Xalqın böyüklüyü sayı ilə yox, müstəqilliyi ilə ölçülür

Və yaxud cənab Prezidentin sentyabrın 19-dakı açıqlamalarından gəldiyim nəticələr

“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoymasından sonra Azərbaycan televiziyalarının suallarını cavablandıran Prezident İlham Əliyevin üzərində özəlliklə durduğu iki mühüm məsələ vardı: 1) Azərbaycanın müstəqilliyi, 2) Torpaq bütünlüyü.

Mən belə fikirləşirəm ki, onun bu iki məsələ fonunda verdiyi açıqlamaların hədəfi işğalçılıq siyasəti yeridən Ermənistan, onu silahlandıran, hərtərəfli yardım edən güclər, bunu görməzdən gələn dövlətlər və beynəlxalq qurumlardan da çox aramızdakı 5-ci kolon təmsilçiləri, içlərində nökər psixologiyası, kiçiklik kompleksi daşıyanlardı.

Düzdür, cənab Prezident belələrinin varlığı, son zamanlar daha da fəallaşmağa başladıqları haqda heç nə demədi, amma elə məqamları qabardırdı ki, onlar ilk növbədə məhz həmən dəstənin muzdla çalışan qisminin gətirdikləri arqumentlərin darmadağın edilməsi, təsirləri altına saldıqlarının isə ayılmaları, milli ləyaqət hisindən mərhum haylardan fərli olaraq böyük, qüdrətli bir xalqın təmsilçiləri kimi müstəqilliyə tam haqlarının çatdığını unutmamaları üçündü.

Unutmamaları üçündü ki, əslində Azərbaycanın torpaq bütünlüyü elə onun müstəqilliyinə birbaşa bağlı məsələdir. Daha doğrusu, bizim torpaqlarımızın əhəmiyyətli bir hissəsi üzərində suverenliyimizi itirməmiz məhz müstəmləkəçiliklə üzləşməmizin nəticəsi kimi meydana çıxıb. Yəni əgər Rusiya imperiyası İrəvan xanlığını ələ keçirib ardınca da İran vəTürkiyədən hayları gətirib orada yerləşdirməsəydi, bizim torpaqlarımızda bu gün Ermənistan adlı forpost olmayacaqdı. Və biz müstəqillik qazandıqdan sonra o forpostun əliylə BMT-nin tanıdığı sərhədlər çərçivəsindəki ərazimizin daha 20 faizi işğal edilməyəcəkdi.

Tarixə nəzər salsaq, açığı belə hallar olub. Hansısa bir imperiyanın ələ keçirdiyi torpaqlarda əhalinin tərkibinin dəyişdirilməsi, belə demək mümkünsə, orada avtoxtonsuzlşadırmaya əl atılması faktları həddən artıq çoxdur,yəni o cür ədalətsizliklə təkcə biz üzləşməmişik. Amma ikinci dünya savaşında 300 mindən artıq qurban verən, elə həmən savaşın nəticəsini də onun yenə də böyük itkilər hesabına və min bir əziyyətlə çıxarıb cəbhəyə göndərdiyi yanacaq, sürtkü materialı həll edən azərbaycanlılara olunan ədalətsizliklə indiyə qədər heç bir xalq rastlaşmayıb.

Heç kimə sirr deyil ki, o savaşın sonuna yaxın, məhsəti türkləri, krım tatarları, çeçen və inquşlar sayaq bizim də yurd yerlərimizdən çıxarılıb Sibirlə Mərkəzi Asiyaya sürgün olunmamız planı vardı. Sonradan o plan məhdud və dəyişdirilmiş şəkildə olsa da reallaşdırıldı da. Soydaşlarımızın 1948-1954-cü illərdə indi Ermənistan adlanan torpaqlarımızdan deportasiyası, 1988-89-cu illərdə bu prosesin tam başa çatdırılması həmən planın davamı deyildimi? Onun ardınca Qarabağda da eyni siyasət, eyni məkr, eyni ədalətsizliklə üzşləşmədikmi?

Azərbaycan torpaqlarının işğalı, orada etnik təmizləmə aparılması və Xocalı soyqırımından danışarkən cənab İlham Əliyevin 366-cı alayın adını çəkməsi, “o alayda xidmət edənlərin böyük əksəriyyəti ermənilər idi, ancaq bu, Sovet İttifaqının alayı idi” sözlərini işlətməsi də məncə, ona görə idi ki, bizdəki yaddaşsızlar başımıza gələn fəlakətlərin haradan qaynaqlandığını anlasınlar. Anlasınlar ki, 366-cı alayın törətdiyi vəhşiliklər sadəcə tərkibində çoxlu sayda hayın xidmət etməsindən qaynaqlanmırdı, burada Dağlıq Qarabağdakı xüsusi komitənin sədri Volskinin də az rolu olmamışdı ki, o da tapşırığı SSRİ Prezidenti, “Azərbaycan xalqının cəlladı Qorbaçov”dan alırdı.

Prezidentimiz jurnalistlərimizin suallarını cavablandırarkən əsasən azərbaycanlılardan təşkil edilən, böyük itkilər verməsi səbəbindən tərkibi 3 dəfə yenilənən Taqanroq diviziyasının Rostovun azad edilməsində və Mozdokun müdafiəsində mühüm rol oynadlğını elə-belə xatırlatmırdı. Tarixin ironiyasına baxın ki, hayların Rusiyada at oynatdıqları şəhərlərin ilk üçlüyündə Soçi və Krasnodarla yanaşı Rostov da var. Və 12 iyul təxribatından sonra Ermənistana göndərilən 500 tondan artıq silah-sursat müdafiəsində minlərlə azərbaycanlının həlak olduğu həmən Mozdokdan daşındı.

Dövlət başçımız sentyabrın 19-dakı açıqlamasında Taqanroq divizyasının leytenantı Məcidovun Brandenburq qapısının üstünə Qələbə bayrağını sancması, Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsinin gecikdirilməsi faktlarına da səbəbsiz toxunmurdu.

Brandenburq qapısının üstünə Qələbə bayrağını leytenat Məcidovla əsgərləri Məmmədov, Əhmədzadə, Berejnoy, Andreyevin sancdıqları xəbərini alan marşal Jukov əmr vermişdi ki, bu haqda heç nə deyilməsin. Reyxstaqa ruslar bayraq sancsın və Berlinin alınmasının rəmzi olaraq da məhz bu fakt vurğulansın. Sonradan Stalinə görə bayraq sancanların sırasına bir gürcü də əlavə edildi.

Deyək ki, Baqramyanın general Həzi Aslanova yanaşması onun hay xislətindən qaynaqlanırdı, bəs Jukov niyə Berlinə ilk qələbə bayrağını azərbaycanlılar yox, məhz rusların sancdığının qeyd edilməsini istəmişdi. Çünki ortada “böyük qardaş” faktoru vardı və bütün məsələlərdə olduğu kimi burada da “kiçik qardaş” adlandırılsalar da, ögey övlad gözündə görülənlər kölgədə qalmalıydılar. Qalmalıydılar ki, “biz də varıq” deməsinlər, sonradan müstəqillik iddiasına düşməsinlər, o haqda düşünməsinlər. Elə o üzdən də bayraq sancanlardan birini-Məmmədovu həmən olaydan az sonra güllələmişdilər və onu gülləyən rus zabitini isə azərbaycanlımız qumbarayla partlatmışdı.

İçində kiçiklik kompleksi daşıyanlar və yaddaşsızlar üçün cənab Prezidentdən daha bir dərs onun sovet dönəmindəki Azərbaycanla indiki Azərbaycanın reallıqlarını xatırlatmasıdır. O, sovet dönəmində Bakının ən yaxşı yerlərində daha çox kimlərin yaşadığına toxunmasa da, Qara şəhərdən, Balaxanı və Sumqayıtdan çəkdiyi misallar doğrudan da ibrətamiz xarakter daşıyır.

Son bir neçə ilədək Balaxanı deyəndə ilk növbədə göz önünə zibilxana gəlmirdimi, dövlət başçımızın da qeyd etdiyi kimi Sumqayıt keçmiş SSRİ-nin ən çirkli şəhərlərindən biri sayılmırdımı, qara şəhərin təkcə rəngi yox, havası da adına uyğun deyildimi? Onların bu kökə düşməsi imperiyanın bizə müstəmləçəki, istismarçı yanaşması nəticəsində baş verməmişdimi?

İndi Sumqayıt ən çağdaş avadanlıqlarla təmin edilmiş texnoparklar, yaşıllıqlar şəhəridir, və onun bulvarı özünün funksionallığı, gözəlliyi baxımından heç də paytaxtınkından geri qalmır. Ağ şəhərə çevrilən Qara şəhər hazırda Bakının ən prestijli yerlərindən biri sayılır. Sosial şəbəkə ölkənin ən gözəl və koloritli kəndlərindən biri kimi Balaxanıdan çəkilən şəkillərlə aşıb-daşır.

Açığı mən o vaxt neftə qara qızl deyilməsinin səbəbini onun rəngində deyil, Azərbaycanda, paytaxt Bakıda qoyduğu izdə görürdüm. Həm də Qara şəhərdə, Balaxanıda, Sumqayıtda nəzərə çarpan mənzərə idi nefti bizə o rəngdə göstərən. Ona görə də Qara şəhərin Ağ şəhərə çevrilməsində, Balaxanıda ağ rəngin dominantlıq etməsində də bir rəmzlik var.

Yəqin ona da diqqət yetirdiniz ki, cənab Prezident Ağ şəhərdən və Balaxanıdan danışrakən “onların simasını mən dəyişdirdim, biz dəyidirdik” demədi. Bunu məhz müstəqilliyimizin adına bağladı. Diqqətə çatdırdı ki, qara qızılın qara tərəflərini yuyub aparan məhz o müstəqillikdir.

Azərbaycan müstəqil olmasaydı, indi ölkədə qazlaşdırma səviyyəsi Rusiyadakı 70 faizi keçə bilərdimi? Əsla və əsla yox! Ancaq indi Azərbaycan o nadir ölkələrdəndir ki, şəhər və kəndlərinin 96 faizi qazlaşdırılıb.
Sovet dönəmində bu regionda ən bərbad yol infrastrukturu məhz Azərbaycanda idi. İndi Azərbaycan özünün yol infrastrukturuna görə nəinki MDB-dəkilərdən, eyni zamanda Avropanın da çox ölkəsindən öndədir-27-ci yerdədir. Müstəqil omasaydıq, bunu edə bilərdikmi? O məktəblər, səhiyyə obyektləri ki müstəqillik illərində tikilib istifadəyə veriliblər, sovet dönəmində o işləri belə qısa vaxtda və bu miqyasada görməyə bizi qoyardılrmı? Təbii ki yox.

Mənim bu suallarım beşinci kolon təmsilçiləriylə yanaşı, həm də həyatlarının ən gözəl çağı, yəni gənclikləri o vaxta düşdüyündən SSRİ dönəmini nostaljiylə xatırlayan, arada hətta ideallaşdıran yaddaşsızlaradır. Birincilər olmasa da, ümid edirəm ki, ikincilər Prezidentimizin son açıqlamalarından özləri üçün nəticə çıxaracaqlar.
Dövlət başçımızın onlara verdiyi bir dərsə də diqqətinizi cəlb etmək istərdim. Sirr deyil ki, imperiya dövlətlərində radionun, uçuş aparatının kəşfinə yanaşmada olduğu kimi bir çox elmi və texonoloji yeniliklərlə bağlı fərqli dəyərləndirmələr var. Yəni hər kəs birinciliyi öz təmsilçisinin adına yazmağa çalışır ki, burada da ən çox güdülən məqsəd insanlarda öz xalqlarının böyüklüyünə inam aşılamaq, yetişməkdə olan nəsili oxşar addımlara həvəsləndirmək, motivasiya etməkdir.

Bizdə isə hansısa bir azərbaycanlının uğurundan danışılanda öncə buna təəccüblənilir, sonra onun kökündə nəsə axtarılır, bir xeylisi də ağız büzür, edilən kəşfin, yaxud da yeniliyin önəmini azaltmağa çalışırlar. İçində kiçiklik kmpleksi daşıyan bu adamlardan biri də dönüb fikirləşmir ki, axı azərbaycanlının, ingilisdən, almandan, yapondan nəyi əskikdir. Bu gün günyey koreyalılar adambaşına düşən elmi kəşflərin və texnoloji yeniliklərin sayı baxımından uzun illər imperiya asılılığında olduqları yaponları ötüb keçiblərsə, demək, azərbaycanlılar da bizə yuxarıdan aşağı baxan, yaxud da aşağıdan yuxarı baxdıqlarımızı belə uğurlarla təəccübləndirə bilərlər və təəcübəndirirlər də. Cənab Preizdentin Qurban Abbasovu dünyanın bir nömrəli neftçisi kimi dəyərlədirməsi, Xoşbəxt Yusifzadə qədər Xəzəri dərindən bilən ikinci bir geoloq tanımadığını vurğulaması təkcə onlarıın əməklərinə verilən qiymət deyildi, fikrimcə, həm də imperiya nökərlərinə, kiçiklik kompleksi daşıyıcılarına biz buyuq, bizim belə təmsilçilərimiz var demək idi.

O, bununla bizə ilk növbədə özümüzün özümüzü dəyərləndirməli olduğumuzu, aşılayırdı. Və gah açıq, gan da doyayısıyla çatdırırdı ki, digərləri bunu etməyəcək, əksinə unutdurmağa, yoxmuş kimi göstərməyə çalışacaqlar.
Beləliklə, biz anlamalıyıq ki, bir xalqın böyüklüyü onun sayıyla yox, müstəqilliyilə ölçülür. Müstəqillik böyüklükdür! Müstəqillik milli ləyaqət deməkdir! Müstəqillik xoşbəxtlikdir! Xoşbəxtliyin isə çox təəssüf ki, itiriləndən sonra qədrinin daha çox bilinməsi və qədri bilinmədiyindən itirilməsi kimi bir özəlliyi var.Gəlin müstəqilliyimizin qədrini bilək!

Sahib Alıyev

Millət vəkili