Aqşinin "Kəlləmayallaq" hekayəsini oxuyanda nədənsə Mirzə Cəlili xatırladım Aqşinin "Kəlləmayallaq" hekayəsini oxuyanda nədənsə Mirzə Cəlili xatırladım
  • Yazarlar
  • 24 Noyabr 2021 17:22
  •  15 204

Məhəmmədhəsən əminin məhvi

Aqşinin "Kəlləmayallaq" hekayəsini oxuyanda nədənsə Mirzə Cəlili xatırladım

Hərdən bəzi müəlliflərin yaratdığı obrazlar bir əsərin hüdudları ilə kifayətlənmir. Bu tip obrazların qabaqcıllarından biri kimi qarşımıza çıxan Mirzə Cəlilin Məhəmmədhəsən əmisi də Azərbaycan ədəbiyyatında bir əlin barmaqlarını keçməyən koloritli obrazın başında gəlir.

Aqşinin son hekayəsində Məhəmmədhəsən əmini illər sonra bu günə gətirmək arzusu ilk cümlələrdən duyulur. Müəllif ilk həmlə kimi obrazın ad seçimi ilə oxucunun hafizəsinə tilov atır, yaddaşını qurcalayır.

Aqşin hekayəyə Məhəmmədhəsənin əsəblərinin tarıma çəkildiyi, kəmhövsələ olduğu bir səhnənin təsviriylə başlamaqla obrazdakı dəyişikliyin ilk siqnallarını ötürür.

Mizə Cəlilin "Danabaş kəndinin əhvalatları" povestində Məhəmmədhəsən əmi haqqında düşüncələri necə idi?

"Adam kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi... Bu kasıb vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə "Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdır", əgər özündə olsa, əlüstü çıxarıb verəcək, olmasa çalışacaq hər törnən olmuş olsa, özgəsindən tapsın, sənin işin düzəlsin... Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil... Amma nə demək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb, qoymur bir yana tərpənsin".

Aqşin yeddi qız övladından sonra dünyaya daldalı gələn, əlləri üstə yeriyən oğul övladıyla birlikdə Məhəmmədhəsən əminin kədərli taleyinin davam edəcəyi hissini yaradır. Uşağın adını da bütün dərəbəyliklərin təcəssümü kimi, atüstü qoyurlar: "Dərəbəy". Məhəmmədhəsən əmi yaşananları hirslə qarşılayır. O hələ də kasıbdır, imkansızlıq belini büküb. Üstəlik, uzun illər həsrətini çəkdiyi oğul payı da "ürəyincə" olmur. Məhəmmədhəsən əmi əsəbdən mürvətinin şəninə dediyi toğlu qurbanına da çəmkirir. Heyvan bıçağa sarı getməyəndə, hələ yağlı arxasından bir təpik də ilişdirir. O qədər əsəbiləşir ki, bundan sonra "uşaq əkməyə" də tövbə edir.

Hekayənin bu hissəsində özümü daha çox Danabaş kəndində hiss etməyə başladım. Bu təpikdən sonra qonum-qonşu qurban payını yeməkdən qorxur, onu gözdən uzaq bir yerdə torpağa basdırır, xata-balanı özlərindən iraq etməyə çalışırlar. İllər ötsə də, cəhalət həmənkidir, heç nə dəyişməyib. Məhəmmədhəsən əmi üzə basılıb bir neçə şey də etməli olur; bu qəribə uşağı pirlərə, müqəddəslərə aparır, ekstrasenslərə, mollara göstərir. Amma heç biri fayda vermir ki, vermir.

Aqşin hekayənin bəzi məqamlarında Danabaş kəndi ovqatını daha da tündləşdirir.

Belə məqamlardan biri oğlunun ayaqları ilə divara dırmaşdığını görən yoldaşının bu xəbəri Məhəmmədhəsənə çatdırmaq anıdır. Aqşinin oxucunun durğun yaddaşına ikinci tilovunu atdığı bu anda Məhəmmədhəsən həmişəki yerdə eşşəyilə üzbəsurət əyləşib dərdləşir:

"Hər ikisi yenə fikir çəkirdilər; eşşək bu, Məhəmmədhəsən o biri dünyanın fikrini. Hər ikisi həmişəki kimi bir-birinin üzünə deyil, yerə baxa-baxa susurdu; eşşəyin dərdi, deyəsən, daha ağır idi, qabağına bir vedrə araq qoysan, birnəfəsə içərdi yəqin ki. Eşşəklə sahibini illərdir bu vəziyyətdə görən kəndlilər dedi-qodu yaymışdılar ki, guya, Məhəmmədhəsənin başı xarab olub, eşşəklə söhbət edir. Hamını da maraq götürmüşdü ki, görəsən, onlar xəlvətə çəkilib nə barədə danışırlar, kimin qeybətini qırırlar, kimin kürkünü yamayırlar? Görəsən, Məhəmmədhəsən eşşəyə nə deyir və eşşək ona nə cavab verir?".

Mirzə Cəlili və ədibin "Eşşəyin itməkliyi" sujeti və ştrixləri əsasında yazdığı əsəri xatırlamağa daha bir səbəb.

"Kəlləmayallaq"da da eşşək obrazı Məhəmmədhəsən əmidən uzaq deyil, ayrı düşməyib. Hətta o qədər yaxındırlar ki, dost-tanış bu eşşəyə görə Məhəmmədhəsənə bəxtəvərlik verir.

Oxucu hekayə boyunca zamanlar arasında var-gəl edir, gah Danabaş kəndinə düşür, gah kəlləmayallaq olmuş dünyaya.

Aqşin ironik bir səbəbə görə Məhəmmədhəsənin şəhərə yovuşa bilməməsi, kəndə sadiqliyi, orada yaşamağa davam etməsi detalı ilə obrazla ehtiyatla davranır, onun əsl kimliyindən bəzi cəhətlərini qoruyub saxlamağa, koloritini azaltmamağa çalışır.

"Kəlləmayallaq"da Xudayar bəyin ümumiləşmiş obrazını yaratmaq cəhdi ilə də qarşılaşırıq. Müəllif burada Xudayar bəyi katda kimi yox, müxtəlif tip insanların - youtuberlər, vloggerlər, bloggerlər, həvəskar rejissorların mövcud olduğu cəmiyyət kimi oxucular təqdim etməyə çalışır.

Növbəti cümlələrdə Aqşin Məhəmmədhəsəni bir az da ələ verir. Məlum olur ki, artıq o da zəmanə adamı olub, necə deyərlər, tamam-kamal dəyişib, dövrünə uyğunlaşıb. Əlqərəz, bu xına o xınadan deyil:

"Məhəmmədhəsənə pul təklif edərək Dərəbəyi çəkmək, danışdırmaq, dünyaya tanıtmaq istədiklərini bildirdilər; dərdli ata ürəyi buna razı olmadı, amma kasıb ata cibi ağzını açıb gözünü yumdu. Nəhayət, cib ürəyi razı saldı; beləliklə, kəlləmayallaq uşaq evə pul gətirməyə başladı, həm də bu evdə heç vaxt heç kimin yuxusuna belə girməyən məbləğdə".

Bu hissədə müəllif Məhəmmədhəsəni öyrəşdiyimiz obrazından uzaqlaşdırır, zəmanə adamı yarlığına daha da yaxınlaşdırır. Aqşin obrazı "başını aşağı salıb pul qazanmaq" mərhələsinə keçirməyinin babalını kasıblığın boynuna yazır.

Tale fərqli ölkələrdə, müxtəlif həkim otaqlarından boynubükük ayrılan ailənin üzünə gülür. Dərəbəyin fiziki fərqliliyi onun ulduzunu parladır, media bu gənci tez bir zamanda ölkənin diqqət mərkəzinə çevirir. Dərəbəyin şan-şöhrəti ailənin güzəranını dəyişir, yağ içində böyrək kimi yaşamağa başlayırlar. Ailənin taleyi o qədər dəyişir ki, Məhəmmədhəsən gənclik eşqinin badına gedib uşaq əkməklə bağlı tövbəsini pozur.

Bu eşqin meyvəsi daha bir oğul payı olur. Bu pay şöhrət parıltısı göz qamaşdıran Dərəbəyi vurur:

"Amma uşağın hörümçək kimi üç əli, üç ayağı var. Bütün gözlər, kameralar, mikrofonlar, şirkət menecerləri, sosial şəbəkə aktivistləri, youtuberlər, vloggerlər, bloggerlər, partiya sözçüləri kəlləmayalaq Dərəbəyi unudub "hörümçək” qardaşının "toruna düşməyə” tələsdilər".

Aqşin son cümlədə indiki dövrdə işıq sürətilə dəyişən gündəmi, maraqları, illərdir qanayan yaraya çevrilən ucuz şöhrət problemini dini bir əhvalata, Maidə surəsinin 27-ci ayəsinin cildinə bürüdüyü göndərmə ilə qabardır: "Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı..."

Hekayəni oxuyub bitirəndən sonra ortaya bəzi suallar çıxır; Məhəmmədhəsən əmini Mirzə Cəlilin əsərlərinin tozlu səhifələrindən çıxarıb bu günə inteqrasiya etmək hansı əşəddü-ehtiyacdan yaranmışdı?

Bəlkə biz onu bu kökdə - məişət qayğılarının cəncəlində, üst-üstə uğursuzluqların ardından və ani məşhurluqdan sonra gələn ötəri var-dövlətin içərisində, çiyninə şahlıq quşu qonmuş vəziyyətdə görməsək, daha yaxşı olardı?

Kim bilir?!

Orxan Cuvarlı