İlham Əliyevin Nikol Paşinyanı küncə sıxması niyə sabotaj olunur?..

Ermənistanda həm Bəxtiyar Hacıyevin, həm də Ata Abdullayevin Paşinyana verdiyi sullar və onun cavabları ictimai rəyi məşğul edir

Olub ki, sabotaj mövzusunda yazmışıq. Yazmalı olmuşuq.

Ölkədə aparılan siyasət anti-milli qüvvələrin, ermənilər və onların uzantılarının ürəyincə olmayıb, olmayacaq da.

Prezident İlham Əliyev istər ölkə içində, istərsə də dışında özünün qətiyyəti, prinsipiallığıyla bütün məsələlərdə birmənalı və milli maraqlara söykənən mövqe sərgiləyir. Bu da bədxahlarımızın, elə cənab Prezidentin artdıqca artan nüfuzundan rahatsızlıq keçirənlərin ürəyincə deyil. Ona görə də istər ölkə dışında, istərsə də ölkə içində Prezidentinin hər addımını sabotaj etməklə məşğul olanlar var…

Lap uzaqdan başlayaq. Bir müddət öncə TV çıxışlarımda demiş, yazılarımda yazmışdım ki, bəzi məmurlar, nazirlər, icra başçıları Prezident İlham Əliyevin vətəndaşların rifah halının yüksəldilməsinə yönəlik fəaliyyətini sabotaj etməklə məşğuldur. Ona görə də bu cür vəzifə sahiblərilə yollar ayrılmalıdır. Əlbəttə, bizim bunu deməyimiz heç də o anlama gəlmir ki, ölkə Prezidenti hər addımını atarkən lap elə Azər Həsrətin də fikirlərini nəzərə alır. Əsla. Lakin ona əminik ki, İlham Əliyev ölkə rəhbəri olaraq vətəndaş mövqeyini – ictimai rəyi mütləq nəzərə alır, gərək duyduqda ən sadə vətəndaşın ayağına da gedir. Özü də çıxışlarında həmişə qeyd edir ki, “mən Prezident olaraq xalqın qulluqçusuyam”. O, bu sözlərinə onu da əlavə edir ki, “hər bir vəzifəli şəxs özünü xalqın qulluqçusu kimi aparmalıdır”.

Xalqın qulluqçusu olmağı özlərinə sığışdırmayanlar belə bir durumda sabotaj yolu tutur, Prezidenti gözdən salmaq üçün özfəaliyyətlə məşğul olurlar. Bəzən isə əndazəni o qədər aşırlar ki, cənab Prezident onları “istirahətə” göndərməli olur…

İndi də bir sabotajla üz-üzəyik. Bu dəfə ölkə içində deyil, ölkə dışında baş verir hadisələr…

Son iki ayda Prezidentin çıxışlarını dinləyən hər kəs onun özəlliklə Valday Klubunun toplantısında, Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi tədbirdəki çıxışını heç vaxt unudan deyil. Azərbaycan Prezidenti orada Ermənistan baş naziri Nikol Paşinyanın həddini aşan bir çıxışına cavab olaraq demişdi ki, “Qarabağ Azərbaycandır və nida!” Bu qətiyyətli mövqe sərgiləməsi Ermənistan ictimai rəyində ildırım effekti vermişdi. İşğalçı ölkənin mediası, fikir adamları Nikol Paşinyanı yerdən-yerə vurub İlham Əliyevin belə bir qətiyyəti qarşısında onu əzik durumda təsvir edirdilər.

Valday toplantısının ardından Aşqabadda MDB dövlət başçılarının zirvə görüşündə isə Prezident İlham Əliyev Paşinyanı balaca bir məktəbli kimi qarşısına alıb sadəcə yerə vurmuşdu. Hətta ona cavab vermək istəyən Nikol Paşinyan Azərbaycan Prezidentindən növbəti zərbəni də yeyib rahatlamışdı.

Bu iki hadisə Ermənistan baş nazirinin həm öz ölkəsində, həm də yurd dışında xar olmasına, bir lider kimi daha da gözdən düşməsinə səbəb olmuşdu…

Prezident İlham Əliyevin belə demarşları nə ilk idi, nə də son. Həmin dövrdə Bakıda Türk Keneşinin toplantısında da o, bənzər mövqe sərgiləmişdi. Yaxud da Qoşulmama Hərəkatının Bakı zirvəsində eyni mövqeyi müşahidə etmişdik. Bunun ardınca dünya dini liderlərinin toplantısında yenə də İlham Əliyev parlaq siyasi lider kimi diqqət çəkmiş, Paşinyanınsa səsi həm ölkəsində, həm də ondan kənarda eşidilməz olmuşdu…

Lakin “su uyuyar, düşmən uyumaz” demişlər. Bu dövr ərzində, ermənilər və onların uzantıları düşünüb-daşınıb bir həmlə cəhdi əldə edə bildilər. Və təəssüf ki, bu cəhdlərdə Azərbaycanın içindəki yarımqafalı naşılardan istifadə etdilər.

Özünün vətənpərvər olduğunu iddia etdiyi halda ermənilərə qarşı vuruşmayacağını açıq bəyan edən, hətta əsgərlikdən fəraricəsinə yayınan Bəxtiyar Hacıyev adlı birisi Paris kimi dünyanın diqqətində olan bir şəhərdə Paşinyanın qarşısına çıxdı, ona özünü ifadə etməsi üçün əməlli-başlı pas ötürdü. Bəxtiyar Hacıyevin bu “həmləsi” Nikol Paşinyan üçün əməlli-başlı – göydəndüşmə şans oldu, bu günə kimi o və tərəfdarları bundan məharətlə istifadə edərək təbliğat qururlar.

Bəxtiyar Hacıyevin ardından Ata Abdullayev adlı heç də xoş olmayan reputasiya sahibi Milanda kilsəyə girib Paşinyanı öz ağlınca küncə sıxmağa çalışdı. Bu dəfə də olan Azərbaycana oldu. Onun əməli, işlətdiyi ifadələr ermənilərin bizi məsxərəyə qoymasına səbəb oldu…

Bu iki “fəalın” bu “özfəaliyyəti” ona gətirib çıxardı ki, Ermənistan baş naziri Prezident İlham Əliyevin həmlələrindən fürsət tapıb azacıq da olsa belini dikəltməyə fürsət qazandı. Özəlliklə də öz ölkəsinin ictimai rəyinə özünü qalib – Azərbaycanlıların payını qətiyyətlə verə bilən bir lider kimi təqdim etməyə imkanı yarandı. Günü bu gün də Ermənistanda həm Bəxtiyar Hacıyevin, həm də Ata Abdullayevin Paşinyana verdiyi sullar və onun cavabları ictimai rəyi məşğul etməkdədir. Halbuki bu iki hadisəyə qədər erməni ictimai rəyi Prezident İlham Əliyevin Nikol Paşinyanı rəzil günə salmasını əks etdirən görüntüləri tirajlayır, bunların ətrafında müzakirə aparırdı…

Təkrar sabotaj məsələsinə qayıdırıq. Bəxtiyarla Atanın əməlləri də sabotaj olmasın? Kimdir bu adamları bu yollara salanlar? Kimdir bu alayarımçıq adamları Ermənistan baş nazirinin qarşısına göndərənlər? Ümumiyyətlə, bunlara bel bağlayıb Azərbaycanın ən ümdə problemlərini belə lətifəvari şəkildə beynəlxalq platformalara daşımaq kimin ağlının məhsuludur? Məncə, təcili bu suallara cavab tapılmalıdır. Ya bu adamların hər ikisi xarici qüvvələrə işləyir, ya da hakimiyyətin içində Prezidentin bütün anlamlarda uğurlu gedişlərini sabotaj edənlər var. İndiki halda ikinci seçənək daha ağlabatan görünür…

Sözardı: Bəxtiyar Hacıyev məsələsini qapatmışdım əslində. Çünki həm çıxışlarım, həm də yazı və açıqlamalarım olmuşdu bu yöndə. Lakin son günlər görürəm ki, bu adam iddia edildiyi kimi intellektual birisi deyilmiş. Sosial mediada yazdığı bəzi rəyləri dostlar mənə göndərdi, çaşıb qaldım. Bunun mən də daxil olmaqla onu tənqid edənlərlə bağlı işlətdiyi ifadələr sadəcə bir küçə adamına yaraşacaq ifadələrdir. Təbii ki, biz də qayıdıb ona küçə səviyyəsində cavab verəcək deyilik. Ədəbimiz, əxlaqımız buna uyğun deyil…

Azər Həsrət