Sevincin atası Osman müəllim ermənilər tərəfindən öldürüləndə, onun 21 yaşı olub Sevincin atası Osman müəllim ermənilər tərəfindən öldürüləndə, onun 21 yaşı olub

Ermənilər Sevinci doyunca sevinməyə qoymayıblar...

Sevincin atası Osman müəllim ermənilər tərəfindən öldürüləndə, onun 21 yaşı olub

Heç vaxt xorda oxumamışam. Musiqi müəllimimiz yaşayır. Soruşsanız, təsdiq edər.

Hərbi xidmətdə olanda, bölüklə birlikdə "şaqat" etməyə həmişə çətinlik çəkmişəm. Bölük komandirimiz yaşayır. Soruşsanız, o da təsdiq edər.

Həmişə kampaniyaçılqıdan uzaq olmuşam. "Xor"a qoşulub hansısa dövlət adamına mədhiyyə demək, hansısa müxalifət nümayəndəsini söymək heç vaxt mənlik olamyıb. Bunu kimdənsə soruşmağa ehtiyac yoxdur. Arxivimdə minlərlə məqalə var. Vərəqləyib baxmaq kifayət edər.

On–on iki il əvvəl məni AzTV-yə bir verilişə qonaq dəvət etmişdilər. Əlli bəhanə gətirib, boyun qaçırdım. Dövlət televiziyasında çalışan rejissor dostum məsələdən agah olanda, belə dedi: "Səndən yüz dəfə ağıllı adamlar hakimiyyəti tərifləmək üçün AzTV-nin qabağında növbəyə düzülüblər".

Demək istədiyim odur ki, nə vaxtsa mədhiyyə deməyimə, hakimiyyəti tərifləməyimə ehtiyac olmayıb. Bu işlə məşğul olan titullu adamların üzündən bizim kimi sadə adamların "xidmətinə" ehtiyac olmayıb.

Yaxşı ki, olmayıb...

ABŞ-da siyasi jurnalistika ilə məşğul olan Sevinc Osmanqızı yenidən hakimiyyət təəssübkeşlərinin hədəfinə çevrilib. Osmanqızının erməniləri açıq mətnlə müdafiə etməsi haqlı narazılığa səbəb olub. "Xor" yenə Sevinci söyür. Mən xorda oxuya bilmirəm. Amma istəyirəm ki, bu dəfə səsim eşidilsin...

Mən erməni təcavüzündən həmişə əziyyət çəkən, yurd-yuvasından, isti ocağından didərgin düşən 1 milyon azərbaycanlıdan biriyəm. Ermənilərin üzündən alnımın ortasına qaçqın damğası yapışdırılıb. Bu 27 ildə eşitmədiyim söz qalmayıb. Beş il kövrək tələbəlik həyatı keçirsəm də, bir dostumu, yoldaşımı, sirdaşımı yaşadığım evə qonaq dəvət edə bilməmişəm. Çünki şərait yox idi. Ermənilər atamın ikimərtəbəli mülkünü oda qaladıqları üçün eni-uzunu iki metr olan darısqal yataqxanada məskunlaşmışdıq...

Mənim kimi Sevinc Osmanqızı da erməni təcavüzündən əziyyət çəkib. Ermənilər 1991-ci ildə terror törətməklə Sevincin atasını, Azərbaycanın ən işıqlı adamlarından birini öldürüblər...

Atam dünyasını dəyişəndə 29 yaşım vardı. Həmin gündən özümü yetim uşaq kimi hiss edirəm.

Sevincin atası Osman müəllim ermənilər tərəfindən öldürüləndə, onun 21 yaşı olub. Sözsüz ki, mənim kimi o da ata itkisinin acısını yaşayıb...

Sevinc bu acını həm də ağ duvağa bürünüb gəlin köçəndə yaşayıb. Ermənilər Osman Mirzəyevi şəhid etdikləri üçün Sevinc rəfiqələri kimi ata xeyir-duası ilə ər evinə köçməyib...

Sevinc bu acını həm də ana olanda yaşayıb. Rəfiqələrindən fərqli olaraq, atası onu təbrik etməyib, övaldı "baba" sözünü deyə bilməyib...

Sevinc atasızlığın acısını ailə həyatında uğursuzluğa düçar olanda, ilk oxu daşa dəyəndə bir də yaşayıb. Eyni taleyi bölüşən həmcinslərindən fərqli olaraq, atasının güclü əllərini heç vaxt çiyinlərində hiss etməyib...

Ermənilərin yer üzündə ən çox pislik etdiyi adamlardan biri də Sevinc Osmanqızıdır...

Ermənilər Sevinci doyunca sevinməyə qoymayıblar...

Ermənilər həmişə onun sevincinə kədər qatıblar...

Bəs onda bu erməni sevgisi hardandı?..

Bircə bunu bilsəydim...

Seymur VERDİZADƏ