Mehriban Əliyevanın səfərindən və uğurlu görüşlərindən son dərəcə narahat olanlar da var Mehriban Əliyevanın səfərindən və uğurlu görüşlərindən son dərəcə narahat olanlar da var

Ermənilər və radikallar narahatdır...

Mehriban Əliyevanın səfərindən və uğurlu görüşlərindən son dərəcə narahat olanlar da var

Azərbaycanın birinci xanımı və birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskva səfərini xalqımız diqqətlə izləyir, onun Prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Mativienko ilə keçirdiyi uğurlu görüşlərin dövlətimiz, vətənimiz üçün faydalı olacağına inanır. Mehriban xanımın hər üç dövlət rəsmisi tərəfindən yüksək səviyyədə qəbul olunması, onun iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı əvəzsiz rola böyük dəyər verilməsi, Prezident Putinin xanım Əliyevanı Rusiya Federasiyasının yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etməsi də ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlını qürurlandırır.

Vitse-prezident kimi Rusiyada ilk rəsmi səfərdə olan Mehriban xanım Əliyevanın İkinci Dünya (Vətən) müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgər abidəsini ziyarət etməsi də diqqət çəkən məqamlardan olmaqla yanaşı, həm də rus və Azərbaycan xalqlarının tarixi keçmişinə, alman faşizminə qarşı aparılan birgə mübarizəyə, qəhrəmanlığa, Vətən uğrunda canından keçmiş insanların xatirəsinə böyük hörmət və ehtiram nümunəsi idi. Bu ziyarətin fəxri qarovulun müşayəti və düzlənməsi ilə baş tutması da dövlətimizə, yüksək səviyyəli qonağa göstərilən diqqət və ehtiram nümunəsi idi və hamımızın qəlbini fərəh hissi ilə doldurdu.

Mehriban xanım Valentina Matvienko ilə birlikdə ölkələrimiz üçün faydalı olan Rusiya – Azərbaycan regionlararası forumunun işində də iştirak etdi, VDNX-da (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) yenidən bərpa olunmuş Azərbaycan pavilyonunun açılışını etdi.

Bir sözlə, geniş formatlı, ictimai-siyasi, iqtisadi, sosial, mədəni cəhətdən böyük əhəmiyyət daşıyan səfərin böyük qonşumuzla əlaqələrimizin inkişafında yeni mərhələ, ölkələrimiz üçün faydası olacağı ən çox ümid etdiyimiz məqamdır. Xalqımız bu səfərin tezliklə Dağlıq Qarabağ – Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün müsbət çalarlar gətirəcəyinə də inanır. Çünki eyni vaxtda Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Qarabağ münaqişəsi nəticəsində doğma yurdunu tərk etməyə məcbur olmuş insanların öz ev-eşiklərinə qayıtmasının zəruriliyi haqqında bəyanat verməsi, azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa, Şuşaya, Ermənistana, erməni jurnalistlərin Bakıya səfərləri təsadüfi sayıla bilməz. Görünür, Rusiyada Azərbaycanın öz haqqını müdafiə, torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi israrlı, eyni zamanda təmkin-konstruktiv mövqeyini anlamağa başlayıblar və Ermənistanı daşı ətəyindən tökməyə məcbur etməyə qərar veriblər. Jurnalistlər cəbhə xəttindəki qurbanlar azalacağı təqdirdə bu səfərləri davam etdirəcəklərini bildiriblər.

Ancaq Mehriban Əliyevanın səfərindən və uğurlu görüşlərindən son dərəcə narahat olanlar da var. Bunlar, əlbəttə, ilk növbədə bədxah qonşularımız ermənilər, onların aqressiv ovqatlı millətçi-daşnak, işğalçı dairələridir. Ermənilər öz saytlarında, sosial şəbəkələrdə bizə qarşı apardıqları əks-təbliğat kampaniyasını son günlər açıq-aşkar genişləndirib və aqressivləşdiriblər. Mehriban xanımın əleyhinə, onun keçirdiyi uğurlu görüşləri gözdən salmaq üçün apardıqları qara PR kampaniyasına bir dəqiqə ara vermirlər. Hazırda bütün Ermənistanın başlıca mövzusu Mehriban Əliyeva və onun Rusiya səfəridir. Ermənilər əməlli-başlı isterikadadırlar, bir çoxları ağıllarını tamamilə itirdiklərindən ağızlarına gələn şər-böhtanı, özlərinin belə inanmadığı yalan, uydurma, saxta informasiyaları, primitiv şəkildə montaj olunmuş fotoları tirajlamağa güc veriblər. Ermənistanın daxili auditoriyası ilə kifayətlənməyən çirkabyayanlar ingilis, fransız, rus, azərbaycan dilindən də istifadə edirlər. Sosial şəbəkələrdə onlara etiraz edən, cavab yazan insanları şikayət edir, həqiqəti söyləyənləri susdurmağa çalışırlar. Elə bu səhər “Facebook”dan mənə bir məktub gəldi ki, guya hansısa ermənini təhqir etmişəm. Halbuki mən sadəcə saxta bir paylaşımı ifşa etmiş, ortaya həqiqəti əks etdirən fakt qoymuşdum.

Təəssüflər olsun ki, xanım Mehriban Əliyevanın sözügedən uğurlu səfərindən narahat olan, isterikaya və panikaya düşən təkcə ermənilər deyil. Mövqeləri mənfur qonşularımızla çox zaman üst-üstə düşən radikal müxalifətin reaksiyası da özünü çox gözlətmədi. Radikalların lideri Əli Kərimli dərhal özünəməxsus ekstremist bir bəyanat verdi. Onun fikrincə, guya Rusiya Zaqafqaziya respublikalarına məhz onların istədiyini verirmiş. Gürcülər Avropaya inteqrasiya arzuladıqlarından Rusiya onlara bunu verməyə məcbur olub, Ermənilər Qarabağı istəyirlər deyə, onu alacaqlar, Azərbaycan iqtidarı da yalnız hakimiyyət istədiyindən, ona da orden-medal verəcək və hakimiyyətdə qalmasını təmin edəcək. Görünür, baş radikal Əli Kərimli də ciddi panikaya düşüb, yoxsa belə absurd bir bəyanatla çıxış etməz, bişmiş toyuğu güldürən nağıl danışmazdı. Axı gürcülər Avropaya nə dərəcədə inteqrasiya oluna biliblər? Məgər Gürcüstanda hələ də Rusiya yönümlü Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” partiyası hakimiyyətdə deyil? Gürcüstan faktiki olaraq üç yerə parçalanmayıb? Gürcüstanda sadəcə uzun illərdir qeyri-sabit, daim toqquşmalar və qarşıdurmalarla müşayət olunan bir həyat mövcuddur ki, bu da ancaq Əli Kərimli kimi “bulanıq su” həvəskarlarının xoşuna gələ bilər.

Rusiyanın Qarabağı ermənilərə verəcəyi isə ümumiyyətlə sayıqlamadır. Bunu ancaq incə siyasi gedişlərdən, diplomatiyadan xəbərsiz, hadisələri «obıvatelcəsinə» bəsitləşdirən adamlar dedi-qodu edə bilərlər. Bir də münaqişənin həllini, torpaqlarımızın azad olunmasını, qan tökülməsinin dayanmasını istəməyənlər. Ağıllı adamlar çox yaxşı bilir ki, Qarabağ məsələsi sadəcə klassik hərbə-zorba ilə həll olunmaz, onun yanında başqa gedişlər də olmalıdır. Hakimiyyət heç vaxt Azərbaycan xalqının maraqlarına zidd sövdələşmələrə getməz. Məncə, söhbət ancaq münaqişədən əvvəlki status-kvoya qayıtmaq üçün müxtəlif variantların nəzərdən keçirilməsindən gedə bilər. Ancaq elə etmək lazımdır ki, torpaqlarımızı işğal etdikləri üçün özlərini qalib hesab edən ermənilər də bununla razılaşsınlar. Belə mürəkkəb və incə məsələləri isə Rusiya ilə müzakirə edə biləcək yeganə qüvvə Azərbaycan hakimiyyəti, cənab Prezident və onun komandasıdır. Rusiyaya qarşı daim açıq-aydın düşmənçilik ritorikasından istifadə edənlər, rus qoşunlarını tələm-tələsik, düşünmədən, plansız-filansız ölkədən çıxarmaları ilə fəxr edənlər, bunun nəticəsini düşünməyənlər Qarabağı ala bilməzlər. Çünki onlar ancaq verməyi bacarır, bir də almaq istəyənə mane olmağı. Cənab Prezident bu insanları Sumqayıtın 70 illiyinə həsr olunmuş yığıncaqda bir neçə cümlə ilə dəqiq xarakterizə etdi.

Vitse-prezident Mehriban xanım Əliyevanın bu səfəri həm də Qarabağ məsələsinin həllinə, müharibənin, döyüş əməliyyatlarının, qanın dayandırılmasına yönəlik, humanitar səciyyəli gedişlərdən və addımlardan biridir.

Nadir Qocabəyli