Pir bizimdir, kəramətlərinə də bələdik

Niyə hər dəfə bir Əkrəm, bir Nərmin Şahmarzadə, bir Kəramət sindromu yaşayırıq?

Kəramətin son iki gündür etdiyi çıxışları mən də izləmişəm. Çıxışlara təəccüblənməmişəm, amma təəccüblənənlərə təəccüblənirəm. Axı, kəramətləşmə, bir günün içərisində baş vermir. Bu, Kafkanın qəhrəmanı deyil ki, yatıb səhər ayılanda metamorfozanın baş verdiyini, böcəyə çevrildiyini görəsiniz.

Çevrilmələr necə baş verir? Niyə hər dəfə bir Əkrəm, bir Nərmin Şahmarzadə, bir Kəramət sindromu yaşayırıq? Və ellikcə buna münasibət bildirməyi zəruri sayır, məşhur çağırışda deyildiyi kimi “mövqe ortaya qoyuruq”, qoymayanları da ellikcə qınayırıq.

İndi Bakı ermənilərinin xiffətini etməsini dəfələrlə müsahibələrində deyib, iki dəfə bu xiffəti ekranlaşdıran Rüstəm İbrahimbəyova ağuş açanda bilmirdikmi ki, başqa birisi tut arağından gillədib daş kimi yatanda Əylis ermənilərinin xiffətini yuxularında çəkəcək? Xüsusən də söhbət o şəxsdən gedirsə ki, belə qəribə özünü saydırma təşəbbüsünə hələ 80-90-cı illərdə də bir neçə dəfə baş vurmuşdu.

Adam atasının hansı səbəbdən bir gecəyə Bakıya daşındığını bilir, hansı tanınmış şairin şəfqət göstərib ona kömək etdiyini bilir. Sonra bizə bəlli olmayan səbəbdən qəfildən YAP rəhbərliyinin sevgisini, dəstəyini qazandığını, o zamanlar özünü YAP-dan sonra ikinci böyük partiya sayan Yazıçılar Birliyinin də dərhal bu sevgini görüb “sevimli”ni qiymətləndirməsini xatırlayır. Bu məktəbi, bu ənənəni niyə davam etdirməsin? Niyə gah şirü-pələng olub kükrəməsin, gah özünə şəfqət oyandıran artistliklər etməsin?

O, Mikayıl Müşfiqi, digəri Füzulini, üçüncüsü Cavidi, dördüncüsü Mirzə Cəlili ağ yuyub qara sərəndə çoxmu etiraz edən tapılmışdı? Əksinə, bu sərsəmləmələrdən sensasiya düzəldən biz deyildik mi?

Çoxmu adam hər dini mərasim ərəfəsi dini çoxluğu təhqir etməyi ziyalılıq bilənlərə etiraz edir? Qəzet səhifələrini, saytları, efirləri həmişə onların üzlərinə taybatay açan, ən yaxşı qonorara layiq bilən kimdir? Yalnız şişirib-üfürüb cəmiyyətə sırıdıqlarımız üzümüzə duranda necə bədheybətlər, monstrlar yetişdirdiyimizin fərqində oluruq.

AXC-də və ya AXC hakimiyyətində təmsil olunanlardan Tofiq Seyidovu, İbrahim Vəliyevi, İsmayıl Musayevi, Arif Rəhimoğlunu... kim xatırlayır? Bəlkə cəmiyyətə barışıq mesajları verilmək üçün onlar seçildi? İsmayıl Musayev Cəmil Həsənlidən pismi tarixçi idi? Arif Rəhimoğlu mandatlı digər filoloqdan pismi filoloq idi? Niyə BAB-a varis qurumlara Arif Rəhimoğlu yox, başqaları rəhbərlik edir? Axı BAB-ın fəaliyyət istiqamətini müəyyən edəcək bütün sənədləri hazırlayan o idi. İbrahim Vəliyev mandat alanlardan və ya Hafiz Hacıyevdən pismi ziyalı və ya məmur idi? Yox, sadəcə, bu şəxslərin çox böyük ayıbları var idi; onlar həyasız deyildilər.

Sabiq AXCP-çi - indiki partiya sədri deputatın zamanın ən radikal qəzetdəki köşələrini tapıb oxuyun. Kəramətin guya sərxoş vəziyyətdə dediklərindən daha sərt deyildimi yazdıqları?

Sərdarın başına zopa dəyməzdən qabaq mitinqdə İlhamə Quliyevanın adı üzərində qurduğu kalamburu yada salın, Kəramətin dediklərindən dahamı yumşaq idi?

Sumqayıt hadisələri ətrafında hay-küyün Dağlıq Qarabağı Azərbaycandan qoparmağa ictimai legitimlik qazandırmaq olduğunu indi kimsə mübahisələndirirmi? Heç Mixail Qorbaçovun erməni əsilli müşaviri Sergey Kurginyan belə bunu danmır. Bəs Azərbaycanda ziyalı adına hər cür tumar almış neçə şəxs o kampaniyanın nə olduğunu cəmiyyətə zamanında başa salmağa çalışmışdı? “Mən ziyalıyam, bu məsələlərə (yəni ermənilərin guya öldürülməsinə) etiraz etməliyəm” deyənlərdən biri sabiq nazir, biri bütün mükafatlar almış ictimai xadim, digəri diplomatdır. Amma o hadisələrə görə karyerasını xərcləmiş Cahangir Müslümzadəni xatırlayan varmı? Niyə cəmiyyət onu və ya onun kimiləri deyil, azərbaycanlılara ölüm hökmü tələb etmiş müstəntiqi qəhrəman kimi tanıyır? Çünki hansı kanalı açsan, efirdən- ekrandan bizə boylanan odur. Çünki “lazımi adamları” susdurmaq sifarişi alan odur. Yeni gələn nəsil, təbii ki, o müstəntiqin yolunu getməlidir; hörməti- hörmət, pulu -pul, “qəhrəmanlığı” –“qəhrəmanlıq”.

Televiziyamızda yenilik əsintilərinin “Dalğa”-dan başladığını bilirdik. O yeniliklərin Nadejda İsmayılova, İlqar Əlfi, Rafiq Hüseynov, Osman Mirzəyevlə... gəldiyini bilirdik. Amma Z nəsli üçün yeni media yaxşı halda Çingiz Mustafayevdən, pis halda Balaqədeş Qədeşlinskidən başlayır. Çünki Z mediası belə təqdim edir. Çünki nə Nadejda xanım, nə İlqar Əlfi öz müstəsna yerlərini nə qabardan, nə gözə soxan deyillər. Çünki cəmiyyətimizin ən ümdə şərtini- “Ağlamayana çörək yoxdur” şərtini unudublar.

Sabiq diktor, maraqlı televiziya keçmişi olan Xalidə xanım Əhmədovanı əyrimçə Youtube kanallarından alovlu çıxışlar yapan “Demirelin manevi kızı” kimi hamı tanıyır, bu tanınmanın, hazır şparqalka ilə “lazımi” adamları yıxıb-sürümələrinin də mükafatı olacağını dəqiq bilir. Bəs Nahid Hacızadəni nə qədər adam tanıyır? Mükafatı nə oldu?

Viktor Pelevin maraqlı yazıçıdır, amma onu Rusiya ictimai yayımının efirində görməyim yadıma gəlmir.

Eduard Limonov bizim Həmid Herisçiyə ideoloji baba olacaq qədər maraqlı yazıçı və siyasətçi idi. Öz dediyinə görə, qurduğu nikahlara və siyasi partiyalara belə Rusiya naminə kulturoloji proyekt axtarışı kimi yanaşırdı, iliyinəcən velikorus şovinisti olduğundan dövlətdən gizli-aşkar dəstəyi də həmişə olub. Amma onu nəinki ORT-nin, heç RenTV-nin efirində də görməyim yadıma gəlmir.

Bəs niyə kəramətlər İTV-nin, hətta AzTV-nin efirindən əskik olmur? Gərək ki, onun kəramətlərini də cəmiyyətə ilk tanıdan ANS idi, ANS–in fəaliyyətdə olduğu, Mirşahinin də ANS-də fəaliyyətdə olduğu çağlarda. Niyəsini bilən varmı?

Birini günahkar edib söyüb, boykot edək, amma yerində mütləq yeniləri cücərəcək. Nə qədər ki, pirimiz (cəmiyyətimiz) bu idimsizliyi mətah bilib qiymətləndirəcək, mütləq yeni idimsizlər yetişəcək. Hafizlərin papağı boş qalmayacaq, o papağı başına ölçmək istəyən biriləri mütləq tapılacaq. Rüstəmin, Əkrəmin ardınca baycanlar, haycanlar, kəramətlər gəlməlidir. Nəyə təəccüblənirik? Niyə təəccüblənirik?

Pir bizimdirsə, kəramətlərinə də bələd olmalı deyildikmi?

Cəmaləddin Quliyev