayacaqsınız, onda yalnız İsrail və israillilər ABŞ-ın və onun prezidentinin apardığı siyasətə rəğbət bəslədiklərini bildirmişdilər!..

Bütün bunları niyə deyirik? Əminik ki, Rusiya ilə məşhur hərbi sövdələşmədən sonra Ərdoğanın reytinqi yüksəlib; ola bilsin, biz də nəticələrlə tələsirik, amma siyasətdə də müxtəlif dairələr olur və əminik ki, Ərdoğan da artıq Kremlin etibar etdiyi siyasətçilər çevrəsinə daxiı olan adamdır.

İki ölkə arasında mülayimləşmə əslində bir az əvvəl başlamışdı, amma indi o, bir növ sınaqdan keçdi. Nə gizlədək, lap əvvəldən Azərbaycanda da bu prosesi ciddi şəkildə izləyir və indi də izləməkdə davam edirlər. Səbəbi də aydındır: bizi buna Qarabağ problemi sövq edir. Özü də yalnız bizi yox: bu günlərdə hətta bir ukraynalı analitik də qeyd etmişdi ki, Bakı artıq Türkiyə və Rusiya arasındakı yaxınlaşmadan istifadə etmək haqqında düşünməlidir.

Əlbəttə, biz də tamam fərqindəyik ki, siyasətdə quru, formal məntiq heç də ən yaxşı bələdçi deyil – bu dünyada hər şey daha mürəkkəb və dolaşıqdır, amma cəhd etmək heç vaxt faydasız deyil. Türkiyə prezidenti bir-iki əvvəl Rusiyanın Dağlıq Qarabağla bağı niyyətlərini öyrənməyə cəhd etmişdi və bu, ölkə prezidentlərinin ikitərəfli görüşlərində - Soçidə və Sankt-Peterburqda baş vermişdi. Amma daha bir cəhd etməyə də dəyər, xüsusən də nəzərə alanda ki, ermənilərin bəzən bizdən nələrdəsə irəlidə olmağının bir səbəbi var: onlar daha israrlıdırlar. Biz də israrlı və inadcıl olmalıyıq: elə bəlkə doğrudan da alınacaq? Həm də unutmayaq ki, regionun geosiyasi durumu da statik deyil, dəyişkəndi, əlverişli fürsət heç də həmişə ələ düşmür.

Odur ki, qoy, diplomatlarımız bir də bu məsələyə baş vursunlar, bir daha deyirik: bəlkə doğrudan da alınacaq?..

Hüseynbala Səlimov