"Palçıqda oturan üstünə işıq düşməsini istəməz"

Gözəl sözlərdir, Emil Zolya yazıb

Jurnalistikaya gəlişimin iki səbəbkarından biridir. 30 il əvvəl olmuşdu bu qərar - alman jurnalist Günter Valrafın "Ganz unten" ("Ən dibdə") əsərini və Emil Zolyanın "J'accuse...!" ("İttiham edirəm!") məqaləsini oxuyandan sonra.

30 ildir bu sahədəyəm və düşünürəm ki, azacıq da olsa, Azərbaycan mediasına bələdəm.

Ən dibi ittiham edirəm...

Çünki mediamızdakı indi bəzi təmayüllər məni təəccübləndirir, eyni zamanda da təəssüf hissi yaradır.

Fransızların gözəl ata sözü var: "Ami de tous, ami de personne". Yəni "Hamının dostu olmağa çalışan kimsənin dostu deyil".

Problem Azərbaycanın kütləvi informasiya vasitələrində son vaxtlar müşahidə olunan çoxsimalı, çoxüzlü, çoxmövqeli görünməyə cəhd edən, amma siması, mövqeyi və üzü olmayanlardır.

Bir qədər sərt səslənsə də, belədir.

İllər əvvəl ölkə parlamentinin spikeri olmuş Rəsul Quliyevin ələbaxan jurnalistləri vardı və o, həmin jurnalistləri Aleksandr Nevzorov, Sergey Dorenko kimi görmək istəyirdi.

Mərhum Dorenko karyerasına çox istedadlı jurnalist kimi başladı, lakin sonra "mediakiller"ə çevrildi: pul aldığı sahiblərinin sifarişi və göstərişi ilə hədəf seçir, yalanlar tirajlayır, faktlarla manipulyasiya edir, gözdənsalma və böhtan kampaniyalarını gerçəkləşdirməyə çalışırdı.

Nevzorov "600 saniyə" verilişi ilə peşəkarlığını ortaya qoymuşdusa, sonradan o da artıq mərhum S.Dorenkonun yolunu getdi.

Rəsul Quliyevin "cib jurnalist"ləri illər əvvəl çox deyildi, indi də sayları azdır. Üstəlik, əvvəllər aralarında peşəkarlar vardısa, indi yoxdur: olanlar cüzi məbləğə həqiqətə xəyanət edənlərdir.

Söhbət sabiq spikerin mediaya olan əcaib münasibətindən yox, indi yaşanan olaylarda kimliyini ortaya qoyan media mənsublarından gedir.

Çoxsaylı faktlardan, sadəcə, birinə nəzər salaq.

Belarusda avqustun 9-da prezident seçkiləri keçirildi. Faktiki iki rəqib vardı: indiki dövlət başçısı Aleksandr Lukaşenko və onun rəqibi, cəmi üç ay əvvəl çox az adamın tanıdığı evdar xanım Svetlana Tixanovskaya.

Belarusa bələdəm, situasiyadan haliyəm və Minskdə kaleydoskop sürətilə süni şəkildə, çox intensiv şəkildə bir-birini əvəzləyən hadisələr aşkar göstərir ki, belaruslalara növbəti "rəngli inqilab" ssenarisi tətbiq olunur.

Bəhs etdiyim məsələyə dəlalət edən məqamların sayı həddən ziyadədədir, sadalayıb vaxt almaq istəməzdim.

Kütləvi etirazların idarə olunması mexanizmində Belarus sərhədlərindən kənardakı güclərin aktiv iştirakına sadəcə, bir fakt: iki sutka müddətində internetin olmadığı Minskdə aksiya iştirakçılarına yardım məqsədilə Facebook-da yaradılmış "BY Help" səhifəsi vasitəsilə 2,1 milyon dollar vəsait "toplandı". İnternet yoxdur, bank kartından və ya hesabdan köçürmələr mümkün deyil, lakin çox mistik şəkildə 2 milyon dolların yığıldığı bəyan olunur.

Və ya başqa fakt: Belarusdakı etiraz aksiyaları barədə məlumat verən sosial şəbəkə və messencer kanalları arasında hazırda ən populyarı olan "Nexta Live"ın rəhbəri Sergey Sepkalonun fəaliyyəti, "internetsizlik" şəraitində də bir an dayanmamışdı.

Bunlar adi ştrixlərdir.

Aleksandr Lukaşenkonun qələbəsini və ya məğlubiyyətini şərh etmək niyyətində deyiləm. Belarus müstəqil dövlətdir, ölkənin və cəmiyyətin taleyini də belaruslar müəyyənləşdirməlidir. Kənar ölkələrin vətəndaşları yalnız müşahidəçi statusunda prosesləri seyr edə bilərlər.

Məhz bu səbəbdən də Belarusda keçirilmiş prezident seçkilərini müşahidə edən nümayəndə heyətləri arasında Azərbaycan təmsilçiləri də vardı. Onlar MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov idilər.

Azərbaycanın millət vəkilləri Belarusa yollandılar, seçki günündə fərqli bölgələrdə, rayonlarda oldular, səsverməyə baxdılar və seçkilər başa çatandan sonra mövqelərini açıqladılar, gəldikləri qənaətləri söylədilər.

Millət vəkili Arzu Nağıyev kimi.

Seçkidən əvvəl və səsvermə günü paytaxt Minskdəki Partizansk rayonunda müşahidələr aparmış A.Nağıyev bəyan edib: "Birmənalı şəkildə deyə bilərəm ki, bu rayonda A.Lukaşenko liderlik edirdi. Çünki rayon sakinləri işlə təmin edilib, sosial məsələlər həllini tapıb, zavod və fabriklər öz məhsullarını həm daxili, həm də xarici bazara çıxara bilirlər, bu da ki, çox vacib elementdir. Qeyd etməliyəm ki, Partizansk rayonunda cənab Lukaşenkonun səs faizləri həqiqətə uyğun idi".

Və o, daha sonra vurğulayıb ki, müşahidə etdiyi rayonda total seçki saxtakarlığından söhbət gedə bilməz: "Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər ExitPoll-la müqayisədə o qədər də fərqli deyildi. Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görürdü".

Yetərincə səlis, konkret və açıq bəyanatdır.

Fəqət, siyasi texnologiyaların Azərbaycanda zühur etdirilən primitiv və idbar formaları işə salınır, manipulyasiya başlanır.

A.Nağıyev müşahidəçi olduğu Partizansk rayonunda total seçki saxtakarlıqlarının olmadığını deyir. Əslində, bunu belaruslu müxalifətçilər də sonradan təsdiqləyəcəkdilər, çünki həmin rayon sənaye bölgəsidir, A.Lukaşenkonun tərəfdarı çoxdur.

Bəs mediamızda "dibə vuran"lar nə edirlər?

İlk əvvəl "Meydan TV" millət vəkilinin açıqlamasını dəyişir, "Partizansk rayonunda" ifadəsi "Belarusda" ilə əvəzlənir, oxucularda belə rəy yaradılmağa çalışılır ki, Arzu Nağıyev bütün Belarusdakı ümumi situasiyanı şərh edib.

Bu isə mümkün deyil - ən azı texniki baxımdan Azərbaycandan Belarusa yollanmış müşahidəçilər eyni vaxtda bütün seçki məntəqələrindəki prosesləri izləyib təhlil etməyiblər, edə də bilməzdilər.

"Meydan TV" öz ampluasındadır, feyk və dezinformasiya axınını davam etdirir, Rəsul Quliyevin media uzantıları fəaliyyətdədir.

Bir qədər anlaşılmaz qalan sürəkli və fasiləsiz olaraq "biz iqtidarı, dövlətçiliyi, dövləti, hakimiyyəti dəstəkləyirik" deməkdən usanmayan şəxslərin həmin dezinformasiyanı nəinki həvəslə tirajlamaları, hələ o feyk "xəbər"ə istinad edərək "analitik şərh"lər və "təhlillər" yazmasıdır.

O şəxslərin primitiv düşüncələri bəlli, bəs sayt rəhbərlərinin Yanus davranışına nə deyək, necə adlandıraq?

İki kətildə oturub iki bayraq yelləmək mövqedirsə, onda belə siyasi buqələmunluq sərt cavabını almalıdır.

Seçim bəsitdir: ya dövlətləsən, ya dövlətə qarşısan - tərəddüd və bitərəf qalmaq oppurtinizm, kollaborasionanizmdir.

Qayıdaq Belarusa və oradakı hadisələrə.

Belarusda yaşananalar o ölkənin daxili işidir. Biz dövlət olaraq əməkdaşlıq və dostluq münasibətlərini hər hansı siyasi qüvvə, yaxud qüvvələrlə yox, dövlətlə qururuq. Ona görə də istənilən ölkənin, o cümlədən Belarusun daxili siyasətində yaşananları o dövlətdəki proseslərin nəticəsi kimi dəyərləndirməliyik.

Belarusda hakimiyyətdə kimin olmasından, bundan sonrakı iqtidarın kimlərdən ibarət olmasından asılı olmayaraq Azərbaycan-Belarus münasibətləri daim yüksək səviyyədə qalmalıdır.

Aleksandr Lukaşenkoya gəldikdə isə, onun Azərbaycana rəğbətini, daim Bakının yanında olmasını unutmamalıyıq.

... Yazının əvvəlində Günter Valrafdan bəhs etdim. Onun fəaliyyət prinsipi çox bəsitdi: "Jurnalist kiminsə sifarişi ilə yalan yazırsa, o, artıq media köləsidir. Obyektiv və soyuqqanlı olmaq gərəkdir - şəxsi rəğbətə və seçimə mediada yer olmamalıdır".

Elçin Alıoğlu