Mən də olmaqla yüz minlərlə Azərbaycan oğlu istənilən situasiyada sinəsini Ali Baş Komandana sipər etməyi öz vətəndaşlıq borcu sayır Mən də olmaqla yüz minlərlə Azərbaycan oğlu istənilən situasiyada sinəsini Ali Baş Komandana sipər etməyi öz vətəndaşlıq borcu sayır
  • Yazarlar
  • 14 Avqust 2020 12:45
  •  19 605

Eldar Həsənovun həbsinin pərdəarxası

Mən də olmaqla yüz minlərlə Azərbaycan oğlu istənilən situasiyada sinəsini Ali Baş Komandana sipər etməyi öz vətəndaşlıq borcu sayır

13 aprel 2020-ci ildə Azərbaycanın xəbər məkanında belə bir rəsmi məlumat yayıldı ki, ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın baş diplomatı Sergey Lavrov arasında telefon danışığı olub. Açıqlamaya görə, danışıq zamanı xarici işlər nazirləri COVİD 19 pandemiiyasi ilə bağlı mübarizə tədbirlərini müzakirə ediblər.

Üstündən az müddət keçdikdən sonra – iyulun 12-dən başlayaraq "Tovuz döyüşləri" baş verdi. İlk gündən azacıq analitik qabiliyyəti olan hər kəs anlayırdı ki, bu, sıradan bir atışma deyil, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə istinadən Azərbaycana qarşı hərbi əməliyyatlara təhrik etmək cəhdidir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mükəmməl cavab tədbirləri gördü, Ermənistan, çox güman ki onların tərəfindən vuruşan kənar dövlətlərin muzdluları və ya hərbiçiləri layiqli cavablarını alsalar da, Rusiyanın açıq müdaxiləsinə imkan verilmədi. Lakin bütün hallarda Azərbaycan dövləti ciddi bir siqnal almışdı: Tovuzda bircə post itirsəydik, Azərbaycanda daxili sabitliyi pozmağa müntəzir qüvvələr hərəkətə keçəcəkdi. Əslində, keçdilər də. İyulun 14-də xeyli sayda vətəndaşımızın Qarabağla bağlı spontan vətənpərvərlik yürüşünün ağzını Milli Məclisə çevirdilər. Bir az aralıda Az.TV, DTX və Müdafiə nazirliyi, aşağıda Prezident Administrasiyası vardı. MM-in qarşısında aksiyaları davamlı etmək məqsədi ilə "ziyalılar" meydana çağırılırdı.

Lakin xalqın öz prezidentinə inamı, prezidentin isə çevik və qətiyyətli davranışı qarşısında "iç ermənilər" də məyus olmağa məhkum oldular.

İyul ayının 15-də Prezident Nazirlər Kabinetinin toplantısını keçirdi. Qətiyyətli və birmənalı idi, açıq, hətta bir prezidentin danışmalı olduğundan da açıq danışırdı. Sensassiyalı bəyanatlarından biri də o oldu ki, ayın 12-dən xarici işlər naziri Məmmədyarov prezidentin əhatə dairəsindən "itkin düşüb". Amma işə baxın ki, Azərbaycan prezidentin tapa bilmədiyi Məmmədyarovla Rusiyanın xarici işlər naziri Lavrov rahatlıqla danışıb və iyulun 13-də onunla telefonda Ermənistanla sərhəddə baş verən toqquşmanı müzakirə edib. Bu barədə XİN mətbuat xidmətinin məlumatını oxuyanda belə təəssürat yaranır ki, sanki Rusiyanın xarici işlər naziri müstəqil bir ölkənin diplomatik korpusunun rəhbəri ilə deyil, öz səfirlərindən biri ilə danışırmış.

Nazirlər Kabinetinin toplantısında isə dövlət başçısı daha bir sensassiyalı açıqlama verir:

"Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!"
Prezidentin bu açıqlamasından sonra təxmin etmək çətin deyil ki, COVİD-lə bağlı "Ermənistanla əməkdaşlıq etmək" təklifi 13 apreldə Məmmədyarovla Lavrovun telefon danışığının mövzusu olub. Prezident əfv etmir. Məmmədyarov görəvindən alınır.

Tovuz döyüşləri və ardınca baş verən olayları təhlil edənlər Rusiyanın Azərbaycanı təhdid etməsində həmfikirdilər. Ancaq o təhlilçilər içərisində İlham Əliyevin xarakterinə və liderlik keyfiyyətlərinə güvənənlər ona da əmindirlər ki, dövlət başçımız Azərbaycanı ağır risklər qarşısında qoymayacaq. Dərhal Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təyinatlı bölükləri Azərbaycana gəlir, birgə təlimlər başlayır, bütün dünyaya açıq mesaj verilir: "Biz birik, birlikdəyik, vətənimizi və müstəqilliyimizi müdafiə etməyə hazır və qadirik". Bu mesajların mahiyyətini cəmiyyətə təfsilatı ilə çatdırmağa mükəlləf olanlar Azərbaycanın üzləşdiyi təhlükənin miqyasını dərk etməyərək "Türk ordusu ölkəmizdə qalsınmı, getsinmi" müzakirəsinə rəvac verirlər. Sinəsinə təzəcə medal taxılmış, "əməkdar" adına yenicə layiq görülmüş praqmatik jurnalistlərin qarşı çıxmaq yerinə körüklədiyi bu "müzakirələr" gedə-gedə məmləkətimizin başqa bir "gözdə" ziyalısı BBC-dən ictimai rəyə "vakuum bombası" atır: "İlham Əliyev ölkəni 15 il idarə etməyib"! Onun sözlərindən belə çıxır ki, Azərbaycan bir orta çağ ölkəsi imiş, 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə 41 yox, 14 yaşındaymış, dövləti onun adından qəyyumlar, lələlər idarə edirmiş. Həmçinin 15 ili əhatə edən çox önəmli bir zaman dilimində ölkəmizdə görülmüş, ölkəmiz üçün görülmüş böyük və misilsiz işlər bilavasitə İlham Əliyevin xidmətləri deyilmiş. Bu, sıradan bir naqqallıq, ağzının danışığını bilməyən bir demoqoqun dövlət başçımıza, onun şəxsiyyətinə, son dərəcə yüksək intellektinə, vətənpərvərliyinə, əzminə, iradəsinə, cəsarətinə, öndərliyinə atılan növbəti həyasız böhtan deyildi, sadəcə. "Bir payız axşamı"na hazırlaşanların açıq ideoloji-siyasi həmləsi idi.

Məqamın yetişdiyini zənn edirdilər. Qaragüruh öz söyüş və təhqirləri ilə ölkəmizdəki islahatların mediada əsas təşviqatçısı olan Mirşahini, necə deyərlər, gözümçıxdıya salıb, ağ yaxalıqlılar isə bir siyasi lider kimi İlham Əliyevə dərin ideoloji bağları olan ardıcıl və prinsipial imzaları ya "trol" çıxarıb, ya da məhkəmələrə çəkiblər. İctimai rəy uğrunda bütün siyasi subyektlərin, xüsusən də hakimiyyətin aparmalı olduğu mübarizədən öz siyasi hazırlığı ilə fərqlənən İlham Əliyev tərəfdarlarının faktiki olaraq kənarlaşdırılması qarşılığında fərarilər belə cürətlənərək dövlət başçısını şəxsən hədəfə almağa başlayıblar. Quyruqları qapı arasında qalanda özünü prezidentə canıyanan kimi göstərənlərin "o, ilk dəfə 2003-cü ildə Azərbaycan prezidenti olub, həmin vaxtdan etibarən hər növbəti seçkidə o, namizədliyini irəli sürür, seçkilər keçirilir, daha sonra Azərbaycan MSK ONU PREZİDENT ELAN EDİR" sayaq cümlələrlə Belarusdakı qarşıdurmaları Azərbaycana transfer etmək istəməsinə heç fikir verən belə yoxdur. Son vaxtlar nədənsə hərbi xidmətlərini donanmada keçirdiyinə and-aman edən ünlü və ünsüz media kapitanlarımızın başı daha ciddi işlərə, məsələn, Aynişanla Kənanın boşanıb-boşanmaması kimi konseptual məsələlərə, həmin cütlüyün yaşadığı evin blokunun inşaat göstəricilərinin müəyyənləşdirilməsinə, yaxud 2017-ci ildə Jurnalistlərin Binasından "ev alan" kiminsə məchul, məşum və əsrarəngiz məşuqəsinin balkonunun dənizə, yoxsa dağa baxdığını araşdırmağa qarışıb. Nəticədə Hikmət Hacıyevin timsalında Azərbaycan prezidentinin etimad göstərdiyi savadlı, işgüzar, mədəni, problemlərin məğzini aydın görən kadrlar bir neçə istiqamətdə yük götürmək məcburiyyətindədirlər. Əlbəttə, onun və hakim komandanın digər üzvlərinin böyük məsuliiyyətini başa düşür və dəstək veririk. Dəstək veririk həm də ona görə ki, hər şeyi prezident görməli, hər şeyi prezident deməli deyil.

Məsələn, NED-in pulları ilə ABŞ-dan Azərbaycana "demokratiya ixrac etmək istəyən" Cəmil Həsənliyə elə sərrast cavablar verilməlidir ki, onun sicilləmələrinə birinci şəxsin reaksiya göstərməsinə heç ehtiyac qalmasın. Bu cavabı ilk növbədə verməli olan təzə deputatlarımız hələ Cəmil Həsənlinin prezidentliyə namizəd olduğu ili dəqiqləşdirməklə məşğuldurlar. Cəmil Həsənlinin prezidentliyə 2013-cü ildə, Elmar Məmmədyarovun dayısı Rüstəm İbrahimbəyovun əvəzinə Milli Şura tərəfindən namizəd göstərildiyini bilən Ziyad Səmədzadə kimi ağsaqqal parlamentarilər isə, məhz onların "yetişə bilməsi" üçün müdrikcəsinə susurlar, yoxsa nədən dinməsinlər? Dəyərləri yox, dəyməzləri, dəyməzlərini, xüsusən də gündəyməzlərini qoruyan abırlı və ismətli "ziyalılar" Azərbaycan xalqı ilə ezoterik kahinlər statusunda danışırlar. Bəzi sırtıq, dələduz, girəvəçi baş redaktorlar dövlətin ali məramlarının keşiyində durmaq, xalqın və dövlətin strateji maraqlarının tərcümanı olmaq əvəzinə icazəli tənqid meydanının genişləndirilməsi tələbi ilə qaragüruhun sevimlisinə çevrilmək istəyirlər. Susmaq, sətiraltı və ikibaşlı mesajlar vermək, qaragüruhun laykı uğrunda yarışmaq yerinə hər kəs mövqeyini dövlət naminə açıq ortalığa qoymalıdır ona görə ki, Qumdakı, Sankt Peterburqdakı məşhur troll fabriklərinin saxta profilləri sosial şəbəkələrin Azərbaycan seqmentinə istənilən dezinformasiyanı yeridə bilir. Son vaxtlar ordu əleyhinə, DTX əleyhinə, DİN əleyhinə yayılan dezinformasiyaların məqsədini anlamaq isə elə də çətin deyil: Azərbaycanın dövlət təşkilatını taqətdən salmaq, gücsüz, zəif duruma düşürmək!

Zira, çox şükürlər olsun, dövlətimiz də, xalqımız da bu dezinformasiyaları yayanların arzusunu puç etmək qüdrətindədir. Azərbaycan xalqı, dövləti və prezidenti Tovuz döyüşlərindən alnıaçıq, üzüağ, güclənərək çıxdı. Azərbaycan xalqının ortaq zəkası və iradəsinə güvənən, gücünü, sözün əsl mənasında millətdən alan İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə dünən telefonda açıq və net danışmasının başlıca səbəbi də elə budur. Ermənistana yüz tonlarla silah-sursat göndərən Rusiyanın Paşinyana partlayıcı sovqatının miqdarını, göndərilmə trayektoriyasını Putinin üzünə vurmaq hər dövlət başçısının cəsarəti deyil. İlham Əliyev bu konkretliyi ilə bütün dünyaya nümayiş etdiurdi ki, mövzu vətən olanda o, geridəki təfərrüatı risk belə saymır.
Hadisələri az-çox təhlil etmək qabiliyyəti olanlar Rusiyanın ifşa edilməsi, Ermənistana silah göndərən daha bir dövlətin- Serbiyanın Daxili işlər naziri Neboyşa Stefanoviçin Bakıya dəvət edilməsi, nəhayət Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi arasındakı əlaqəni görməyə bilməzlər. Eldar Həsənova qarşı irəli sürülən və sürüləcək rəsmi ittihamlar öz yerində, ancaq onun hələ rəhmətlik Heydər Əliyevin dövründən bəri, o zamanlar Baş prokuror olmasına rəğmən, ölkəni qarışdıran əsas isimlərdən biri olmasını, partiyalara, mətbuata, ictimai tanınmış şəxslərə kisə-kisə pullar ötürdüyünü kim bilmir? Eldar Həsənov həmin əlaqələrini bircə-bircə müvafiq qurumların ovcuna qoyanda, əminəm ki, pandemiyanı bəhanə edib Azərbaycan hakimiyyətinin qarşısına üzündə maska çıxanlardan çoxunun canı yanacaq. Narahatçılıqları, təşviş içində olmaları indidən özünü biruzə verir. Çünki abdəstlərinin suyunun hansı dəyirmanın yanından keçib gəldiyini yaxşı bilirlər. Ancaq onu da bilsinlər ki, bu vətəni, dövləti, müstəqilliyi qorumağı İlham Əliyev özünün şəxsi şərəf məsələsi hesab etdiyi kimi, biri də mən olmaqla yüz minlərlə Azərbaycan oğlu istənilən situasiyada sinəsini Ali Baş Komandana sipər etməyi öz vətəndaşlıq borcu sayır.

Taleh Şahsuvarlı
AzNews.az saytının Baş redaktoru