- Yazarlar
- 13 Fevral 2021 23:51
- 18 349
Göy gödəkçəli Kəramət
Təkbaşına bir nəşriyyatdır, fərd olsa da, korporativ brenddir
Kəraməti nə öyəcək deyiləm, nə də söyəcək.
Zaman-zaman ona daxilən acığım az tutmayıb, elə bu acıqlı məqamlarımın birində də blok eləmişəm, nə yazır, nə pozur, nə yeyir, nə içir, harada gəzir, kimi əzir, xəbərim olmaz.
O gün qohumlardan biri soruşdu, münasibətiniz necədir deyə?
Düzünü deməyə utandım, yalan da söyləmək istəmədim.
“İstedadlı adamdır” dedim, “özünü tapa bilmir” dedim.
O söylədi mənə.
Kəramətin bir göy gödəkçəsi olduğunu, soyuğa-sazağa baxmadan Elmlər Akademiyasının parkında öz kitablarını satdığını, statuslarının birində bizim Telman müəllimdən- Laçın rayonunun keçmiş prokuroru, mənim mərhum qohumum- yazdığını...
Evə dönüncə profilini açıb, göz gəzdirdim zaman tunelinə.
“Təzə gödəkçəmdə alver yaxşı getmədi, qayıtdım köhnə gödəkçəmə” qəbilindən olan bir deyimi, nə gizlədim, sızlatdı məni.
Təxminən 10 il öncə bir soyuq havada “Atatürk” parkında gəzişdiyimiz günləri xatırladım, onda elə də tanınmırdı, şümal bir gənc idi. Hədiyyə olaraq gətirdiyi kitabındakı şeirlərindən biri möhkəm tutmuşdu məni, deyəsən, bu barədə yazmışdım da. İndi o gün Böyükçölün əynindəki gödəkçə kimi o misraları da olduğu kimi xatırlaya bilmirəm, amma məğzi buydu: “Üzərinə “Şuşa” yazılmış lövhəni aşmış görüb, qardaşı soruşur, onu dikəltmək nə çətin işdir ki?”
44 günlük Vətən savaşında Azərbaycan əsgəri, zabiti, xalqı, dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə “Şuşa” yazılmış o aşmış lövhəni dikəltdi.
Hamınız gördünüz, Azərbaycan prezidenti İlham Əliyev üzərinə ermənicə isimlər yazılmış lövhələri sözün əsl mənasında ayağının altına qoyub Dağlıq Qarabağda tapdaladı.
Lentasına baxıram: O günlərdə yalquzaq deyil Kəramət, xalqdan, ordudan, dövlətdən biridir.
Qələbə xəbərlərinə sevinən, şəhid soraqlarına üzülən, Qarabağdan, Şuşadan, Laçından, Kəlbəcərdən bir parçadır.
Dirəklərimizi bərkidirik, bayrağımızı ucaldırıq, bəs insanlarımız?
Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi irili-xırdalı məmurlar tutur, tutuldu-tutulmadı, hansını silkələsən, altından milyonlar, milyardlar çıxır.
Dövləti içindən gəmirən korrupsiya mexanizmlərinin bir də ömrümüzü-günümüzü sümürməsi var.
Ömrü-günü sümürülənlərin simgəsidir Kəramət.
Əslində, o, nə mücərrəd “azadlıq” tələb edir, nə də “azadlıq adası” Amerikanı kəşf etmək üçün Kolumbun gəmisinə minmiş səadət axtaranlardandır.
İçi də, çölü də azadlıqdır bu adamın, bəzən özünə zərbə vuracaq, adını bədnam edəcək qədər cəmiyyətin ehkamlarından azaddır.
Sosial ədalət istəyir, sosial lift istəyir, sosial güvən istəyir.
İqtisadiyyat nazirimiz Mikayıl Cabbarov deyir ki, orta sahibkar təbəqəsinin əl-qolu açılmalıdır.
Düz deyir, yaxşı deyir, gözəl deyir.
İqtisadi təşəbbüs azadlığı, rahatlığı olmalıdır cəmiyyətdə.
Demokratiyanın, tərəqqiyə can atan cəmiyyətlərin canı fərdlərin planlarındadır.
İnsanların planına olan yanaşması, dəstəyi ilə yaxşı, ya pis olur hökumətlər- demokratiyanın ən mühüm göstəricilərindəndir bu.
Kəramətin planı var.
Kitab kafesi açmaq istəyir.
Kitab yazır, çap etdirir, göy gödəkçəsini əyninə geyinib satmağa gedir, digər gödəkçəsi ilə alveri yaxşı getməyəndə əvvəlki “kurtka”sının içinə girir.
Təkbaşına bir nəşriyyatdır, fərd olsa da korporativ brenddir.

Allah xatirinə, harada, hansı ölkədə var belə dirənişli adamlar?
Qıymır qazandıqlarını xərcləməyə, açacağı kitab kafesi üçün qəpiyi-qəpiyin üstünə qoyur.
Hərdən kitab kafelərinə baş çəkir, içinə-çölünə göz gəzdirir, interyerini, eksteryerini xəyalındakı məkanla tutuşdurur.
İntəhası...
Bir bank çıxıb demir ki, gəl sənə kredit verək, qur biznesini, aç kafeni...
Tutalım dedi.
Girov istəyəcək, zamin istəyəcək, min cür əlavə şərt irəli sürəcək...
Tutalım, girov istəmədi, zamin tələb etmədi, min cür əlavə şərt irəli sürmədi, Azərbaycandakı bankların ceyran belindəki kredit faizləri ilə biznesmi qurmaq olar?
O faizlərlə dolanmaq, qazanmaq, işi böyütməkmi olar?
Mərkəzi Bankımızın sədri Elman Rüstəmov neçə yüz milyona yeni bina tikir, Şuşada torpaq zəbt etmək, ərazi hasarlamaq istəyir.
Amma Kəramət kimi gənc, enerjili, planları olan istedadlı, qabiliyyətli insanlar kiçik bir dükan sahibi olmaq üçün min məşəqqətdən keçir.
Demək ki, iqtisadi təşəbbüs azadlığının maliyyə dəstəyi yoxdur cəmiyyətdə.
Demək ki, sosial liftin zənciri qırılıb, elektriki də kəsilib.
Demək ki, arxa, dayaq ola bilmir, güvən verə bilmir sərbəst bazara çıxan yoldakı idarəçilik mexanizmləri.
Kəramət də elə bunları deyir.
Deyir ki, məni bu ölkənin universiteti, bu ölkənin hakim partiyası, bu ölkənin yazıçılar birliyi, mental dəyərləri yetişdirməyib, küçələr, zirzəmilər, nisyələr, uğursuzluqlar formalaşdırıb.
Dedikləri sərf etməyəndə, içkiyə yozuruq.
"Özünü tapa bilmir" deyirik.
İmkan varmı ki, özünü də tapa binəva?
Taleh ŞAHSUVARLI