"Generalımız şəhid oldu!" "Generalımız şəhid oldu!"

Poladqaya

"Generalımız şəhid oldu!"

Səhəri bu xəbərlə açdıq, ümid etdik, bəlkə, doğru deyil, məqsədli olaraq tirajlanan informasiyadır.

Təəssüf... Rəsmi təsdiq özünü çox gözlətmədi. Doğru imiş. Biz səhərin şirin yuxusunda ikən Polad paşa və digər qəhrəmanlarımız vətən torpağını öz qanları ilə al rəngə boyayıblar. Ay-ulduzlu zabitimiz ay-ulduzlu səma altında, ay-ulduzlu bayrağımız üçün son nəfəsini verib...Generalımız ən ali rütbəyə şəhidlik məqamına yüksəlib. Mehmet Akifin bu haqda bənzərsiz misralarının qarşısında təsirlənməmək mümkün deyil.

"Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər"

Peyğəmbər qatına yüksələn cəmi şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Əlbəttə, bütün şəhidlərimiz qutsalımızdır, amma generalın şəhid olması artıq milli mövcudluq məsələsidir. Deməli, arxalı köpəklər quduzlaşıblar, bütün qüvvələri ilə hücum edirlər. Aprel silləsinin təsiri keçib, deməli. Ya da o zaman düçar olduqları zəhər kimi məğlubiyyətin revanşını hədəfləyiblər.

Şübhəsiz, hazırda döyüşlərin mərkəzləşdiyi Qaraqaya düşmənə məzar olacaq, bəlkə də, bu döyüşlər yağı üçün sonun başlanğıcıdır. Amma Qaraqaya artıq bizim üçün həm də Poladqayadır. Bizimdir, hər zaman da bizdə olacaq. Şərəf qayamızdır, qürur dağımızdır.

Bir general əlində silah düşmənlə sinə-sinəyə çarpışırsa, o ordu müzəffər ordudur. O dövlət qüdrətli dövlətdir. Deməli, vətən sevgisinin rütbəsi yoxdur. Deməli, ordumuz-zabitlərimiz döyüşə can atırlar. Hətta sadə vətəndaşlar belə cəbhə xəttinə axın edirlər. Xalq döyüşə hazırdır. İndi və hər zaman Ali Baş Komandanın əmrində 10 milyon əsgər var, əmr gözləyirlər. Daha doğrusu gözləyirik! Əlbəttə, təmkin və ehtiyatı da əldən verməmək lazımdır, amma Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu barədə fikrini açıq ifadə edib “Hərbiçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq". Elə buna görə də düşməni "leş üstə leş" durumuna salmaq üçün xalq-ordu, hamı səfərbərdir.

Rahat uyu, Polad paşa!

Elə bu gecə qisasınız alınacaq...

Bəhruz HƏSƏNOV