Almaniya 1918-ci ildə, Fransa isə 1940-da eyni yerdə kapitulyasiya aktı imzalayıb Almaniya 1918-ci ildə, Fransa isə 1940-da eyni yerdə kapitulyasiya aktı imzalayıb
  • Yazarlar
  • 22 Yanvar 2021 15:00
  •  10 214

Hitlerin tarixi revanşı

Almaniya 1918-ci ildə, Fransa isə 1940-da eyni yerdə kapitulyasiya aktı imzalayıb

Dünyanın siyasi liderləri öz rəqiblərini qıcıqlandırmaq, hətta bəzən alçaltmaq üçün çoxsaylı ağılasığmaz əməllərə qol qoyublar. Bu baxımdan Adolf Hitlerin “fantaziya”sı daha güclü olub. Məsələn, fürerin ad günündə onun qarşısına SSRİ-nin maketi formasında qoyulan tortun Bakı hissəsini kəsməsi, Stalinin adını daşıyan şəhəri yerlə-yeksan etməsi, Moskva ilə bağlı qorxunc bəyanatların səsləndirməsi ilə Hitler sovet liderlərinə həm də mənəvi zərbələr vurmaq məqsədini güdüb.

Fransızların alçaldılması üçün isə dünya iddialı Adolf Hitler daha “orjinal” variant seçib.

Məlum olduğu kimi, I dünya müharibəsində Almaniyanın məğlubiyyəti ilə bağlı 1918-ci ilin noyabrın 11-də fransalı marşal Ferdinant Foşun Kompeyn meşəsindəki mənzil-qərargahında sülh müqaviləsi imzalanıb və bu müqavilə tarixə “Kompeyn müqaviləsi” kimi düşüb. Bu, faktiki olaraq Almaniyanın kapitulyasiya aktının imzalanması idi.

Müqavilə marşala məxsus olan “Kompeyn vaqonu”nda imzalanıb. Qeyd edək ki, “Kompeyn vaqonu” 1914-cü ildə istehsal edilib və o, restoran-vaqon üçün nəzərdə tutulub. Çox keçməmiş marşal Ferdinant Foş həmin vaqonu xidməti nəqliyyatı üçün öz istifadəsinə götürüb, bir çox səfərlərə də məhz bu vaqonla çıxıb. Sözügedən müqavilədən sonra vaqon Fransada “Kompeyn vaqonu” kimi məşhurlaşıb.

“Kompeyn müqaviləsi” Almaniya tarixinə “qara” hadisə kimi düşüb və sözsüz ki, almanlar bu tarixi unutmayıblar.

II dünya müharibəsində Vermaxt qoşunları Fransanı işğal edərək rəsmi Parisi kapitulyasiya aktına imza atmağa məcbur qoyanda Adolf Hitler bu mərasimin “təntənəli” bir şəkildə keçirilməsi üçün sərəncam verib. Belə ki, o, artıq istismar edilməyən və Fransada muzeydə saxlanılan “Kompeyn vaqonu”nun tapılmasına dair göstəriş verib. Tapşırıq bir neçə günün içərsində icra edilib. Vaqonda bərpa işləri aparılıb. 11 noyabr 1918-ci ildə “Kompeyn müqaviləsi” zamanı çəkilmiş fotolar arxivlərdən tapılaraq vaqonun divarlarına vurulub.

22 iyun 1940-cı ildə “Kompeyn vaqonu” ikinci “Kompeyn müqaviləsi”nin imzalanmasına tam hazır olub və 1918-ci ildə olduğu kimi eyni yerə, Parisdən 70-80 kilometr aralıda yerləşən Kompeyn meşəsinə aparılıb.

Vaqonun qarşısında Vermaxt qoşunları fəxri qaravulda dayanaraq füreri qarşılıyıblar. Hitleri Almaniyanın xarici işlər naziri Ribbentrop, partiya üzrə müavini Qess, Vermaxtın qərargah rəisi Keytel və digər yüksəkçinli məmurlar müşayiət ediblər.

Hitler eyni kresloda, 22 il öncə marşıl Foşun əyləşdiyi kresloda əyləşib. Fransa tərəfi kapitulyasiya aktına (sülh sazişinə) imza atdıqdan sonra Hitler ayağa qalxaraq telefona yaxınlaşıb. Fürer təbliğat naziri Göbbelslə rabitə əlaqəsinə girib və nümayişkarcasına tapşırıq verib:

- “Kompeyn vaqonu” Almaniyaya aparılmalıdır, Berlinin mərkəzində xalqa nümayiş olunmalıdır. Dünya bizim nəyə qadir olduğumuzu əyani şəkildə görməlidir.

İki gündən sonra “Kompeyn vaqonu” Berlində kütləvi nümayişə çıxarılıb. Hitler vaqonun qarşısında xalqa müraciət edib, Fransanın işğal edilməsini dünyanın bütün dövrlərinin ən böyük qələbəsi adlandırıb. On gün ərzində qələbə şərəfinə Almaniyada bayram tədbirləri keçirilib.

“Kompeyn vaqonu” Berlində muzeydə saxlanılıb. Hitler bu vaqonu Almaniyanın qürur simvolu kimi dəyərləndirib, onun saxlanılmasına, qorunmasına şəxsən özü nəzarət edib.

Ancaq zaman fürerin xeyrinə işləməyib. Məğlubiyyət yaxınlaşdıqca Hitler yeni qərarlar qəbul etməyə məcbur olub. O cümlədən “Kompeyn vaqonu” ilə bağlı da fürerin göstərişi olub. Onun göstərişi ilə “Kompeyn vaqonu” Berlindən Rula şəhərinə aparılıb.

1945-ci ilin aprel ayının əvvələrində Hitler “Kompeyn vaqonu” ilə bağlı Göbbelsə növbəti tapşırığını verib: “Vaqonu yandırın, külünü torpağa basdırın”.

Füreri bu göstərişi verməyə nə məcbur edib? O, vaqonla bağlı hansı təhlükəni gözləyib?

Məğlubiyyətin bir addımlığında olan Hitler düşünüb ki, tarix yenidən bir daha təkrar oluna bilər, onu kapitulyasiya aktına imza atmağa məhz bu vaqonda məcbur edərlər. Bu qorxular və təhlükələr arasında fürer, nəhayət, fərqli bir qərar çıxararaq intihara üstünlük verib.

Müharibədən sonra fransızlar Kompeyn meşəsində memorial kompleks yaradıblar. Ancaq yandırılmış “Kompeyn vaqonu”nu bərpa etmək mümkün olmayıb. Onun əvəzində 1914-cü il istehsalı olan eyni seriyadan vaqon hazırlanıb.

İlham Cəmiloğlu