Erməni titrəyir, sizə nə olub?

Az qala Rusiya sülhməramlılarının Qarabağa yerli əhali köçürməsindən faciə düzəldənlər ordusu yaranıb

Azadlıq radiosunun erməni bürosu maraqlı bir süjet hazırlayıb, Azərbaycan bürosu da onu tərcümə edib. Canlı-canlı erməni respondentləri, erməni qaçqınların problemləri... Qabağına çay qoy, ləzzətlə, qabağa-arxaya fırladaraq seyr et dəfərlələ. Niyə ləzzətlə? Çünki biz 30 il bu xain millətin ucbatından daha betər problemlər yaşamışıq. Qaçqın düşərgələrində travma ilə böyüyən uşaqlar, çarəsiz atalar-analar, çadırlarda dünyadan köçən ağsaqqallar, ağbirçəklər... Haqslızlığa, ədalətsizliyə düçar olmuş 1 milyona yaxın insan... Reportajda görünür ki, kasıb, rəzil, məğlub Ermənistan qaçqınına sahib çıxa bilmir. Birinə kirayə pulu olaraq 200 dollar verir, halbuki həmin qiymətə kirayə ev tapmaq mümkün deyil. O birinin qeydiyyatı yoxdur, pul düşmür. "Qaçqınkom"larının qabağı qışqıran, bağıran insanlarla dolu. Həyasız erməni haxçiləri səslərini atıblar başlarına... “Bu, bizə lazım idi?” deyə didirlər məmurların gözünü...

Bir də dönüb bizim ölkəyə baxıram. Az qala Rusiya sülhməramlılarının Qarabağa yerli əhali köçürməsindən faciə düzəldənlər ordusu yaranıb. Tamam, rəqəm açıqlanıb və bildirilir ki, 50 minə yaxın erməni Qarabağa köçürülüb. Amma bu, rəqəmdir, quru statistika. Onların nə qədəri gerçəkdən qayıdıb, qayıdıblarsa orda qalıblarmı? Bunu bilmirik ki... Reportajın sonunda bir erməni atası deyir ki, bir kilometr aralıda türklər var, biz necə orda yaşayaq, uşaqlarımız necə məktəbə getsin? Adamlar titrəyirlər, türkün dəmir yumruğunu daddıqları heç bir ay deyil. Köçürülsələr belə, orda qalmayacaqları hər sözlərindən bəllidir. Eyni respondent bildirir ki, mənə ev-zad lazım deyil, özüm yeni ev quraram, mənə təhlükəsizlik lazımdır. Hiss olunur ki, adamlar canlarının hayındadılar. Heç rus sülhməramlısına da güvənmirlər. Çünki ondan güclüsünü görüblər – bizi görüblər. Zatən illərdir canlarında bir türk xofu vardı, indi sazaq kimi yenidən bu qorxu içlərində əsir. Nə gözəl, betər olsunlar.

Bizim bəzi çoxbilmişlər isə efirə çıxıb, “onlar köçdü, bizə yer qalmadı” havasını əsdirirlər. Halbuki bilirlər. Erməni quran-tikən deyil, son 30 ildə bunu görmədikmi? Erməni tikiləni də əlində saxlaya bilən deyil. Dağıdandır, tənbəldir, fərsizdir. Ağılları bizimkilərə gedib çoxunun. Yaşayış olmayan çöllü-biyaban bir yerdə peşmandır bir nəfər ev tiksin. Bir ay sonra ora az qala qəsəbəyə çevrilir. Ağac əkirlər, su qovşağı çəkirlər, işıq xətti... Oldu sənə yeni qəsəbə. 10 il əvvəlki Bakı ilə indikini müqayisə edin, nə dediyimi anlayacaqsız.

Hə, bir də təzə hoqqa çıxıb. “Erməni saytında belə yazılıb, xəbəriniz varmı?”

Əğstəfürullah, sanki erməni saytı Quran ayəsidir. Erməninin tarixçisi, siyasətçisi kimdir ki, jurnalisti də kim olsun? Adamlar saxta tarix, saxta siyasət, saxta kulinariya uydurublarsa, onların əlində bir klaviatura düyməsi nədir axı? Yalanı ifraz edəcəklər, yalanı qusacaqlar. Onları niyə etibarlı mənbə olaraq qəbul edib, ona istinad edək ki? Rusiya kanallarındakı debatlara çıxan şüvən, yalançı erməni jurnalistlər kimin yadından çıxıb? Ağ yalan danışıb, səslərini atırdılar rus qardaşları ilə birgə başlarına. Eyni adamlar eyni saytlarda bunu yazı formasında edirlər, bundan niyə heyrətlənirik? Bəli, onlar yalan danışır, biz iş görürük. Tenderlər udulur, yenidənqurma işləri üçün qollar çırmanıb. Prezident bütün dünyaya nümayiş etdirərək, Qarabağın işğaldan azad edilmiş rayonlarına gedir. Böyük riskdir, amma eyni zamanda böyük addımdır. Düşmənin tüstüsünü təpəsindən çıxara biləcək bütün addımları atır. Həm də ustalıqla, həm də nümayişkaranə. Qisas qiyamətə qalmaz, intiqam soyuq yeyiləndə aşdır məsəlini həyata keçirərək. Hamımızın ürəyindən tikan çıxararaq...

Hə, bu zaman ölkədə hər şey güllük-gülüstanlıqdırmı? Xeyr.

Mərkəzi Bankın yeni inzibati binasının tikinti xərci 218 milyon avrodur. Yəni, 480 milyon manat. Düşünün, bu paralarla Qarabağda necə cənnət qurmaq olar. Halbuki paytaxtda istifadədən kənarda qalan nə qədər boş bina var. Birini Mərkəzi Banka vermək olmazmı? Axı elə dünən KİVDF-nin rəhbəri Vüqar Səfərlini dövlət vəsaitini mənimsəməyə görə tutub həbs etdiniz. Axı məmurunuza bələdsiz, axı pulu görəndə tamahını saxlaya bilməyəcəyini bilirsiz... Adam sementdən oğurlayacaq. Sement olmayanda qumdan, daşdan, armaturdan... Bir şəkildə, nədənsə oğurlayacaq. Sonra o binada yaşayanın, işləyənin ürəyi ağzında olacaq ki, görəsən bu bina etibarlıdır?

480 milyon manatlıq binanı nədən tikəcəksiz axı, lənət şeytana? Divarları qızıl suyundan olacaq, ya dəstəklərini svarovski qaşları ilə bəzəyəcəksiz?

Ya da ölkədəki daha bir absurd. Demək, adamın atası icra başçısı olub, rüşvətə görə həbs edilib. Oğlu isə prokurorluğun müstəntiqi təyin edilib. Bir oğlu da məhkəmənin hakimidir. Nəticədə nə baş verir? Prokuror oğul iş istəyir, hakim oğul qərar verir. Nəticədə korrupsioner ata azadlıqda... Nə anladıq biz bu işdən? Lətifə kimi ədalət.
Ya da Operativ Qərargahın bugünkü qərarı. Baxırsan ki, bərbərxananı, gözəllik salonunu, geyim mağazasını, hətta restoranı açır. Amma məktəbi açmır, universiteti açmır. İnterneti ağlar gündə olan ölkədə uşaqları balaca telefonun qabağına həbs edib, guya dərs keçirlər. O dərslərdə dəfələrlə “kənar şagird” olmuşam, dinləmişəm. Vallah, billah, komediyadır. “A bala, məni eşidirsən?”lə başlayan dərsdə internet kəsilmələri də daxil olmaqla 10 dəqiqə normal dərs olur, ya yox. Bir dərsdə ki, uşaq istədiyi vaxt “özünü bağlayıb” aradan çıxa bilir, onun harası dərs oldu? Üstəlik, guya açılmasına qərar verilən sahələr işləmirdi ki? Hamısı da cağbacağ işləyirdi. İri geyim mağazaları müştərilərini arxa qapıdan içəri buraxırlar. Gözümlə şəxsən görmüşəm. İşçi mağazanın giriş qapısında dayanır, gələn xanımları arxa qapıdan içəri buraxır. Əksər gözəllik salonları da onun kimi. Arxa qapıdan işləyir, müştərini də arxa qapıdan qəbul edir. O gün bizim qəsəbəsəki parklardan birində kafe necə fəaliyyət göstərirdi, deyimmi? Gənclər oturmuşdu parkdakı skamyalarda, yandakı kafe də çay, ləbləbi, şokaladı gətirmişdi skamyanın yanına. Alan məmnun, satan məmnun.

Yəni ki, özümüzü aldatmayaq. Heç bir məsələdə. Sözləri olduğu kimi oxuyaq, olaylara isə nə çəhrayı, nə də qara eynəklərlə baxaq. Realist olaq, realist... Gözümüz onda açılacaq.

Sevinc TELMANQIZI