Biz hamımız çiyinlərimizdə keçmişdəki əməllərimizin yükünü daşıyırıq Biz hamımız çiyinlərimizdə keçmişdəki əməllərimizin yükünü daşıyırıq

Müxalifətə qarşı ən effektiv vasitə…

Biz hamımız çiyinlərimizdə keçmişdəki əməllərimizin yükünü daşıyırıq

Müxalifətə qarşı mübarizənin ən düzgün, ən effektiv yolu, heç inanmazsınız, onlara dediklərini etməyə imkan yaratmaq, xüsusən də toplanmağa, birlikdə olmağa şərait yaratmaqdır.

İnanın, bir yerə toplanan kimi, onlar dərhal köhnə və yeni inciklikləri yada salacaq və biri-birinə qarşı yeni ittihamlara başlayacaqlar və biri – birini təkrarən bütün günahlarda ittiham edəndən sonra tamam – kamal küsüşüb evlərinə dağılacaqlar. Bu da artıq hansısa bir “humanitarlar”ın – politoloqların qənaəti deyil, böyük ədədlər qanununun elementar nəticəsidir ki, ehtimal nəzəriyyəsilə az-şox tanış olan adamların hamısına yaxşı məlumdur.

Bir neçə ay bundan əvvəl müxalifətin bir hissəsi yeni siyasi hərəkatın anonsunu verdi və adını da “Azərbaycan Xalq Hərəkatı” qoydu. Bir daha bizim müxalif siyasətçilərin gurultulu adlara sevgisi burada da özünü biruzə verdi, amma məsələ bunda deyil və heç kim də bu məqama diqqət etmədi–ad addır, nə istəyirlər, qoysunlar.

Maraqlısı başqa bir cəhət idi: cəmi bir neçə həftədən sonra bu “hərəkat”ın üzvləri biri-birlərinə qarşı daha hansı ittihamlarla çıxış etmədilər, biri-birləri haqqında daha nələr demədilər? Nəticədə “yeni siyasi hərəkat” çox tez zamanda kollapsa məruz qaldı və “məzlum xalq” hətta özünün yeni “xilaskar”larının adlarını öyrənməyə belə macal tapmadı, hərçənd ki, buna ehtiyac yox idi, bu dəstədə yeni simalar, yeni adlar demək olar ki, yox idi və bu dəfə də siyasi səhnəyə otuz illik siyasi dramın aktyorları – səksəninci və doxsanıncı illərin “fəalları” çıxmışdı...

İnanın ki, bunlar da bir serialdır və hətta “Santa-Barbara” kimi seriallardan on dəfələrlə uzun, bizim rejissorların belə çəkdikləri və demək olar ki, heç kimin baxmadığı seriallardan min dəfələrlə maraqsız seriallardır. Amma bu insanların “qibtə olunası” bir cəhəti var: bu da onlarda özünütənqid və yaxud özünütəhlil hissinin tamam olmamasıdır. Hər dəfə onlar haqqında düşünəndə ixtiyarsız olaraq bir detalı xatırlayıram. Mən onu şəhərdə bir neçə il bundan əvvəl müşahidə etmişdim və demək olar ki, şəhərin adidən də adi, gündəlik detallarından biridir. Qərəz, polis dilənən bir qadını görən kimi dərhal “Sən yenə də buradasan?” deyə qışqırdı. Qadın da tez yığışıb o yerdən bir neçə yüz metr uzaqlaşdı və bir az nəfəs alandan sonra yenə öz işinə başladı. Qoy, bizim müxalifətçilər məni bağışlasın, hər dəfə növbəti aksiya haqqında, növbəti tədbir haqqında düşünəndə nədənsə yadıma bu detal düşür...

Bu günlərdə bunlar, yəni müxalifətin daha bir qolu, özü də ki, daha “şanlı” və heç vaxt həvəsdən düşməyən hissəsi elan etdi ki, daha geniş siyasi platformada birləşmək imkanlarını aramaq üçün bütün müxalifət partiyaları ilə müzakirələr və məsləhətləşmələr açmaq niyyətindədirlər.

Demirəm ki, bu xəbər mənim diqqətimi xüsusi olaraq cəlb etdi, yox, artıq özüm də unutmuşam, heç bilmirəm, bu onların neçənci inteqrasiya cəhdidir?

Amma bu xəbərdə yeni detal vardı: dəvət olunanlar arasında vaxtilə böyük nüfuz, indi isə böyük dərd sahibi olan keçmiş məmurlar da vardı. Bu isə ona işarə idi ki, müxalifətimiz yeni ticarətə hazırlaşır.

Bəli, bizim şanlı müxalifətimizin cibi dolu olan keçmiş məmurlara marağı həmişə çox böyük olub və biz bir neçə dəfə belə siyasi ticarətin şahidləri olmuşuq. Keçmiş varlı məmurların bəzisi bir az xərcə düşərək “müxalif siyasətçi” statusu alırdı və bu müxalifətə elə də çətin baha başa gəlmirdi: yeni bir “hərəkat” elan edir, bir-iki dəyirmi masa keçirir, həvəsləri olanda bir-iki aksiya da elan edir və bu yolla gözdən-irizdən düşmüş bəzi keçmiş məmurlara təkrar siyasi kart-blanş verirdilər.

Yeri gəlmişkən, jurnalistlərin və yaxud siyasi fəalların tez-tez soruşduqları bir sualın - “Bizim müxalifət adamları özlərinin heç də qənaətcil və təvazökar olmayan həyatlarını hansı vəsaitə yaşayırlar?” sualının cavabının bir hissəsi də elə buradadır: demək olar ki, o cümlədən də bəzi məmurların vəsaitləri hesabına! Bəli, bəzi məmurlar sadəlövhlıükdən, digərləri isə gözlərini qisas və yaxud da intiqam hissi tutduğundan “müxalifət texnoloqları”nın tilovuna düşürlər...

Bəlkə də onlarla belə hal olubdur. Burada müxalifətin yanında təkrar siyasi “politizasiya”dan, necə deyər, “təkrar emal”dan keçən keçmiş məmurları sadalamaq istəməzdik. Amma bir ədəd belə olsun, uğurlu hal xatırlamırıq.

Bəzən deyirlər ki, guya cəmiyyətin yaddaşı qısa olur. Amma belə deyil – insanlar hər şeyi xatırlayır.

Odur ki, müxalifətin şüarları ilə silahlanan məmurlar, 21-ci əsrin Lazarları dirilməyə ümidlidirlər, amma alınmayacaq, çünki, birincisi, biz hamımız çiyinlərimizdə keçmişdəki əməllərimizin yükünü daşıyırıq, ikincisi də ki, bu şüarlar kimisə diriltmək gücündə olsaydı, elə müxalifətin özünü dirildərdi...

Hüseynbala Səlimov