Ciddi xalqların heysiyyəti da ciddi olur Ciddi xalqların heysiyyəti da ciddi olur

Erməni xalqını təhqir jestləri

Ciddi xalqların heysiyyəti da ciddi olur

Özgəyə quyu qazanla, özgəyə mina basdıran arasında böyük fərq yoxdur, biz buna təzəlikcə bir daha əmin olduq. Ermənistan ordusunun kapitanı və giziri Qarabağda itkin düşən erməni əsgərlərinin cəsədlərini axtararkən minaya düşüb ağır yaralandılar. Təcili Qafandakı hospitala aparılsalar da, kapitan ayağını itirdi.

Ümumiyyətlə, millətlər də insanlar kimidir, boyundan hündürə tullanmaq istəyəndə həm faciələrlə üzləşir, həm gülünc duruma düşür. Keçən ilin noyabr anlaşması imzalananda ermənilərin Kəlbəcərin kəndlərini tərk etməsi üçün vaxt qoyuldu. Bundan sonra ermənilər o kəndlərdə salamat qalan, içində yaşadıqları evləri yandırmağa başladılar. Belə kəndlərdən biri Çərəkdar kəndi idi. Çərəkdar 1992-ci ilə qədər keçmiş Mardakert - Ağdərə rayonunun kəndi olub və azərbaycanlılar yaşayırdı. (Hər dəfə belə məqamlarda çətinlik çəkirik və “türk xalqı” sözünə qeyri-rəsmi qadağanı pis formada yad edirik; axı erməni sakinlərimiz azərbaycanlı deyilmi? Məsələn, “Xankəndinin erməni sakinləri” və “azərbaycanlı sakinləri” yazarkən, deyərkən özümüz-özümüzə qarşı təxribat edirik. Halbuki hamısı azərbaycanlıdır, sadəcə, türklər və ermənilərə bölünür). 1992-də biz Ağdərə rayonunu ləğv edib Kəlbəcər və Tərtər arasında bölmüşdük, nəticədə Çərəkdar Kəlbəcərə düşmüşdü. Lakin noyabr razılaşması köhnə SSRİ xəritəsinə əsasən aparıldığı üçün Mardakert-Ağdərə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə verildi. Çərəkdarda yaşayan ermənilərə bu xəbər bir az gec çatdığı üçün onlar elə zənn etmişdilər ki, bu kənd də Kəlbəcərin başqa kəndləri kimi Azərbaycan Ordusunun nəzarətinə qaytarılacaq və ermənilər yaşadıqları evlərə od vurmuşdular. Ancaq sonra ruslar gəlib kənddə post qurdular. Məlum oldu ermənilərin yaşamağa evi qalmayıb, öz əlləri ilə dağıdıb-yandırıblar. Yaxşı bir rejissor olsa bu tema ətrafında ssenari yazıb tragikomediya çəkmək mümkündür. Amma bizdə nə “gürcü kinosu” var, nə Emir Kusturitsa. Bəlkə Vaqif Mustafayev bu işin öhdəsindən gələ bilərdi, onun da başı qarışıqdır.

Ermənilərin karikatur, gülünc problemləri çoxdur. O qədər cılız işlərlə məşğul olurlar, adam lap xəcalət çəkir ki, belə mənasız toplumla düşmənçilik vəziyyətindəyik. (Adamın və millətin keyfiyyəti təkcə dostunun kimliyi ilə ölçülmür, biləsiniz). Dünyada transmilli şirkətlər var, onların dövriyyəsi, illik gəliri bəzən Azərbaycanla Ermənistanın cəmi ümumdaxili məhsulundan artıq çıxır. Həmin şirkətlər istehsal elədikləri ərzaq və qeyri-ərzaq məhsullarına bir neçə dildə təlimat yazırlar və bu zaman loqistika problemi olmasın deyə müəyyən kompakt bölgənin dillərini bir qabın üzərində qeyd edirlər. Misal üçün, tutalım sən Qafqaza şokolad yağı göndərirsən, bu, Tiflisdəki ümumi anbardan paylanır, o zaman həmin yağın qabı üzərində gürcü, erməni, rus və azərbaycanlı (yenə həmin məsələ) dillərində təlimatın olması təbiidir. Çünki anbardan məhsulu paylayanda daha bir seçimə və əlavə xərcə ehtiyac qalmır. Ancaq sən saydığını say, gör ermənilər nə sayır... Son günlər erməni siyasi isteblişmentində, mediasında müzakirə mövzularından biri, sizcə, nədir? Ağlınıza gəlməz: “Niyə bəzi şirkətlərin Ermənistana göndərdiyi mallar üzərində azərbaycanca da yazılar var?” Tələb edirlər o cür yazılar olmasın. Şəstlərinə toxunurmuş. Özlərini təhqir olunmuş sayırmışlar. Hərflərdən qorxurmuş həriflər...

Əslində o biədəb misal olmasın, “qarı şey edilib, qapı örtüləndən” sonra erməni xalqının belə heysiyyət, şərəf-ləyaqət duyğuları halına qalması yaxşı haldır. Ancaq gülüncdür. Bir neçə gün qabaq Qarabağ erməniləri Tərtər-Kəlbəcər yoluyla tikinti materialı daşıyan avtomobil karvanımızın yolunu kəsmişdilər. Karvanı müşaiyət edən rus zabitə şikayətlənirdilər: “Azərbaycanlılar buradan maşınla keçəndə pəncərədən bizə təhqiramiz əl jestləri göstərirlər. Onlara deyin belə etməsinlər”. Bunu deyən adamlar eyni gündə Füzulidə, Cəbrayılda... əsgər meyiti axtarırlar. Görəsən, hansı daha təhqiramizdir: başqa insanın yurdunu 30 il xaraba qoymaq, yoxsa maşın pəncərəsindən, misal üçün, üç barmağın konfiqurasiyasını görmək? (Mən jesti təxminən yazdım, dəqiq bilmirəm bizimkilər onlara nə göstəriblər). Ortada o boyda qırğın olub, bunlar jest dərdi çəkir.

Ciddi xalqların heysiyyəti da ciddi olur.

Zamin HACI