ABŞ ilk növbədə ölkəmizin regional inteqrasiya və əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edən siyasətini dəstəkləməlidir ABŞ ilk növbədə ölkəmizin regional inteqrasiya və əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edən siyasətini dəstəkləməlidir

ABŞ Azərbaycanın mövqeyini dəqiqləşdirir

ABŞ ilk növbədə ölkəmizin regional inteqrasiya və əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edən siyasətini dəstəkləməlidir

Verilən reaksiyadan belə görünür ki, ABŞ-ın Avrasiya ölkələrilə siyasətinə təsir baxımından önəmli rol oynayan beyin mərkəzi-“Atlantik Şura” Azərbaycanın öz torpaqlarının işğaldan azad etdikdən sonra regionda geniş və dərin əməkdaşlığa yol açan pax caucasica planını dəstəkləyir.

Bu plan və ölkəmizin gələckdə atmaq niyyətində olduğu addımlar haqda dünən sözü gedən beyin mərkəzinin təşkil etdiyi internet seminarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlama vermişdi.

Orada səslənən suallardan belə görünür ki, ABŞ 44 günlük savaşdan sonra regionda yaranmış yeni reallığı dəyərləndirərək ona uyğun addım atmağı planlaşdırır və bunun üçün də ekspertlər səviyyəsində də Azərbaycanın mövqeyini dəqiqləşdirir.

Azərbaycanın isə mövqeyi bundan ibarətdir ki, ABŞ ilk növbədə ölkəmizin regional inteqrasiya və əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edən siyasətini dəstəkləməlidir. Ona görə də Minsk qrupunun həmsədrlərindən biri olaraq Ermənistanı və öz ölkəsindəki hay diasporunu revanşist addımlardan çəkindirməli, onları uydurma keçmişlə yaşamamağa, reallığı düzgün qiymətləndirib ona uyğun hərəkət etməyə çağırmalıdır. Eyni zamanda Amerika həm işğaldan azad olunan torpaqlarda başladılacaq quruculuq işlərində, həm də oraların minalardan təmizlənməsində mühüm yer ala bilər.

Hayların internet “zinvor”larının “Atlantik Şura”nı tənqid edən paylaşmaları ondan xəbər verir ki, yazının əvvəlində vurğuladığım kimi deyəsən bu önəmli beyin mərkəzindəkilər də eyni fikirdədirlər. Yeri gəlmişkən, sonda onu da deyim ki, “Atlantik Şura” rəsmi Vaşinqtonun Avrasiya siyasətinin formalaşmasında yetərincə rol oynayan beyin məkəz olmaqla yanaşı, siyasi elitayla geniş əlaqələri, üzvlərinin tez-tez təhlükəsizlik və xarici siyasətlə bağlı mühüm postlara təyin edilməsilə də fərqlənir.

Sahib Alıyev,

Milli Məclisin deputatı